Arzu Əliyevanın filmi Braziliyada - Foto
Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib. Tədbirdə Braziliyanın dövlət rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, akademik dairələrin, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.
Azərtac xəbər verir ki, tədbirdə çıxış edən səfir Elnur Sultanov Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli filmin faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Diplomat qeyd edib ki, filmin çəkilməsində məqsəd faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.
Səfir E.Sultanov vurğulayıb ki, çəkilişləri 14 ay davam edən sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Bildirilib ki, filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.
Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər mənfi halların davam etdiyini vurğulayaraq ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan tərəfindən iyirmi ildən artıqdır işğal olduğunu qonaqların diqqətinə çatdırıb. Diplomat filmin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb.
Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Filmin gələcəkdə də Braziliyada nümayiş etdirilməsi məqsədilə müxtəlif təkliflər səsləndirilib.