FİKRƏT Qoca: “MEHRİBAN Vəzir mənə “YAP-ÇI ŞAİR” deyir”

 

 
 

bitmap-img6


“Senzura adamın içində olur, insanın əxlaqı, tərbyəsi, vicdanı - bunlar hamısı senzuradır”

 

 
“Yeni Müsavat”ın bu dəfəki qonağı Azərbaycanın xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocadır.
 Xalq şairi ilə elə Yazıçılar Birliyində görüşüb ədəbiyyatımızın dünəni, bu günü haqqında danışdıq, yeni nəsil şairlərdən, şeirlərdən, mənəviyyatdan söz açdıq. Müsahibəni təqdim edirik.
 
-Fikrət müəllim, əhvalınız necədir?
-81 yaşında olan kimidir. Şikayətim yoxdur. 
-Çətin deyil bu yaşda hər gün işə gəlib-getmək?
-Çətin olsa, heç vaxt gəlmərəm, buna məni heç kəs məcbur eləmir. Bu, seçkili idarədir, 5 ilə seçiblər. Harda görsəm ki, yorulmuşam, gəlmək mənim üçün çətindir, gəlmərəm. Heç nə candan əziz deyil, insana birinci canıdır. Əlbəttə keçərəm evə. Mənim işim elədir ki, bir vəzifəm var: şeir yazmaq. Onu da evdə görürəm, əgər lazımdırsa.
-Son şeirləriniz varmı, yazırsınızmı?
-Yeni şeirlərim də var, hələ yazacağım da. 
 
-Onlar əsasən hansı mövzuya həsr olunub?
-Həyatımıza, insan həyatına, insanın xasiyyətindəki dəyişikliklər, məhəbbətin çalarlarına. Çalarlarına ona görə deyirəm ki, insan da, yaşadığımız yer üzü də canlıdır. Hamısı məhəbbətlə yaşayır. Günəşə nə gəlib alışıb-yanır? Bu, məhəbbətdir. Yeri qızdırmasa hamımız donarıq. Yaxşıdır ki, bir soyuq baxışlı adam görəndə on nəfər də isti baxışlı, gülərüzlü adam görürük. Bu bizi saxlayır, qoruyur, bu bizim dərmanımızdır. 
“Mən qocalıq adlı bir şey bilmirəm”
 
-Deyirlər, ürək qocalanda insan da qocalır. Bu mənada qocalmısınızmı?
-Mən qocalıq adlı bir şey bilmirəm. O şairlərdə olmur, qızım. Çünki onlar qələm kimi yaşayırlar. Yazıb qurtaranda ölüb gedir, yox olurlar. Amma yazılanların hamısı qalır. Buna görə həm ölümsüzdürlər, həm də ölürlər. 
-Deyirsiz “Ölüm ayrılıq deyil”. Amma acı həqiqətdə ayırlıqdır axı?
-Hansı həqiqətdir o? Qızım, barama qurdu görmüsən? Baramanı necə dolayır? Yeyir kökəlir, girir baramanın içinə öz kəfənini toxuyur, onun içində ölür. Və bunun sonudur, eləmi? Bəs bir az sonra baramadan çıxan kəpənək nədir? Beləliklə, təzədən başlayır yaşamağa. Burda başqa şey yoxdur, bu fokus deyil, bu möcüzədir. Allah niyə bunu yaradıb bizə göstərir? Ona görə ki, bildirmək istəyir, sən də qəbirdən çıxacaqsan, amma nə şəkildə onu Allah bilir...
 
