Heydər Əliyev Mərkəzi BMT-nin mavi rəngi ilə işıqlandırılacaq - FOTO


Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə dünyanın 45-dən çox ölkəsində 150-dən artıq rəmzi abidə, bina, muzey, körpü və digər əlamətdar binalar təşkilatın rəsmi rəngi olan mavi rəngdə işıqlandırılacaqlar. 

BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondu və BMT-nin Ölkə üzrə İdarə Heyətinin yaxın əməkdaşlığı nəticəsində həmin gün Bakının yeni memarlıq rəmzi olan Heydər Əliyev Mərkəzinin BMT-nin Mavi rəngində işıqlandırılacaq. Avstraliya Sidney Opera Evindan başlayaraq Misirin Qiza şəhərindəki Böyük Piramidalara gədər, Rio de Janeyro şəhərindəki İsa Məsih abidəsindən Nyu York şəhərindəki Empaer Steyt Bildinq-ə qədər dünyanın bir çox tanınmış abidələri mavi rənglə işıqlandırılacaqlar. Aksiya iştirakçıları sırasında Rusiyanın Dövlət Ermitaj Muzeyi, İordaniyanın qədim Petra şəhəri, İtaliyanın Piza şəhərindəki Əyilən Qüllə, Birləşmiş Krallığın Edinburq Qəsri və Vestminster Sarayı, Cənubi Afrikanın Teybl Dağı, Yaponiyanın SkayTri Qülləsi, İspaniyanın Əlhambra Sarayı və bir çox digər əlamətdar abidələr var.
BMT-nin baş katibi Pan Gi Mun "Sülh, inkişaf və insan hüquqlarına BMT-nin göstərdiyi dəstəyin 70 illiyini qeyd etmək üçün böyük həvəs və coşqu nümayiş etdirdiklərinə görə Üzv Dövlətlərə minnətdaram. Bir günlük dünyanı BMT-nin Mavi rənginə boyamaqla, biz daha yaxşı bir sabah üçün yolu işıqlandıra bilərik", - deyə bildirib.
Qeyd olunub ki, qlobal səviyyəli təntənə Yeni Zelandiyadan başlayacaq, sonra Avstraliyada Sydney Opera Evinin işıqlandırılması ilə davam edəcək, və nəhayət, dünya abidələri bu beynəlxalq tədbirə qatıldıqca BMT-nin Mavi rəng dalğası ölkələri və qitələri səyahət edəcək.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, bu kampaniyada iştirak Azərbaycan və bütün azərbaycanlıların BMT-nin ləyaqətli həyat və firavanlıq prinsiplərinə olan sadiqliyini nümayiş etdirmək imkanı yaradır: “Biz Mərkəzin binasını işıqlandırmaqla BMT-nin bu aksiyasına dəstək verməkdən məmnunuq".
Nyu-Yorkda ənənəvi BMT Günü konserti təşkil olunacaq və 23 oktyabr tarixindən başlayaraq 24 oktyabra qədər BMT Qərargahı iki gün ərzində mavi rənglə işıqlandırılacaq.
Qeyd olunub ki, Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incisi kimi tanınır və ilk gündən müasir Bakının memarlıq simvoluna çevrilib. Mərkəzin binası 2012-ci ildə ABŞ-ın Business İnsider jurnalı tərəfindən on ən cəlbedici yeni tikililər arasında yer alıb, Architectural Digest tərəfindən isə tərtib edilən dünyanın ən gözəl memarlıq abidələri siyahısında Heydər Əliyev Mərkəzinin binası ilk beşlikdə yer alıb. Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin “İlin Dizayni 2014” müsabiqəsinin əsas mükafatına layiq görülüb. Layihənin memarı Zaha Hadid bu müsabiqədə birincilik qazanan ilk qadın olub və nüfuzlu Pritzker Memarlıq Mükafatının laureatıdır. 






Fikirlər