Ceyhun bəy Hacıbəyli - Bir millətin namusu

 

Bir millətin namusu

May ayı yalnız milli istiqlalımızın anım günü kimi deyil, eyni zamanda Azərbaycan-Türk millətinin düşmən tərəfindən tapdalanan və əzilən haqqının qorunması və yüksəldilməsi ayı kimi də anılır. Məşum 27 aprel hadisəsinin nəcib millətimizi nə qədər rəzalətə düçar etdiyi hər kəsə bəllidir. Bəzi fitnəkarların etdiyi əməllərə rəğmən, əvvəlcə də söylədiyim kimi, bu tarixi faciəyə səbəb olan məqamları burada xatırlamaq istəmirəm. Çünki bizimlə ünsiyyətdə olan əcnəbilərə - istər dost, istərsə də düşmən olsun - öz zəif nöqtələrimizi açıb göstərməkdən çəkinirəm. Lakin bu faciənin nəticələrini hamılıqla bildiyimizdən, hər bir Azərbaycan türkü hadisənin anılması qarşısında heyrət və nifrətini saxlamaqdan çəkinməz.

“Oldu ki, biz Azərbaycan türkləri belə asanlıqla müqavimət göstərmədən, etirazlar etmədən, zəngin və çiçəklənən məmləkətimizi bu barbarlara buraxdıq. Özümüz isə onların köləsi oluruq?

Nə baş verir ki, üzərimizdən bu qara ləkəni silmək üçün heç bir iş görmürük, bəs qürurumuz harda qaldı?! Şərəfimizə nə oldu?! Hər bir Azərbaycan türkünün, zabitinin, əsgərinin üzündəki narazılıq ifadə edən sualları bax bunu deyir...”

Bu həqiqəti belə sadə dillə söyləyən kimdir, bilirsinizmi?

İndiyə kimi özünü tanıtmaq istəməyən və məhcubanə surətdə bir küncdə oturan, Gəncə üsyanının qəhrəmanı Cahangir Bəydir. (“Azərbaycan”, №13 (92), 3- 4- 44). Bu sözləri öz adı üçün yox, minlərcə könüllü Şəhidlərimizin adına söyləyir. Gəncə üsyanı millətimizin tapdanmasına qarşı olan bir qəhrəmanlıq dastanıdır. Eyni zamanda, şəxsi mənfəətləri naminə şöhrət qazanmaq istəyən siyasilərlə Azərbaycan türkünün fərqini göstərən bir olaydır.

Hər halda, Gəncədə may aylarında axan türk qanı, - elə deyək - 27 aprel “hadisəsi” zamanı millətimizə atılan ləkəni silib götürdü. Doğrusu, verdiyimiz qurbanlar çox ağır oldu. Başqa şərtlər altında, başqa zamanda, ayrı-ayrı cəbhələrdə eyni vaxtda müqavimət göstərmiş olsaydıq, nəticə bu qədər ağır olmazdı. Lakin nə etmək olar, “ təqdiri qəza” belə imiş...

Hər halda, belə ağır qurbana amadə olan qəhrəmanlarımız tərəddüt etmədilər. Bir daha möhtərəm Cahangir bəyi dinləyək: “Biz tələf olaq, lakin düşmən də qalib gəlmədən öncə yüzlər və minlərlə ölüsünün cəsədləri üzərindən yürüsün. 28 May yalnız Milli İstiqlalımızın yaranması günü kimi yox, Vətən uğrunda Şəhid verdiyimiz gün olaraq tariximizə daxil olsun. 28 Mayda düşmən amansız mücadilə ilə ölüm və dirim savaşıyla qarşılaşsın. 28 Mayda düşmənə cavabımız ruhumuzun yüksəkliyinin, mənəvi qabiliyyətimizin simvolu olacaqdır. (“Azərbaycan”, №14 (93), 11-4-44). Canlarını vətən və millət yolunda fəda etməkdən bir an da olsa çəkinmədilər...”

Cavad xanların istehkamı olan qoca və gözəl Gəncəmizdə Azərbaycan türklərinə məxsus gələnəkləri qəhrəmancasına müdafiə edən Cahangir bəylər, Cavad bəylər, Məhəmməd Mirzələr, Hüsrəv Mirzələr, Mirzadələr, Sarı Ələkbərlər, Qaçaq Qənbərlər, Qara Mehdilər və onlar kimiləri millətimizin şərəfli əsgərləridir.

Lakin bunların heç bir partiya ilə əlaqələri yoxdur. Bu qəhrəmanlar şeflik iddiasında deyillər. Bununla bərabər, onlar öz milli vəzifələrini fədakarlıqla yerinə yetirməkdən də çəkinmədilər. Milli namusumuz yolunda şəhid olan bu qəhrəman yurddaşlarımıza ulu Tanrıdan min rəhmət diləyir, sağ qalanlara isə cansağlığı arzu edirik.

Ey qəhrəman və əziz Şəhid övladlarımız, Azərbaycan milləti dünyada tək bir azərbaycanlı türkü qalana qədər sizləri unutmayacaq.

Yatdığınız ana torpaqlarda rahat-rahat uyuyun!

Ceyhun bəy Hacıbəyli

Azərbaycan qəzeti (Meydan TV)






Fikirlər