“Söyüşü eşidirlər, sonra da nifrət edirlər”
-Hazırda gənc şairlərin əksəriyyəti daha çox sərbəst şeir vəzninə müraciət edir. Həmin şeirlərin əksəriyyətində isə vulqar, bayağı, söyüş dolu sözlər çoxdur. Buna münasibətiniz?
-Gənclik özü şairdir. Elə bir gənc tanımıram ki, bir misra şeir ürəyindən çıxmasın. Hamı şair olur gəncliyində. Sonra bunların arasında seçilir, ələnir un ələnən kimi, kəpəyi qalır. Kəpək də deməzdim, buğdanın üzünün qabığı qalır. Şeiri yaxşı oxuyan, anlayan adam elə şairlə şərikdir. Bunların hamısı ədəbiyyata kömək edir. Ədəbiyyat isə insanın yaşamasına, insan olmasına kömək edir. Hamımız bir sənətin adamlarıyıq. Yüz nəfərdən yalnız ikisi çıxıb şair olur. 
12-ci əsrdən bir Nizamini, bir də Məhsəti xanımı tanıyırıq. Amma bilirik ki, onların ətrafında şairlər olub. Təkcə Nizami neyləyərdi?... 
Sərbəst şeir Dədə Qoquddan bəri həmişə olub. Onun öz ritmi var. 
Bu günlərdə Reyhan Yusifqızı adlı gənc yazarın kitabını  oxumuşam. O, uşaq yazıçısıdır. Elmi fantastik, riyaziyyat haqqında şeirlə, nəsrlə uşaqlara bilik verir. Elə verir ki, sanki uşağa qaşıqla yemək yedizdirir və bu uşaqların yaddaşında ömür boyu qalacaq. Bu cür gənclərdən iki əlli yapışmaq, şərait yaratmaq lazımıdr. Halbuki bunu eşidən də, oxuyan da yoxdur. Amma söyüşü eşidirlər, sonra da nifrət edirlər. Bu bizim ədəbiyyatın taleyidir.
“Elə şeylər var, satılır, eləsi var ki, satılmır”
-Kitablardan söz düşmüşkən, bəstəkar-müğənni Elza Seyidcahan qeyri-adi şeirlərini toplayıb kitab çap edəcəyini bildirir. Doğrudanmı hər şeir yazan bu asanlıqla kitab çap edə bilir?
-Mənə elə qalın kitablar gətirirlər, baxıram ki,  həyatımda belə bir kitabım olmayıb. Zərli, naxışlı... Açıram içində nənəsinin, babasının, körpəsinin, özünün şəkillərini görürəm. Əli alnında, fikirli-fikirli buludlara baxır guya, ya qıza baxır. Amma baxırsan ki, içində ədəbiyyat adında bir şey yoxdur. Belə şeylər var, olacaq da. Onlar ədəbiyyatı bazara gətirib çıxarırlar. Elə şeylər var, satılır, eləsi var ki, satılmır. Hər gələn bazardan mal almır axı. 
Ədəbiyyat tərbiyə üçündür, əylənmək üçün deyil. Hər yazıçıdan oxucuya və ya başqasına bir şey qalmalıdır. Bax bu, böyük və ciddi işdir. Ciddi işlə məşğul olan adam isə həmişə az olur. Yaxşı həmişə azdır, lakin qalib də o gəlir.
 
-Tez-tez giley edilir ki, Yazıçılar Birliyində kadr dəyişikliyi olmur.
-Tutaq ki, dəyişdi, nə olacaq? Əvvəla, kadr dəyişikliyi var. Bizim katiblərdən üçü cavandır. Çingiz Abdullayev “mən gəncəm” deyənlərin çoxundan cavandır, yazıçıdır, katibdir. İlham Fəhmi, gənc yazıçıdır, katibdir. Rəşad Məcid, gəncidr, qəzet də buraxır, eyni zamanda bizdə katibdir. Dəyişiklik olmur deyənlər özlərini fikirəşənlərdir. Çünki onları gətirmirlər. İş-güc görsünlər ki, gətirsinlər. 
 
