Əndazədən çıxan toy adətlərini İNZİBATİ YOLLA tənzimləmək təklifi

Fazil Mustafa: “Bizdə şadlıq evlərinin əksəri məmurlara, oliqarxa məxsusdur, onlar toy biznesinin ölməsinə imkan verməz”

Ötən həftə Özbəkistan prezidenti dünya mətbuatının gündəminə toylarla bağlı qəbul etdiyi yeni qərarla gəldi. Belə ki, virtualaz.org saytının məlumatına görə, prezident Şövkət Mirziyayev bəyanat yayaraq bildirib ki, baş nazir və müavinlərinin, nazirlər də daxil olmaqla, dövlət məmurlarının toy və ad günü ziyafətlərində iştirakı qadağandır. Həmçinin bəyanata əsasən Özbəkistanda toylarla ciddi reqlament tətbiq olunacaq.

Mirziyayev baş nazirin və Daşkəndin icra hakiminin də iştirak etdiyi müşavirədə bildirib ki, o, məmurların düzgün işləmələri üçün hər cür şərait yaradıb və artıq onlardan xalqa ədalətlə xidmət etmələrini tələb etməyin vaxtı çatıb: “Nazirlərə, icra hakimlərinə və icra orqanlarının nümayəndələrinə toylarda iştirak etmək qadağan ediləcək. Əgər hansısa çayxananın qarşısında dövlət nömrəli maşın görsəm, həmin məmuru dərhal cəzalandıracam”.

Prezident deyir ki, korrupsiyanın kökünü kəsmək üçün dəbdəbəli toy məclislərinin keçirilməsinə və məmurların toylarda iştirakına qadağa qoymağa məcburdur. Onun sözlərinə görə, korrupsiya cəmiyyətin bütün təbəqələrinə sirayət edib və məmurlar arasında geniş yayılıb: “Mənim özüm də daxil olmaqla, heç bir məmur ad günləri və toylarda iştirak etməyəcək. Yetər, o dövrlər artıq keçib. Bütün bunlar camaatı qıcıqlandırır, hiddət doğurur. Belə mərasimlər və toylar yüksək vəzifəli məmurların iştirakı olmadan keçiriləcək. Baş nazir bütün müavinləri ilə birlikdə toya gedir, bu başdan o başa düzülürlər... Sən o toyda 200 kiloqram ət bişirməkdənsə, kasıba əl tut ki, evini rəngləsin, ona televizor al”.

Prezident bildirir ki, bundan sonra toyların “ciddi reqlamenti olacaq”. Toy sahiblərinə toya maksimum 120 qonaq çağırmağa icazə veriləcək.

“Hünəriniz var, etiraz edin, cəzalandıraram”, - deyə prezident zaldakı məmurlara xəbərdarlıq edib.

Prezident deyib ki, toylar bundan sonra gündüz vaxtı keçiriləcək. Günorta 2-də, 3-də bitəcək. Toyda yalnız gənclər iştirak edəcək, yaşlılar nişanda iştirak edəcək. Bəzi bölgələrdə, məsələn, Əndicanda toyla yanaşı, “səhər plovu” deyilən adət də var. Ora da yüzlərlə adam çağırılır. Prezident deyir ki, həmin adət ləğv olunacaq. Mirziyayev axşam toy mərasimi keçirən şadlıq evlərini bağlamaqla hədələyib.

Daşkənddə keçirilən toylara toxunan prezident deyib ki, dörd qızı olan daşkəndli onlara toy eləmək üçün gərək özünü assın: “İmkanı yoxdur, amma borca girir, öz sağlamlığına fikir vermir, yalnız qızlarının toyu üçün pul yığır. Gərək hamının qarnını doyursun, qızına mebel alsın. Biz bu məsələni təşviqat yolu ilə həll etmək istəyirdik, amma alınmadı. Bizə belə toylar lazımdı?”

Prezident hesab edir ki, dəbdəbəli mərasimlər yığışdırılsa, korrupsiya da azalar: “Əgər toyların keçirilməsi qaydalarını sərtləşdirsək, korrupsiya-filan da olmaz. Hamı razı qalar, ədalət bərqərar olar. Hamı eyni cür toy edər. Əgər rəhbər işçilərdən kimsə - istər prokuror olsun, istər vergi işçisi, istərsə də gömrükçü - bu qaydanı pozsa, həmin gün həbs etdirəcəm. Baş nazirin müavini belə dəbdəbəli toyda iştirak etmək üçün pulu hardan alır? Bir az araşdırsan, məlum olacaq ki, oğurluq puldu”.

