Əməkdar artistdən ŞOK SÖZLƏR: " ...dedi bacım getdi Dubaya gəzməyə" — MÜSAHİBƏ

Əməkdar artistdən ŞOK SÖZLƏR: "...dedi bacım getdi Dubaya gəzməyə" — MÜSAHİBƏXalq artisti Nuriyyə Əhmədovanın vəfatından qırx gündən artıq vaxt keçsə də, aktrisanın bacıları ilə əməkdar artist Nahidə Orucova arasındakı gərginlik səngimək bilmir. 

Xalq artistinin bacıları aktrisanı onların ailə işinə qarışmaqda ittiham edirlər. Aktrisa isə bu barədə Ölkə.az-a geniş müsahibəsində haqqında səsləndirilən iddialara cavab verib:

- Nahidə xanım, xalq artisti Nuriyyə Əhmədova ömrünün son günlərini sizinlə bir evdə yaşayıb...

- (sözümü kəsir) Son günlərini yox, son on ilini mənim evimdə yaşayıb. Harada yaşamışamsa, yanımda qalıb. Bunu bütün sənət adamları, telekanallar bilir. Hətta çəkilişə efirə çağıranda ona zəng çatmayanda mənə zəng vururdular.

- Nuriyyə xanım sizinlə bir yerdə yaşadığı müddətdə bacılarından, qardaşlarından, qohum-əqrəbasından narazılıq edirdimi və bu narazılıq nədən ibarət idi?

- Narazılıq bu idi ki, iki bacısı, iki qardaşı ola-ola onların evində qalmırdı. Deməli, elə üz göstərmirdilər ki, gedib onlarda qalsın da. İndi Zaur Baxşəliyevin verilişinə çıxıb ağızlarına gələni danışırlar. Zaur da deyir ki, gəlin sizi onlarla barışdıraq. Məgər mən onlarla dava eləmişəm? Onlar məni söyüblər, el-aləm içində biabır ediblər? Zaur məgər dünənə kimi Nuriyyənin bacısını, qardaşını tanıyırdı? Dünənə kimi çox adam elə bilirdi ki, Nuriyyənin nə bacısı yoxdur, nə qardaşı.

- İndi dediklərinizdən və müsahibədən öncə söylədiklərinizdən belə anladım ki, Zaur Baxşəliyevdən də narazı qalmısınız...

- Teleməkanda yalançı, riyakarlıqla dolu olan verilişləri bağladılar və mən də sevindim. İndi Zaur bu verilişdə riyakarlıq etməyə başlayıb. Mən 37 ilin aktrisasıyam, məgər məni tanımır? Bəlkə indiyə kimi adımı hansısa qalmaqalda eşitmisiniz? Heç birində ola bilməz. Çünki dedi-qodu sevən adam deyiləm. Nuriyyə xanımın bacısı Maya birdən-birə gəldi ki, Nahidə xanım bizim ailəmizə müdaxilə etdiyinə görə, bacımın nəvəsi (Nuriyyə Əhmədovanın nəvəsi) intihar etmək istəyir. Halbuki belə şey yoxdur və o uşaq özü üçün gəzir. Zaur da deyir ki, Nahidə xanım gəlib sizdən üzr istəsin. Nəyə görə? Maya mənim ağzımı, üzümü söyüb, gedib ondan üzr istəyəcəyəm. Bütün bunlar ona görə baş verir ki, mən iş adamı gətirib baş daşı qoydurmağa söz vermişdim. Bəs sən niyə imkan vermirsən iş adamı başdaşını qoysun? Hər dəqiqə zəng edirdi ki, nə oldu başdaşı, nə oldu pul? İş adamı da deyirdi ki, sizin nə işinizə qalıb, yasınızı yola verin, mən də qəbir daşı düzəldən usta ilə danışmışam. Həmin usta hətta Nuriyyə xanımın oğlunun başdaşını qoymağa söz verdi və ustaya iki yüz manat beh verdi. Hətta sifariş belə oldu ki, Nuriyyə xanımın başdaşı qara mərmərdən olsun. Ustayla razılaşdılar ki, daş hazır olanda zəng vur, pulunu gətirim. Deməli, Maya hər gün zəng vurur ki, nə oldu başdaşı, nə oldu pul? Bu adam da həkimdir, xəstəxanada işləyir, işi var, xəstəsi var. Adama hər dəqiqə zəng vurmazlar axı. Axırda həkimə dedi ki, pulu gətir ver özümə, ustaya nə verərəm, nə vermərəm özüm bilərəm.

- Sizə nəsə demişdilər Nuriyyə xanımın bacıları?

- Yalandan deyir ki, Nahidə Nuriyyəyə hörmət etsəydi, özünü xəstəxanaya yıxıb əməliyyat olunmazdı.

- Başdaşı düzəltdirmək istəyən həkimin adını bilmək olar?

- Maya həkimin adını o qədər hallandırıb ki, mən də hallandırmaq istəmirəm.

- Nuriyyə xanımın şəxsi əşyalarını bacısıgilə təhvil verdinizmi?

- Mənim evimdə onun heç nəyi yox idi. Çünki onun ölümündən bir müddət əvvəl evimin təmirinə başlayırdım deyə, əşyalarını yığıb aparmışdı. Hətta istəsəniz Nuriyyə xanımın həyat yoldaşından da soruşa bilərsiniz.