“Dönüb partiyadan-partiyaya qonan adamlar var”
 
-“O səs Türkiyə”də Aynişanın ifasında sizin sözlərinizə yazılmış “Gəl, ey səhər” mahnısının müəllifi anonim kimi təqdim olundu. Siz buna etirazınızı bildirdiz, amma müəlliflik hüuquqlarınızın qorunmasından da imtina etdiniz. Səbəb nəydi?
-O, bizim balamızdır. Siz “Yeni Müsavat” qəzetində çalışırsız. Mən bu qəzeti müxalifət qəzeti kimi alıb oxuyuram. Niyə oxuyuram? Çünki bu mənim torpağımda çıxır. Burda yalan və ya doğru danışanı aydınlaşdırmağa çalışıram. İstəyirəm görüm kim nə deyir, qəzetləri, insanları, yazanları müqayisə edirəm. Dönüb partiyadan-partiyaya qonan adamlar var. Onlar dəyişə-dəyişə gəlibər. Hamısını da qəzetlərdə görmüşəm. Musavatda oturub deyir, “müsavatçıyam”, səhəri gün YAP-da (Yeni Azərbaycan Partiyası) oturub deyir, “YAP-çıyam”, sonra bərkə düşən kimi ordan da çıxıb Xalq Cəhbəsinə keçəcək. Adam nə qədər oynayar?
 
“Mehriban Vəzir tez-tez mənə belə deyir”
 
-Siz özünüz hansısa partiyanın üzvüsünüzmü?
-Xeyr.
 
-Amma hərdən sizi “YAP-çı şair” adlandıranlar olur, niyə?
-Belə görmək istəyənlər var. Bir xanım var, Mehriban Vəzir. O tez-tez mənə belə deyir. Mən YAP-a etiraz etmirəm, bunlar hamısı mənim vətənimdir. Xaricilər müxtəlif partiyalar yaradıb insanların arasına çaxnaşma salır, milləti bir-birinə qırdırır, dava salır, sonra isə gəlib sərvətinə sahib çıxırlar. Yetmiş il  biz qul kimi yaşadıq. Niyə onda partiyalarımız yox idi? Həmin vaxtlar neftdən bir abbası da görmədik, çünki birbaşa Rusiyaya gedirdi. Amma indi neftin qiyməti ucuzlaşan kimi hay-küy salırlar ki, ay aman, devalvasiya belə gəldi və sairə. 
İnsan təkcə çörəklə yaşamır. İnsan insanlığı, mənliyi ilə, mənliyini qoruyaraq yaşayır. Vüqarlı olmaq lazımdır. Hansısa partiyanın üzvü olanda nə qazanırsan? Ölkəmizdə hamı bir-birinə qohumdur. Cəmi heç 9 milyon da deyilik. 
 
“Evdəki atana deyə bilmirsən ki, sən pissən”
 
-Son vaxtlar gənc yazarlar bir sıra görkəmli şair və yazıçılarımızı tənqid atəşinə tuturlar, xüsusən də  Səməd Vurğunu.
-Sən gəlirsən ədəbiyyata, deyirsən Səməd Vurğun pisdir. Onda sən də çıxart buna əvəz bir şey göstər, görək sən nə etmisən?! Bundan sonra səslənən fikirlə razılaşmasam da hər halda deyəcəm ki, nəsə bilir, ona görə danışır. Bütün klassikləri, hətta Nizamini də pisləyirlər ki, fars dilində yazıb. Sən hardan bilirsən ki, o pisdir? Axı sən oxumağı bacarmırsan? Evdəki atana deyə bilmirsən ki, sən pissən. Bu hansı tərbiyədir? Bu, söyüş üstündə gələn tərbiyədir. 
 
-“Gecə yaman uzundur”... Hansı gecələr sizə zaman qədər uzun gəlib?
-Moskvada tələbə idim, onda gecə mənə uzun gəlmişdi o yaşımda. Məhəbbət dövrü idi...
“Soruşdum ki, bunu anana, bacına oxuya bilirsənmi?”
 
