“Zəynəb xanım da iclasda iştirak etsin” – Yeni komitə sədrindən xəbərdarlıq

 

Zeynab_Khanlarova_060412_52Milli Məclisin Mədəniyyət Komitəsinin yeni seçilən sədri Rəfayel Hüseynov komitənin iclasında iştirak etməyən deputatlara xəbərdarlıq edib.
Trend-in məlumatına görə, komitənin bu gün keçirilən ilk iclasında çıxış edən Rafael Hüseynov bildirib ki, komitənin nizam-intizam qaydalarını pozan deputatlar haqqında ciddi tədbirlər görüləcək.
Komitə iclaslarında bütün üzvlərin iştirakının zəruri olduğunu deyən R.Hüseynov əlavə edib ki, deputatların iclasda iştirak etməməsi nəticəsindı iclasın gedişatı pozulur:
“Bu, tək bizim komitənin üzvlərinə deyil, bütün deputatlara aiddir. Komitənin işinin pozulması isə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasında iştirak etməyən üzvlərə xəbərdarlıq edin ki, gələn dəfə eyni hal təkrarlansa, parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyik”.
R.Hüseynov qeyd edib ki, komitənin bu gün keçirilən iclasında deputatlardan Ülviyyə Həmzəyeva və Zeynəb Xanlarova iştirak etmir: “Ülviyyə xanım Naxçıvandan olan rəssam xanımdır. Komitə katibliyi Ü.Həmzəyevaya zəng edərək iclasa gəlməyinin vacibliyini bildirib. O isə işi olduğuna görə iclasa qatıla bilməyəcəyini qeyd edib. İnsanın həyatında Milli Məclisə seçilməkdən şərəfli bir iş yoxdur. Bundan vacib sizin üçün nə iş ola bilər?! Ona görə də xahiş edirəm ki, gələn dəfə gəlməyənlər haqqında ciddi tədbirlər görülsün. Zeynəb Xanlarovanı da hər kəsdən əvvəl tanıyıram. O mədəniyyətimiz üçün mühüm işlər görüb və çox gərəkli insandır. Zəynəb xanım da iclasda iştirak etsin və öz məsləhətləri ilə komitənin işinin inkişafına töhfəsini versin”






Fikirlər