Kayahanın həyat yoldaşı: “BAŞQA KİŞİ AGLIMNAN da KEÇMİR” – FOTOLAR

Mərhum müğənni Kayahanın həyat yoldaşı İpək Açarın gözəl səsi olduğunu çoxları bilir. Hətta Kayahan onunla bir neçə dəfə duet də oxuyub. Onların birlikdə səsləndirdikləri “Seninle her şeye varım ben” adlı mahnı bir çox cütlüyün eşq nəğməsinə çevrilib.

 

Ömrünün 22 ilini Kayahanla keçirən İpək Açar həyat yoldaşının vəfatından sonra səssizliyini qoruyurdu. Ancaq söz və musiqisi Kayahana məxsus olan “Afet oldu hasretin” və özünün imzasını daşıyan “Sevgiliye” adlı iki mahnını səsləndirən gözəl xanım, nəhayət, müsahibə verməyə razı olub.

 

İpək Açarın onunla maraqlı müsahibəsini Publika.az-ın “Şirin söhbət”ində oxuya bilərsiniz.

 

- 22 il Kayahanla birlikdə yaşamısınız. Onsuz 11 ay necə keçdi?

- 11 ay mənə çox uzun göründü. Elə bilirəm ki, 5 il keçib. Onun yoxluğunu çox dərindən hiss edirəm. Çünki biz günün hər saniyəsini birlikdə keçirən cütlük idik. Bizim işimiz də evdə idi. Studiyaya birlikdə girirdik, konsertə birlikdə gedirdik. Ona görə də, yoxluğunu hər saniyə hiss edirəm. Bu 11 ay içində həyatımdakı ən böyük dəyişikliklər yeni evə köçmək və albom çıxarmaq oldu.

 

- Niyə Kayahanla 12 il yaşadığınız evdən köçdünüz?

- O evə qızımız Əsli Könülün 4 yaşı olanda köçmüşdük. Əsli indi 16 yaşındadır. Həsrət və xatirələr o evdə yaşamağı çətinləşdirirdi. Bu qərarı qızımla birlikdə verdik. Bu evə 1 həftə öncə gəlmişik. O evdə Kayahanla birlikdə ən çox vaxt keçirdiyimiz yer olan salona girmək ağır gəlirdi. O ev mənim adımadır, kirayəyə vermişəm, indiki evimiz də kirayədir.

 

- Kayahanın ölümündən sonra sizə ən çox kim dəstək oldu?

- Nə qədər çox dostumuz olduğunu Kayahan rəhmətə gedəndən sonra anladım. Suat Suna, İskəndər Paydaş o qədər çox kədərləndilər ki… Hər ikisi mənə çox dəstək oldular. Albomumdakı “Afet oldu hasretin” adlı mahnının aranjemanını da İskəndər Paydaş elədi. Nilufər də yanımda oldu. Hər gün zəng elədi, iki-üç gündən bir gəlib halımı-əhvalımı soruşdu. Nilufərlə Kayahan küsülü idilər, ancaq onların arasındakı nifaq nifrətdən yox, sevgidən qaynaqlanırdı. İkisi də inadkar idilər. Əslində isə,  bir-birlərini çox sevirdilər. Nilufər xəstə olanda Kayahanla onun ziyarətinə getmişdik. Kayahan xəstə olanda da o, tez-tez gəlirdi. Hətta şorba bişirib göndərirdi, üzərinə yazırdı ki, “bu mütləq içilməlidir”.

 

Sezen Aksu da həyatımızın içindədir. O, ən çox Əsli Könüllə danışır. Ailəmiz, dostlarımız yanımızdadırlar. Çox şanslıyıq.

 

- İlk dəfə doğum gününüzü Kayahansız qeyd etdiniz. Qabaqdan da Kayahanın doğum günü gəlir. Onun ad gününü də qeyd edəcəksinizmi?

- Kayahan həmişə mənim üçün xüsusi ad günü sürprizləri hazırlayırdı. Onsuz ad günümdə heç nə eləmədim. Dostlar zəng elədilər, çiçək göndərdilər. Məncə, insanlar pul yox, dost yığmalıdırlar. Kayahanın ad gününü qeyd edəcəyik. Məncə, insanların öldüyü yox, doğulduğu günləri qeyd etmək lazımdır. Onu hər ad günündə yad edəcəyik.Kayahanın ad günündə, yəni, martın 29-da İstanbul Böyük şəhər Bələdiyyəsi ilə birlikdə “Yaxşı ki, doğulmusan, Kayahan” şüarı ilə anım gecəsi təşkil edəcəyik. Nilufərlə ikimiz mahnılar səsləndirəcəyik. 

 

- Niyə iki mahnıdan ibarət albom çıxardınız?

- Çünki “Sevgililər günü”ndə Kayahanla birlikdə olmaq istədim. Bu, sadəcə hisslərimlə verdiyim qərar idi. Kayahan belə xüsusi günlərdə mənə mahnı hədiyyə edərdi. O mahnılardan ikisini onu sevənlərlə bölüşmək istədim. Həm də bu dəfə mən də ona mahnı hədiyyə etdim. Ancaq 10 mahnılıq albom üzərində də işləyirik. Mahnıların hamısında Kayahanın imzası var. İskəndər Paydaşla birgə işləyirik. Yaxınlarda o da çıxacaq.

 

- Qayaxan sizin onun ölümündən 11 ay sonra albom çıxarmağınızı həqiqətən istəyərdimi?

- İstəməsəydi, bu qədər əmək sərf etməzdi. O, albom çıxarmağımı həmişə istəyib. Sadəcə, onunla birlikdə oxumaq mənə kifayət edirdi. İndi çıxaracağım albom üzərində Kayahanla birlikdə 5 il işləmişik. Əslində, bu albom o, həyatda olanda çıxacaqdı. Lakin “Kayahanın en iyileri” adlı albomunu çıxardığımız üçün mən bir az təxirə salmışdım.

 

- Birdən qarşınıza xoşlaya biləcəyiniz bir kişi çıxsa, nə baş verəcək? Onu Kayahanla müqayisə edəcəksiniz?

- İnsan könlü boşdursa, onu doldurmaq istəyər. Elə bir şey ağlımdan belə keçmir. Könlümün sahibi dünən olduğu kimi, bu gün də Kayahandır.

 

- Kayahanın böyük qızı Bəstə Açar sizi Kayahanın saxta imzasından istifadə etməkdə günahlandırmışdı.

- Məhkəmə bunun yalan olduğunu sübut etdi. Bu çox böyük ittihamdır. Kayahanın imzası saxta olmayıb. Üstəlik, xəstə olanda bir çoxlarına  zəng edərək “Bundan sonra mahnılarım İpək xanımın məsuliyyətindədir” deyib.

 

- Kayahan həyatda ikən Bəstə ilə probleminiz var idi?

- Yox. Heç bir problemimiz yox idi. Mən həmişə Bəstəyə də, onun anasına da yaxşı davranmışam. Bayramlarda bir-birimizin evinə gedirdik. Ona görə kədərlənirəm ki, deməli, bu qədər ildə məni tanıya bilməyib. Kayahan mənə, sadəcə maddi yox, mənəvi miras da qoyub. Onun mənə tapşırdığı hər şeyə sonuna qədər əməl edəcəm. Bunu Bəstə də bilir. Bu haqda çox da danışmaq istəmirəm. Çünki Kayahanın xatirəsinə hörmətsizlikdir.

  * Fotoları təqdim edirik

 






Fikirlər