-Gəncliyinizdə yazdığınız şeirləri ilk kimə təqdim edirdiz?
-Gəncliyimdə və indi də birinci özümə təqdim edirəm. Yazandan sonra ona  naşir kimi baxıram, yenidən hesab, redaktə edirəm, sonra isə oxuyucuya təqdim edirəm. Çünki, şeiri çap etməmiş hər oxucunun sualına əvvəlcədən cavab tapmalıyam. Hər misraya görə mənə sual verilə bilər. Gənclər söyüş söyəndə fikriləşsələr ki, anam mənə nə deyər, belə etməzlər. Hətta birindən soruşdum ki, bunu anana, bacına oxuya bilirsənmi? Tutulub qaldı. 
“Ən çox etirafım yazdığım şeirlərimdir”
 
-80 yaşınızda bu gün nəyə təəssüflənirsiz? 
-Sizə  və bütün oxucularma da məsləhət edirəm ki, heç nəyə təəssüflənməyəsiz. Allaha şükür edəsiz ki, min bir variantda siz seçilib dünyaya gəlibsiz. Sizə imkan yaranıb, yaşayırsız. Yaşayırsız dünyanın pisliyini, yaxşılığını. Bu sizin öz işinizdir, çünki qismət budur. Ata-babalarınızın qazandığı odur. Hamısına şükür etmək lazımdır. Çalışın ki, yaxşı iş qoyub gedəsiz ki, uşaqlarınız ac qalmasın. Geri baxmayın. Ona da şükür edin ki, bədəniniz ağrıyır, bilirsiz ki, sağsız. Ölü ağrımır, diri ağrıyır. Mən səhər durub gözümü açıb görəndə də ki, canım ağrımır, qarımı çağırıram ki, “ay arvad , dur gəl gör ölməmişəm ki?“ (gülür). Ağrıyacaqsız, onun da qədrini bilin. Çünki o da canınızdandır.
 
-Nəyi etiraf etmək istərdiniz?
-Hər şeyi danışmışam. Etirafa bir şey qalmayıb. Qalan şeyləri də yadıma düşdükcə yazıram. Mənim ən çox etirafım yazdığım şeirlərimdir.
-Arxivinizdə elə bir əsər, şeir varmı ki, o bu günədək çap olunmayıb?
-Bu günlərdə bir poemamı tapıb çap etmişəm. Bu, “Mamontlar” poemasıdır. Əsər 1937-38 ci illərdən bəhs edir. Onu təxminən 1967-ci ildə klinikada yatdığım vaxt yazmışam.
 
-Bəs niyə zamanında çap olunmayıb?
-O vaxt senzura var idi. Mən də istər-istəməz bəzi şeyləri çıxartmalı idim. Görünür, istəməmişəm əsəri şikəst edim. İndi də heç bir şey əlavə etmədən verdim ki, qoy səhvlər də elə bu dövrün səhvləri olsun.
-Səmimi deyə bilərikmi ki, bu gün senzura yoxdur?
-Senzura adamın içində olur. Mənim üçün heç vaxt senzura olmayıb. Olanda əsəri qoymuşam kənara. İnsanın əxlaqı, tərbyəsi, vicdanı - bunlar hamısı senzuradır. Bu baxımdan heç vaxt insana senzura lazım deyil. Hər kəs öz vətənini qorumalıdr. Qorumaq da məhəbbətlə olmalıdır. 
-Şair Vaqif Bəhmənli nazirə tərif şeiri yazdı, buna görə töhmət aldı, sonra isə işindən istefa verdi. Bu məsələyə münasibətiniz.
-Vaqif çox istedadlı, gözəl şairdir. Mən onun xətrini çox istəyirəm. Gərək bu qədər səs-küy olmayaydı. Əgər o nazirdən razı olmasydı, yazmazdı. 
Heç kəs söyüş söyənə qiymət vermir. Əgər böyük vəzifədə olub söysən bir dəfə, iki dəfə susaqcaqlar. Üçüncü dəfə özünü söyəcəklər. 
-Xalq şairi kimi xalqımıza, insanlarımıza hansı çağırışı edərdiz?
-Unutmayın ki, siz məhəbbətdən doğulmusuz, nifrətdən deyil. Ona görə də dünyaya bu məhəbbəti qaytarın, xüsusən də öz xalqımıza, torpağımıza, vətənimizə. Onu bacarmısansa, heç olmaya mane olma! (musavat.com)
(Azertaym.az)






Fikirlər