- Yanılmıramsa Nuriyyə Əhmədova ərindən rəsmən boşanmışdı...

- Bacıları elədi də.

- Təzəlikcə boşanmışdılar?

- Bəli. Yaşayırdı da, o yaşda adam boşanar? Ərindən boşandığına görə evsiz qalmışdı.

- Həyat yoldaşı sizin evinizə gəlmişdi?

- Dəfələrlə yoldaşı ilə, uşaqlarıyla bizdə qalırdı. Onun ərindən boşanmağının səbəbkarı da öz bacıları idi. Çünki onlar ona bacı olmadılar. Bacı qapısını onun üzünə bağladı, getdi Dubaya gəzməyə. Bunları heç kim bilmir. Bəs Nuriyyənin ürəyi niyə partladı? Evimin təmirini başlayanda əşyalarını yığdı ki, gedim bacımgilə, təmir qurtaranda gələrəm. Razılaşdım. Gedəndə bacısı qapını üzünə bağlayıb ki, mən Dubaya gedirəm. Mən yayda Nabrana gedəndə evimin açarını ona vermişdim ki, qal, qurbandır sənə ev. Sən bacı mənim qədər olmadın?

- Son da bir məsələni də soruşum...

- O qədər çox şey var ki, mən bilmirəm hansını danışım? Ürəyim partlayır (əsəbi tərzdə danışır-İ.V.)

- Deyirlər ki, sağ əlin elədiyni sol əl bilməməlidir. Yəni Nuriyyə xanıma etdiyiniz yaxşılıqları nəzərdə tuturam.

- Mən düz qırx gün susdum, amma bacısı susmadı. Nuriyyə ölənə kimi niyə ortalıqda yox idiniz? İndi deyirlər ki, nə boyda nəsilik. Nə boyda nəsilsinizsə, gedin bacınızın başdaşını qoyun da. Deyirsiniz ki, Şüvəlanın yarısı bizim nəslimizdir. Bəs sağlığında niyə heç nə etmirdiniz? Deməli, sevinirsiniz də. Sevinirsiniz ki, Nuriyyə artıq yoxdur. Bax bunu deyən yoxdur, mənim də ürəyim partlayır. Xalq artistləri Şəfiqə Məmmədova, Həmidə Ömərova dəfələrlə Nuriyyəyə mənim evimdə baş çəkiblər. Mən başa qaxmıram, təki Allah bilsin.

- Son günlərdə Nuriyyə xanımla nə söhbətləriniz olurdu?

- Həmişə deyirdi ki, Nahidə, sən mənə öz bacılarımdan artıq bacı oldun, mənə onların etmədiyi yaxşılıqları elədin. Mənim qonşularım Allah şahididir. Nə tapmışıqsa bir yerdə yemişik. Əvvəl bacılarından danışmazdı, ancaq ağlayardı. Bacısı Dubaya gedəndə onu qapının ağzında qoyandan sonra danışırdı. Mənim bacımın bir yeri ağrıyanda bilmirəm nə edim ki, tez sağalsın. İndi mən onların ailəsinə nə müdaxilə edirəm? Nuriyyəni saxlamaqla ailələrinə müdaxilə etmişəm? Bacısını saxlayaydı, dili də uzun olaydı. İndi mənim dilim uzundur. Zaur efirdə deyir ki, gəlsin, Nahidə sizdən üzr istəsin. Nəyə görə?

- Verilişdən sonra bu barədə Zaurla danışdınız?

- Verilişdən əvvəl danışmışdım. Ondan sonra Zaurla nə danışım? Demişdim ki, özümü pis hiss edirəm və əgər sən onları dəvət edəcəksənsə mən gəlməyəcəyəm. Nuriyyə sağ idi, onları da tanıyırdım. İndi onlar kimdir mənimçün? Nuriyyənin bir bacısı ağladı ki, sənə qurban olum bunun yasını verməyə imkanımız yoxdur. Yaxın dostum iki cümə axşamının ərzaqını gətirdi, yüz manat pul verdi. Bəs bunları niyə demirlər? Zaur ona sual verir ki, bəs həmkarlarından sizə heç kim kömək etmədi? Deyir ki, heç kim heç nə etməyib, hamısını özümüz etmişik. Mədəniyyət və Turizm Nazirliyindən mənə zəng vurdular ki, bizim adımızdan, kinostudiyanın adından min manat pul ayrılıb, götürüb verin ailəsinə. Özüm imza atıb min manatı götürüb bacısına vermişəm. Aktyorlar yasa gəlib ovcuna pul basırdılar, bu kömək deyil, nədir? Adam bu qədər nankor olmaz axı. Yaxşı, cəhənnəmə mənim əziyyətimi danırsınız, hökumətin, nazirliyin elədiyini niyə demirsiniz? Niyə sağ ol demək istəmirsiniz? İndi deyirlər bizim ailə işimiz? Mənə sizin ailəniz lazımdır? Mənə Nuriyyə lazım idi. O mənim dostum, qulaq yoldaşım idi (kövrəlir ağlayır). Mənim əziyyətimi onlar yerə vururlar, adımı hallandırılar. Axı buna mənim qızım, keçmiş həyat yoldaşım baxır...






Fikirlər