“Onsuz da, mən itirdiyimi itirmişəm...” - Nüsrət Kəsəmənlinin xanımı
Mərhum şair Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənlinin “Qafqazinfo”ya müsahibəsinin II hissəsi. Müsahibənin I hissəsi BURADA – Üç sənət mühitinin içində olub Nüsrət Kəsəmənli: Kino aləmi, ədəbiyyat mühiti və indi dəbdə olan ifadəylə desək “şou-biznes dünyası”. Ölümündən sonra bu üç mühitdən olan dostları, həmkarları arasında hansılar daha etibarlı oldu? – Şou-bizneslə onun əlaqəsi mahnılarla bağlı idi, şeirlərinə yüzlərlə musiqilər bəstələnib. Bir də görürdün bəstəkarlar hansısa şeirə görə zəng eləyirdilər, görüşürdülər. Hesab etmirəm ki, ədəbi mühitdən etibarlı dostları vardı, ancaq sizin dediyiniz o şou-biznes mühitindəki dostlarının əksəriyyəti ilə bu gün də ünsiyyətimiz var. Şou-biznesdəki dostları daha etibarlı çıxıb. Biz bu gün də çətin günümüzdə, xoş anlarımızda onları yanımızda görürük... – Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu üç dost olublar. Bu dostların sonradan aralarında yaranan soyuqluğa səbəb nə olub? – Mənimçün indi bu şeylərin heç bir əhəmiyyəti yoxdur. Onlar elə dost olublar ki, hətta məzuniyyətlərini də eyni vaxtda götürürdülər, birgə istirahətə gedirdilər. Bütün günlərini bərabər keçirirdilər. Nüsrət il yarım xəstə yatdı, biz onların birini qapıda görmədik. Ancaq ölümündən sonra elə adamlarla tanış olduq ki, Nüsrəti və ailəsini yüksək qiymətləndirdilər, qeydinə qaldılar, uşaqlarına dayı, əmi kimi dayaq durdular. Fəqət Nüsrətlə bir qabdan yemək yeyənlər, elə bil, Nüsrətin ailəsini tanımırlarmış. Nüsrət öləndə ağlayanlar, kaş onun sağlığında gülərüzlə gəlib qapısını açaydılar. Mən hiss etdim ki, onların dostluğu möhkəm dostluq deyilmiş, bu fikrimi Nüsrətin sağlığında özünə dedim. O mənə cavab qaytardı ki, dostlarımı məndən yaxşı tanıyırsan? Dediklərim təsdiqini tapdı. Xəstə olanda yenə dedim ki, pis günündə heç biri görünmədi dostlarının. Onda da dedi ki, sən elə istəyirsən məndən “peşmanam” sözünü alasan, ancaq o sözü dilə gətirməyəcəyəm, çünki peşmanlıq mənim üçün ikinci məğlubiyyətdir. Yaxşı ki, o hamını tanıyıb köçdü dünyadan... – Həyatdan zövq almağı bacaran adamlar, adətən, xəstəlik vaxtı dəyişirlər, Nüsrət müəllim yorğan-döşəkdə olanda xaraktercə kövrəkləşmişdimi? – Hə, çox kövrək olmuşdu, filmə baxırdı ağlayırdı, bir hadisə danışırdılar gözləri dolurdu. Əvvəllər elə kövrək deyildi. Sonra başqalarından eşitdim ki, belə xəstə insanlar həssas olurlar. Büruzə vermirdi, amma görünür, öləcəyini düşünürmüş. İrana gedəndə qardaşımı çağırıb deyib ki, xəstəxanaya gedirəm, ola bilər qayıtmayım, uşaqlardan muğayat olun. Bu hadisəni mənə Nüsrətin ölümündən sonra qardaşım danışdı.
