HƏYAT YOLDAŞI FUAD POLADOVUN son vəsiyyətini AÇIQLADI

Ötən həftə dünyasını dəyişən xalq artisti Fuad Poladovun həyat yoldaşı Gülüstan Poladova musavat.com saytına müsahibə verib.

AzerTaym.az xəbər verir ki, o, müsahibəsində mərhum aktyorla ilk tanışlığından söz açıb: "İncəsənət Universitetindən tanışlığımız başlayıb. İkimiz də orada işləyirdik. Münasibətlərimiz son dərəcə rəsmi idi. Günlərin birində baxdım ki, işdən gec çıxmaq lazım gələcək, qaranlığa düşəcəm. Özlüyümdə dedim, "görəsən necə gedəcəm?” Gözləmədiyim halda qayıtdı ki, "sizi ötürərəm, Gülüstan xanım”.
Mən bir az konkret və sərt cavablı adamam. Kəsə cavab verdim ki, "ehtiyac yoxdur, sağ olun”. Sonra iş yoldaşlarımız bir stol arxasında əyləşib qızğın mübahisə edirdilər. Xanımlardan biri bərkdən dedi: "Gülüstan, gəl yaxın otur ki, görəsən məni”.
Sözün deyilişini bir az bəyənmədim, düzü, cavab verdim ki, "sizi elə aralıdan da yaxşı görürəm, narahat olmayın, danışın”. Bu iki hadisədən sonra yaxınlaşdıq biz Fuadla. Heç nə demədən, bir də gördüm, ciddi bir münasibətə keçib söhbətlərimiz. Sonra münasibətini bildirdi. Biz nişanlandıq və nikah bağladıq qısa zamanda. İki aydan da sonra toyumuz oldu”.
Xanımı aktyorun son zamanlar gərgin olmasının səbəblərinə də toxunub: "Azdramadan getmişdi. Qəbul eləyə bilmirdi haqsızlığı. Az sayda mübarizə aparmağı bacaran adamlardan idi. Haqsızlıq görəndə onu susdurmaq qeyri-mümkün olurdu. Son tamaşasını oynayıb gedirdi sevdiyi səhnədən. Mən sonradan eşitdim, həmkarları deyir ki, onun səhnəyə son baxışı çox dəhşətli olub. Tamaşa bitib, hamı başına yığılıb sağollaşmaq üçün, o isə çox kədərli və diqqətli baxıb səhnəyə. İndi deyirəm, kaş Allahın altında biləydim o anda nə düşünmüsən, ay Fuad? Bəlkə də deyib ki, çətin bir də görüşək, əlvida!.. Düzdür, o gedişdən sonra Fuadın Rus Dram Teatrında gözəl rolları olub, amma mənim üçün onun bütün gərginliyi Azdramadan gedəndən sonra başladı. Adam elə bil düşdü. Amma bu mövzularda həmişə susurdu. Bir söz soruşanda da dönüb üzümə baxırdı. Anlayırdım ki, deyir, soruşma, sənin nəyinə lazım?... Daha dinmirdim mən də”.
G. Poladova F. Poladovun son vəsiyyətini də açılayıb: "Deyirdi, Azdramadan götürülməyimə yol vermə, hər hansı başqa yerdən də, evimdən, ancaq evimdən çıxar məni. Birdən gəlib sənin "saqqızın oğurlayarlar”, birdən kiməsə əl açarsan, birdən nədəsə mən qoyduğum qaydanın əksinə gedərsən, birdən kimsə nəsə verə bilər, yollayar, bax a, deyirdi, Gülüstan, bax, məzarımda tərs dönərəm, halal eləmərəm heç nəyi”.
F.Poladov eyni zamanda qəbir daşına şəkil qoydurmamağı da vəsiyyət edib. Həyat yoldaşı da buna əməl edəcəyini açıqlayıb.






Fikirlər