BRAVO, AzTV!
«Səs Azərbaycan» kimi beynəlxalq yarışmanın ölkəyə gətirilməsi yalnız alqışa layiqdir İki həftədir yayımlanmasına baxmayaraq, AzTV-nin «Səs Azərbaycan» layihəsi cəmiyyətdə böyük rezonans doğurub. Hər kəs həftənin cümə gününü böyük səbirsizliklə gözləyir desək, bəlkə də, yanılmarıq. Bu həyəcanlı, amma insan duyğularını tərpədən yarışma ilə bağlı müxtəlif fikirlər səslənir. Onların arasında müsbəti və mənfisi var. Plüralizmin hökm sürdüyü cəmiyyətdə bu, təbii qarşılanır. Lakin «Talpa» beynəlxalq şirkətinin müsabiqə ilə bağlı irəli sürdüyü tələblərdən bixəbər olanların irad tutmasına susmaq qeyri-mümkündür. İradlar isə bundan ibarətdir: yarışma «azərbaycansayağı» keçirilmir; ahıl Mübariz Tağıyevin və azərbaycancası zəif olan Manana Caparidzenin münsiflər heyətində təmsil olunması düzgün deyil; iştirakçılar daha çox xarici dildə mahnılar oxuyur və sair. Molla Nəsrəddinin təbirincə desək, izhar edək ki, eşidib bilənlər bilməyənlərə söyləsinlər. Güman ki, «Talpa»ya məxsus bu layihənin bir çox ölkələrin ən nüfuzlu telekanallarında yayımlandığı barədə çoxları bilgilidir. Şirkətin şərtlərinə görə, müsabiqə sırf estrada janrına həsr olunmalı, xarici estrada mahnılarına geniş yer verilməli, ustadlar ölkələrində tanınmış şəxslər olmaqla yanaşı, yerli və dünya estradasını yaxşı bilməlidirlər. Üstəlik, münsiflər heyətinin bir üzvü yaşlı nəsli təmsil etməlidir. Layihənin ən müsbət cəhəti isə onun iştirakçılara qarşı təkcə ədalətli deyil, həm də xeyirxah və mərhəmətli olmasıdır. İkincisi, ölkənin iki telekanalının «Voice» yarışmasını «azərbaycansayağı» keçirmək cəhdinin fiaskoya uğraması hamının gözü qarşısında baş verib. Üçüncüsü, münsiflər heyətində Mübariz Tağıyevin və Manana Caparidzenin təmsil olunmasına qarşı çıxanların zəif arqumentlərinə «Voice»un keçdiyi tarixi yol cavab verir. Məsələn, Böyük Britaniyanın «Voice» layihəsində münsiflər heyətinə daxil olan məşhur müğənni Tom Consun 75, İtaliyanın analoji layihəsində Rafaella Karranın 72, Rusiyanın «Qolos»undakı Aleksandr Qradskinin 66 yaşı var. Hansısa ingilis, italyan və yaxud rus onların gənclərə «ekspertlik» etməsini «köhnəliyin əlaməti» kimi qiymətləndirirmi?! Şübhəsiz ki, yox! Əksinə, tamaşaçıların səsləri nəticəsində hər üç «qoca»nın «şəyird»ləri yarışmanın qalibi oldular. Heç görün, ukraynalılar «Qolos Krainı» yarışında gürcü qızı Tamara Qverdtsitelinin rusca danışmasını münsif kimi ona irad tuturdularmı? Əlbəttə ki, yox. Çünki «Voice» həm də tolerantlığın nümunəsidir. Əslində, tolerantlıq və böyüklərə hörmət bizim öz adət-ənənəmiz sayılır, çünki bu, minilliklər boyu məhz bizim xalqımıza xas olub. Odur ki, mükəmməl sənətçi və səmimi insan olan M.Tağıyevə və M.Caparidzeyə tutulan iradları anlamaq çətindir. Yada salaq ki, M.Tağıyev bir çox nəhəng ustadların fəaliyyət göstərdiyi SSRİ miqyasında estrada üzrə öz sözünü demiş nadir azərbaycanlı sənətkarlarından biridir. Səhnədə enerjili çıxışları ilə yadda qalan Mananın isə bir çoxlarından fərqli olaraq Azərbaycan ədəbi dilində danışmağa çalışması doğma dilimizdə hələ də danışmağı bacarmayan bir çox həmyerlilərimizə yaxşı dərsdir. Elə bu, «Səs Azərbaycan»ın bəzi iştirakçılarının əzizlərinə və yaxınlarına da aiddir. Amma onların əksəriyyətinin səhnə arxasında Azərbaycan dilində deyil, rus dilində danışmağa üstünlük verməsi AzTV-nin nöqsanı deyil. Ən əsası, M.Tağıyevlə M.Caparidze yerli və dünya estradasının müxtəlif janrlarına dərindən bələddirlər. Onu da nəzərə almaq lazımdır ki, estrada sahəsindəki digər yaşıdlarından fərqli olaraq M.Tağıyev ifaçı kimi formasını itirməyib. Müsabiqənin şərtlərinə əsasən isə, ustadlar öz komandaları ilə birbaşa yayımda mahnı ifa etməli olacaqlar. «Səs Azərbaycan»ın münsiflər heyətində xalq musiqisi ifaçılarının təmsil olunmaması iradı isə tamamilə yersizdir. Çünki AzTV Heydər Əliyev Fondunun dəstəyi ilə muğam televiziya müsabiqələrini keçirir. Həmin müsabiqənin münsiflər heyətində isə muğam sənətinin ən tanınmış ustadları təmsil olunur. Bəzilərinin «Səs Azərbaycan»ın münsiflər heyətinə təklif etdiyi «namizədlər» öz tələbələri ilə Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev kimi korifey sənətkarların qarşısında imtahan verməli olurlar. Həmin müsabiqənin nəticəsində muğam və ifaçılıq sənətinə onlarla yeni gənc xanəndə qədəm basıb. İndi onların sorağı bütün teleməkandan, müxtəlif konsert salonlarından və beynəlxalq müsabiqələrdən gəlir. Əminik ki, AzTV-nin «Səs Azərbaycan»ı muğam sənətindəki bu triumfu təkrarlayacaq və estradamıza yeni ifaçıların gəlməsinə və onların dünya səhnəsində ölkəmizi ləyaqətlə təmsil etməsinə səbəb olacaq. Qədirbilən və Azərbaycanın bütün uğurlarına sevinə bilən tamaşaçılar isə bu xoş niyyəti yalnız «bravo, AzTV!» kəlməsi ilə alqışlaya bilər. Cavid Qudrətzadə
AzTV-nin «Səs Azərbaycan» layihəsini həyata keçirməsi nədən təqdirəlayiqdir? Əvvəla, AzTV lisenziya əsasında beynəlxalq musiqi telemüsabiqəsini keçirir. Son illər xarici telekanallarda yayımlanan veriliş və proqramların bəsit və bayağı şəkildə «pirat»çılığından şikayətlənən teletənqidçilər və cəmiyyət bu hadisədən, ən azı, məmnun qalmalıdır.