Ölümündən illər öncə “Ölümə gedən yol”, “Allaha tərəf”, “Ölümə tərəf”, “Hazır qəbirlər”. “Qapamayın gözlərimi” və s. ölümlə bağlı şeirlər yazıb. Ölümə hazır idi, dünyanın hər üzünə görmüşdü. Əməliyyata aparanda gördüm zəndlə üzümə baxır, gözlərini çəkmir. Beş dəqiqə keçdi, on dəqiqə keçdi, gördüm baxır. Bir azdan qayıdıb gəldi. Dedi qaldı birinci günə getməyim. Dedim bayaq niyə elə baxırdın, qorxursan əməliyyatdan? Dedi hə, qorxuram. Dedim nədən qorxursan, sənin kimi o qədər adam əməliyyat olunur ki! Cavab verdi ki, vallah, ölümdən qorxmuram, sizinçün qorxuram, qarşıda çətin günlər gözləyir sizi, öhdəsindən necə gələcəksən? Bir də dilə gətirdi ki, demirəm tam sağalım, Allahdan möhlət istəyirəm, səni aparıb çoxlu gəzdirim, sonra yenə bu yatağa düşməyə razıyam. Dedim narahat olma, sağalacaqsan, hər yeri gəzəcəyik. Ancaq vəziyyəti ağırlaşanda dedi ki, yadındadırmı, demişdim səni aparıb gəzdirəcəm, deyəsən, arzularım gözümüzdə qalacaq... – Özündən sonra hansı həlliçətin, müşkülüçözülməz problemlər sizə “miras qaldı”? – Onun yoxluğu ən böyük çətinlikdi. Bütün o çətinliklərin içində mənə kömək edənlər oldu. Qardaşlarım mənə arxa-dayaq durdular. Şükür ki, qarşımıza yaxşı insanlar çıxdı. Hər gün evdən işə piyada gəlirəm, yol boyu ürəyimdə Nüsrətlə danışıram, bir an olsun yadımdan çıxmır. Lap xəstə olaydı, ömrüm boyu qulluğunda durardım, təki yaşayaydı, uşaqlar atasız qalmazdı, hər işin öhdəsindən gələrdim, təki sağ olaydı. Hərdən də şükür edirəm ki, 30 il bir yerə yaşadıq, ancaq xoşbəxt yaşadıq, adamlar var 50 il bir yerdə ömür edirlər, ancaq 50 gün xoşbəxt ola bilmirlər. – Əksər şöhrətli adamın ad-sanından, dəbdəbəli günlərindən onun ailəsinə də pay düşür. Yəni o şöhrətli adama görə o ailəyə də bir ayrı diqqət, qayğı olur. Nüsrət Kəsəmənlinin ölümündən sonra həyatınızın axarının dəyişdiyini, az da olsa diqqətdən kənarda qaldığınızı müşahidə etmisinizmi? – Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyirəm, bura ilk və son iş yerimdir. Ömrümün illərini bu təhsil ocağına bağlamışam, el arasında bir deyim var: “baba ocağı”, elə bil ora da mənim “baba ocağım”dı. Tələbələr qruplara bölünəndə, mühazirə müəllimi kimi məni təqdim edib ad-soyadımı deyəndə uşaqlar əl çalır, sevinirlər. Çünki onların böyük əksəriyyəti Nüsrətin şeirlərinin aşiqidi. Bir dəfə zarafatla onlara dedim ki, siz o qədər belə hərəkət edəcəksiniz, axırda məni auditoriyaya qoymayacaqlar. “Nəsimi” filmində necə deyilir: “Dövlət bəyin ölüsü də gözəldi”. Nüsrət Kəsəmənlinin vəfatı da mənim üçün əzizdir, ona və ailəsin olan biganəlik, yaxud bilərəkdən azalan diqqət, bunlar hamısı onun istedadına görə idi. İstedad çox adama düşmən qazandırıb. Nüsrət nə birincidi, nə də sonuncu. Onsuz da, mən itirdiyimi itirmişəm, ən böyük təskinliyim odur ki, qarşıma Nüsrət çıxdı, həyatımı onunla yaşadım. Nüsrətdən sonra mən də dəyişdim, əvvəlki kimi ola bilmədim. Hərdən deyirəm, İlahi, gör necə istək qazandı bu, lap əbədiyaşar oldu...
– Bu yaxınlarda Nüsrət Kəsəmənlinin şeir dəftərlərinin hərraca çıxmasıyla bağlı bir xəbər oxudum. Düzü, şeir dəftərindəki sahmana, xəttin səliqəsinə baxanda hansısa şairin belə uşaq ustufuyla yazdığı dəftərinin olmasına təəccüb qaldım... – Nüsrətin şeir dəftərləri evdədir, məndədir. O qədər də xırda hərflərlə yazıb ki, oxumaq çətindir... Həmin yazıların üstündə çox işlədim, çap olunanlarla, işıq üzü görməyənləri ayırdım. Həmin dəftəri kim hərraca çıxarıb bilmirəm, ancaq bildiyim odur ki, Nüsrətin xətti deyil o. Onun yazıları ürək stenoqramına oxşayır. Nüsrətin heç bir dəftəri evdən başqa yerə aparılmayıb. Görün, Nüsrət necə şairdir ki, onun olmayan şeir dəftərini də hərraca çıxarırlar (gülür). – Ümumiyyətlə, başıbəlalıdır onun şeirləri: gah oğurlanır, gah icazəsiz çap edilir... – Kitablarını icazəsiz çap etdirmək probleminə görə 3 dəfə məhkəməyə müraciət etmişəm, qalib tərəf olmuşam. Nüsrət 2003-cü ildə vəfat edib, pirat kitabsa 2005-ci ildə işıq üzü görüb, məhkəmədə kitabın redaktoru üstümə qışqırdı ki, müəllif bizimlə