MƏŞHUR BƏSTƏKARIN nəşi soyumamış MƏZARI DƏYİŞDİRİLDİ - SƏBƏB...
Kimi Tahir Əkbərin ailəsini, kimi nazirliyi qınadı.... Mədəniyyət və Turizm Nazirliyi: “Vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib” Martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin nəşi soyumamış məzar yerinin dəyişdirilməsi böyük qalmaqala səbəb oldu. İnsanlar bu xəbərə inanmaq istəməsə də, sonradan bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər aznyus.az saytına danışaraq məlumatı təsdiqləyib. O, bunun səbəbini bəstəkarın ona layiq olmayan yerdə dəfn olunması ilə izah edib. “Tahir müəllimi ona layiq olmayan yerdə dəfn etdilər. Həmin vaxt orada insanlar vardı və onun harada dəfn olunduğunu gördülər. Mən həmin insanlara hörmət əlaməti olaraq susdum və gözlədim ki, dəfn işi yekunlaşsın. Sonra Tahir müəllimin meyitini oradan çıxartdırdım və özünün vəsiyyət etdiyi yerdə dəfn etdirdim. Tahir müəllim sağlığında demişdi ki, əgər görsən ki, məni adıma, sənətimə layiq olmayan yerdə dəfn ediblər, məni oradan çıxart, atamın məzarında dəfn elə. Səndən son istəyim budur. Mən də baxdım ki, Tahir müəllimi adına, sənətinə layiq olmayan yerdə dəfn ediblər. Ona görə onu orada qoya bilməzdim”. Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov “Yeni Müsavat”a danışaraq qeyd edib ki, dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri qurum həyata keçirib:
"“Təzəpir" məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik”.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova da “Yeni Müsavat”a danışaraq, bəstəkara daim layiqli dəyər verildiyini vurğulayıb: “Tahir Əkbərə qarşı həmişə bəstəkarlar tərəfindən böyük ehtiram olub. O, istedadlı bəstəkar idi, yaradıcılığı çoxşəxəlidir, bunu heç kəs inkar edə bilməz. Tahir Əkbər yaradıcılığında instrumental əsərlərə çox müraciət edib. Buna baxmayaraq, hər kəs onu daha çox mahnıları ilə tanıyır. Onun mahnıları bizim çox tanınmış şairlərin sözlərinə yazılıb və tanınmış müğənnilər tərəfindən sevə-sevə ifa edilir.
Xəstəliyi ərəfəsində bildiyim qədər Aybəniz Haşımova, Nuriyyə Hüseynova və başqaları ona qarşı çox böyük diqqət göstərib, ailəsi ilə sıx əlaqə saxlayıblar. Düşünürəm ki, insan üçün fərq etməz ki, vəfat etdikdən sonra harada dəfn olunacaq. Yəni mən bu cür düşünürəm. İkincisi də budur ki, ailəsi nazirliyə zəng edib demişdi ki, “Biz yalnızıq, heç kəsimiz yoxdur, xahiş edirəm ki, bir şəxs göndərin bizə köməklik etsin”. Beləliklə, nazirlikdən əməkdaş göndərilib, cənazənin yuyulması və digər məsələlər həll olunub, məzar yeri tapılıb. Lakin sonradan söz-söhbət yayılıb ki, həmin yer yaxşı deyil... Əgər onlar bəstəkarı atasının yanında dəfn etmək istəyirdilərsə, elə əvvəldən bunu deyərdilər. Qaldı ki, II Fəxri Xiyabana, adətən bu məzarlıqda xalq artistləri dəfn olunur. Cabbar Qaryağdı kimi məşhur xanəndəmizin qəbri haradadır, heç bilmirik". Mərhum bəstəkarın yaxın dostu olmuş əməkdar artist Aybəniz Haşımova isə əməkdaşımıza ilginc açıqlamalar verib: “Tahir Əkbərin xəstəliyi ərəfəsində Mehriban xanım Əliyeva çox böyük dəstək göstərib. Bəstəkar xəstələndiyi gün bəlkə dünyasını dəyişə bilərdi, çünki vəziyyəti ağır idi. Lakin Mehriban xanımın böyük dəstəyi sayəsində Tahir müəllim düz 4 ay yaşama mübarizəsi aparıb. Bəstəkarın dünyasını dəyişdiyini eşidib dərhal evinə getdim, ailə ilə maraqlandım, sual verdim ki, nə köməklik edə bilərik?