müqavilə bağlayıb, pul köçürülüb. Soruşdum ki, müəllif nə zaman gəlmişdi sizinlə müqavilə bağlamağa? Dedi 2005-ci ildə. Özümlə Nüsrətin ölüm şəhadətnaməsini aparmışdım, göstərdim, dedim ayıbdı, utanmırsınız, 2003-ci ildə vəfat etmiş adam, 2005-ci ildə sizinlə necə müqavilə bağlayıb? Çarəsiz qaldılar... Bundan başqa, Gülhanə Əliyeva adlı bir qız Nüsrət Kəsəmənlinin şeirlərini öz adına çıxıb, kitaba 30 nəfər rəy verib, heç biri nəşrə baxmayıb ki, çap edilən kimin əsərləridir. Axırda Müəllif Hüquqları Agentliyi işə qarışdı, o xanım mətbuat konfransı keçirdi, dedi üstümə niyə düşürsünüz, nolub, Nüsrət Kəsəmənlinin evinə girib oğurluq eləməmişəm ki, şeirlərin oğurlamışam da?! Onun bu sözlərindən lap hiddətləndim, məhkəməyə müraciət edəcəkdim, çox yerlərdən xahiş elədilər, həm də fikirləşdim ki, bir Azərbaycanlı qızını necə məhkəmə qarşısına çıxarım, fikrimdən daşındım... – Bəzən düşünürlər ki, Nüsrət Kəsəmənli oxucularını nəzərdə tutub yazıb, ürəklərə yol tapmaq azarında olub. Sizcə, o, oxucularının zövqünə hesablaşırdımı? – Xeyr, ürəyindən nə gəlirdisə onu yazırdı. Kiminsə marağına hesablamırdı şeirlərini. Kitabın satılacağı barədə də düşünmürdü. Bu yemək hazırlamaq deyil ki, kiminsə zövqünə hesablayasan. Günü bu gün də Nüsrətin şeirləri dillər əzbəridir. Bir də görürsən tələbə icazə istəyir, getmək istəyini əsaslandıranda, yerdən o biri tələbələr qayıdır ki, “getmək istəyirsən bəhanəsiz get”. Yaxud “Biri vardı, biri yox” şeirini insanlar həyatın ən müxtəlif məqamında xatırlayır... O, sevgi şairi idi. Özü müsahibələrinin birində vurğulayır ki: “Mənə məhəbbət şairi deyirlər, etiraf edim ki, bu ad mənim xoşuma gəlir. Çox şükür ki, “saray şairi” demirlər.
Beşiyim başında layla çalanda, Sonra birdən-birə şöhrətlənmişdi, həyatı yaxşılaşmışdı, cibi pul görmüşdü. Maddi vəziyyətinin düzəlməsi onun xarakterində fərqlilik yaratmışdımı? – Valideynləri ayrılmışdılar, hər ikisi yenidən ailə qurmuşdular. Nüsrəti nənəsi böyütmüşdü. Ancaq Nüsrətin həm anası, həm də atası ilə ünsiyyəti, münasibəti vardı. Biz rayona onun anasıgilə gedəndə, atalığı bilmirdi neyləsin, o günlər ərzində bizim başımıza fırlanırdı, öz oğlanlarından daha çox Nüsrətlə fəxr edirdi. Allah ona gözəl ögey ana və ögey ata vermişdi. Rəşad anadan olanda qayınatam gəlib uşağı apardı, ögey nənə Rəşada o qədər gözəl qulluq edirdi ki... Bir də Rəşad məktəbə gedəndə gətirdik evimizə. Tələbə olanda nənəsi Nüsrətə təqaüdündən göndərirmiş. O deyirdi ki, həyatda üç nəfərə borcluyam: məni boya-başa çatdıran nənəmə, əlimi çörəyə çatdıran Nəsir İmamquliyevə və həyatda hər çətinliyimə dözən xanımıma. Maddi imkanı düzəldikcə Nüsrət yaxşı mənada dəyişdi. Elə bil, gözləyirdi ki, bir imkan düşsün, kiməsə yaxşılıq eləsin. Çox adama əl tutub, kimin nə əyər-əskiyi olurdusa, bacardığını əsirgəmirdi. Atasız qızın cehizinə kömək eləmişdi, televizoru yanan bir ailəyə bayramda televizor aldı, dedi bu da sizin bayram payınız. Bu onun çoxsaylı xeyirxahlıqlarını ən adiləridi. İmkanı olandan sonra xarakterində fərq yaransaydı, o cür içdən gələn şeirləri yaza bilməzdi. O düşünüb yazan şairlərdən deyildi, qəfildən görürdüm ki, bir kənara çəkilib nəsə yazır, bir neçə dəqiqədən sonra gəlib deyirdi ki, artıq bir şeir hazırdı... – Məktəb vaxtı sürücü olmaq istəyirmiş, ona görə orta məktəbdən çıxıb, sonra yaşıdları universitetə qəbul olub, tətil vaxtı Bakıya gələndə onunla danışmaq istəmirlərmiş, aralarında düşüncə uçurumu yaranıbmış, buna görə də qarşısına məqsəd qoyub ki, o da həmyaşıdları kimi təhsil alsın. Ancaq sürücülük eşqi heç vaxt azalmayıb, “özü-özünə sürücülük” edirmiş, yəni maşın aludəçisi olub... – Babası sürücülük məktəbində dərs deyib, həmişə həyətlərində maşın görüb, maraq göstərib. O, məktəbi bitirəndən sonra ailələrinin maddi vəziyyəti ağır olduğuna görə sürücü kimi çalışıb, sonra həmyaşıdlarının təhsil arxasıyca getdiyini görüb deyə universitetə sənədlərini verib. Hə, maşına marağı vardı, imkan düşən kimi təzələyirdi, mən onun belə işlərinə qarışmırdım.