Həyat yoldaşı dedi ki, narahat olmayın, Bəstəkar İttifaqından, Mədəniyyət və Turizm Nazirliyindən xahiş etmişəm, nazirlik onun bütün dəfnini öz üzərinə götürüb. Mən də hamı kimi çox sevindim və dəfn olunacağı yeri soruşdum, dedilər ki, ”Qurd qapısı" məzarlığında olacaq. Dəfn günü jurnalistlərlə birgə hamı ora getmişdi. Lakin məzarlığa çatanda bizə bildirdilər ki, Tahir Əkbər başqa məzarlıqda dəfn olunacaq.
Əgər məzar yeri bir qədər əvvəldə olsaydı, bəlkə də bu qədər aqressiya olmazdı. Açığını deyim, Tahir müəllimin rəhmətə getməsi xəbərinə ağlamadım, çünki bilirdim ki, tez-gec bu baş verməli idi. Lakin dəfn olunduğu ərazini görəndə hönkür-hönkür ağladım. Tahir müəllimin dəfn olunduğu yerə görə biz çox üzüldük. Tahir müəllimin həyat yoldaşını qınayanlar həmin dəfn mərasimində olmayanlardır. Əgər dəfn mərasimində iştirak etsəydilər, görərdilər ki, ömrünün bütün hissəsini xalqının yüksək mədəniyyətinə həsr edən insana həmin ərazi heç yaraşmırdı və bunun sonuna 3 nida qoymaq lazımdır".
Müğənni bu məsələdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevi qınamadığını deyib: “Ona çatdırıblar ki, hər şey yaxşı həll olunub. Amma bilirəm ki, Əbülfəz müəllim həmin yeri görsəydi bizim kimi hönkür-hönkür ağlayardı”. Mərhum bəstəkarın dostu, nəğməkar şair Vüqar Əhməd isə olaya bu cür şərh bildirib: “Tahir Əkbərlə mən AzTV-də birgə çalışmışıq. Onunla hələ 1987-ci ildə tanış olmuşuq. Dəfələrlə onunla dövlət tədbirlərində, konsertlərində mən redaktor, o isə səs rejissoru olub. Layiqli dəfn yerinə gəldikdə isə onsuz da İslam aləmində qəbir itib gedir. Şeirimdə qeyd etdiyim kimi, bizim sonumuz məzarda, darısqal otaqdır. Doğrudur, Tahir Əkbər bizim sevimli bəstəkarımız idi. Lakin onun orden, titulları yox idi. O, bildiyiniz kimi, xalq artisti deyil, əməkdar incəsənət xadimi idi. Yalnız böyük titullar alanlar Fəxri Xiyabanda dəfn olunur. Bunun üçün fikrimcə, ailəsi bundan inciməməlidir. Dövlət Tahir Əkbərin əməyini yüksək dəyərləndirib, ona fəxri ad verib. O yerdə ki, Tahir Əkbər dəfn olunub, təbii ki, layiqli yer olacaq, qəbrinin üstünə sənətçilər, ailəsi gələcək”.
Bəstəkarın bir neçə mahnısı ifa etmiş müğənni Şəhla Həmidova isə məsələyə bu cür reaksiyasını bildirib: “Hər halda, II Fəxri Xiyabanda dəfn olunsaydı daha yaxşı olardı. Bildiyim qədər, deyilən yerlə dəfn olunan yer üst-üstə düşməyib. Bəlkə də ailəsinin ürəyindən belə keçib ki, məzarını dəyişsinlər. Ümumiyyətlə, son vaxtlar elə şeylər baş verir ki, anlamaqda çətinlik çəkirəm”.
Xatırladaq ki, sevimli və istedadlı bəstəkar Tahir Əkbər 2017-ci ilin noyabrında insult keçirmiş, 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O zamandan vəziyyəti ağır olan sənətkar 2 mart 2018-ci ildə evində vəfat edib. Bəstəkarın bəstələdiyi onlarla mahnı, o cümlədən “Dərdin alım”, “Heç küsməyin yeridirmi?”, “Azərbaycan”, “Əzizim”, “Heyfim gəldi”, “Qalardım”, “Bir qız bir oğlanındır”, “Xəzəllərin rəqsi” və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları nəinki Azərbaycan, hətta qardaş Türkiyə müğənnilərinin də ifalarında sevə-sevə səslənib. Tahir müəllimin “Amin” mahnısı müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb.
Aybəniz Haşımova: “Əbülfəz Qarayev onun dəfn olunduğu yeri görsəydi, bizim kimi hönkür-hönkür ağlayardı... ”