– Qarabağ hadisələri ilə bağlı nə düşünürdü, bu problemin həllinə ümid edirdi? – “Azərbaycan torpağı”, “Cıdır düzü”, “İsa bulağı”, “Yaddan çıxmaz Qarabağ” adlı poetik əsərləri var. İnanırdı ki, hər şeyin gec-tezi var, qayıdacağıq torpaqlarımıza. Ancaq onu narahat edən iki məsələ vardı: bir prosesin uzanması, bir də düşünürdü ki, görəsən, bir də biz ermənilərlə görüşə bilərik? Yəni dəfələrlə başımıza belə hadisələr gəlib, görəsən, bir də biz onları bağışlayarıq? Mənim qardaşım 28 yaşından Qarabağ əlilidir, 2 gözündən olub. Yəni əksər ailələr o vaxtı bəlalar çəkdilər. Nüsrət bu məsələləri dərindən fikirləşirdi. Düşünürdü ki, onlarla əbədi düşmən olmaq lazımdır. Nəvələrini şəhidlər xiyabanına aparırdı, ermənilərin, rusların xalqımızı qırmasından, şəhidlərin qəhrəmanlığından danışırdı. Uşaqlar tam başa düşmürdülər, amma Nüsrət buna baxmayaraq, həmin hadisələri onlara danışırdı. – İmkanları reallaşdırmaqla bağlı hərənin taleyi bir cür gətirir. Yəni elə adam olur ki, “sonra yazaram” deyərək illəri yelə verir, eləsi olur “yazsam hamıdan yaxşı yazaram” ümidi ilə saç ağardır, eləsi də olur ki, vaxtını tamam başqa işlərə xərcləyir, yaradıcılıq qalır kənarda. Bütün bunları nəzərə alanda, sizcə, Nüsrət Kəsəmənli kim ola bilərdi, ancaq kim oldu? – Mən Nüsrəti tanıyan gün də şair idi, dünyadan da şair kimi köçdü. Onun ən böyük vəzifəsi şairlik idi. Elə bil, şeir yazmaq üçün yaradılmışdı. O cür təfəkkürlə doğulan insan başqa işlərlə məşğul ola bilməzdi. İranda əməliyyatdan sonra vəziyyəti ağırlaşanda nəzarətsiz qalmasın deyə həkimlər növbəylə işləyirdilər. Həkimlər məəttəl qalırdılar ki, heç bu adamın ağzı yumulmur, bir belə ağrıyla durmadan şeir deyir. Axırda gəlib ağzını tuturdum ki, bəsdi, olmaz axı sənə bu qədər danışmaq. Axı o şeirləri oxuya-oxuya nələrisə xatırlayırdı, hanısa hisləri yenidən keçirirdi, hansısa fikir onun yadına təzədən düşürdü, həyəcanlanırdı, bütün bunlar isə ona ziyan idi. Mənə elə gəlir, o təpədən-dırnağa şair idi, ona görə də inanmıram ki, başqa sahədə şairlik qədər uğur qazana biləydi... Fərid HÜSEYN
- Bir şeirində deyir:
Bayatı hicranı dilimdə qaldı.
Ürəyim bir ata-ana yanında,
Əllərim nənəmin telində qaldı.
Nüsrət Kəsəmənlini nənəsi saxlamışdı, ehtiyac içində böyümüşdü. Uşaqlığını belə xatırlayırdı: “Kasıb dolandığımız üçün həmişə yaxşı oyuncaq, təzə paltar, ən azı bir rezin top həsrətində olmuşam. Mənim çox az hallarda təzə paltarım olurdu, həmişə qohum-əqrəbanın astarı üzünə çevrilmiş, əynimə bir az böyük olan paltarlarını geyinmişəm. Qəribədir ki, buna da sevinirdim”.
Xüsusi olaraq “Qafqazinfo” üçün