Prezident deyir ki, vətəndaşlar övladlarını evləndirmək, qızına cehiz pulu düzəltmək üçün 20 min dollar pul yığmaq naminə Rusiyaya işləməyə gedir.

Xatırladaq ki, bundan əvvəl Tacikistanda toylarla bağlı ciddi məhdudiyyətlər tətbiq olunub. Qanuna görə, toya 150-dən artıq adam çağırmaq qadağandır, habelə toyda normadan artıq yemək verənlər cərimələnir, yeməklər müsadirə olunur.

Beləliklə, Özbəkistan prezidentinin bu qadağası ölkəmizdə də toylarda israfçılıq və onun necə aradan qaldırılması ilə bağlı məsələni yenidən gündəmə gətirmiş oldu. Məlumdur ki, keçmişdə Azərbaycanda toy məclisi təşkil etmək yeni evlənənlərə kömək məqsədi daşıyırdı. Xüsusən də rayon və kəndlərdə qohum-əqrəbalar toy sahibinin evinə toplaşar, yeni evlənənlər üçün nəyin çatışıb-çatışmadığını müəyyənləşdirər və ümumilikdə bu məsələni həll etməyə çalışardılar. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra toylarımızın mahiyyəti tamamilə dəyişməyə, dəbdəbəli keçirilməyə başladı. Artıq toylar deyil, xınayaxdı mərasimləri də dəbə düşüb ki, bu da ailələrə ciddi ziyan vurur. Əvvəllər də xınayaxdı məclisləri keçirilərdi. Lakin dəbdəbəsiz, sadə şəkildə. Bunun üçün ciddi xərc də tələb olunmurdu. Çünki əsasən xına və şirniyyatdan istifadə olunurdu, ən əsası isə məclis evlərdə keçirilərdi. Bu gün isə xınayaxdı məclisləri az qala toy mərasimlərini də geridə qoymağa başlayıb. Bahalı restoranlarda, hətta hotellərdə belə xınayaxdı məclisləri təşkil edilir. Bunun üçün xüsusi studiyalar da fəaliyyət göstərir. Araşdırmalar onu göstərir ki, bu studiyalar bəzən bir gündə 3-4 xınayaxdı məclislərini həyata keçirirlər. Xınayaxdı studiyalarını, mərkəzlərini açanlar isə əksər hallarda tanınmış müğənnilər, rəqqasələr, aktrisalar, hətta aparıcılardır.

Bir neçə il öncə hökumət yas mərasimlərində ehsan süfrəsinə müdaxilə etdi və ölkənin bir çox şəhər və rayonlarında israfçılıq zamanla aradan qalxmağa başladı. O ərəfədə insanlar şadlıq evlərindəki menyuya da “əl gəzdiriləcəyini” düşünürdü. Lakin göründüyü budur ki, israfıçılıq, dəbdəbə xəstəliyi nəinki aradan qalxır, əksinə, getdikcə daha çox adiləşməyə doğru gedir.

Maraqlıdır, Özbəkistan prezidentinin həyata keçirdiyi administrativ üsulla ölkəmizdə də toy və digər məclislərdə israfçılığı aradan qaldırmaq mümkündürmü?

Fazil Mustafa ile ilgili görsel sonucu

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, inzibati üsulla ölkəmizdə əndazədən çıxan toy adətlərini yığışdırmaq mümkün deyil: “Çünki Azərbaycandakı bugünkü harınlıq kimi görünən toylar az qala bizim milli-mənəvi dəyərlərimizə çevrilib. Sanki israfçılıq mədəniyyət nümunəsidir. Necə ki, bəziləri ziyarətgahlara başını sürtür, elə bilir ki, bu zaman başımıza bir  kəramət, elm daxil olacaq, eləcə də cəmiyyətimizdə toylarımıza münasibət də bu cürdür. Sanki 30 cür yemək olmasa, toy olmaz.  Düşünürəm ki, bu cür dəyərlərdən imtina etmək üçün inzibati yollar seçilməyəcək. Cəmiyyətin maarifçilik, düşüncə tərzi aşağıdır. Həm də bu məsələ təkcə zənginliklə bağlı deyil. Cəmiyyətdə yoxsullar da eyni cür şöhrətpərəstlik duyğusu yaşayır.

Yaslarda da yemək verilməsi ilə bağlı məcburiyyət yoxdur. Kim deyir ki, yasda mütləq yemək verilməlidir? İmkanı olmayanda da düşünür ki, “belə etməsəm mənə nə deyərlər?” Ona görə də hətta inzibati üsulla bu məsələni həll etməyə çalışsalar, kimsə hansısa məmurun cibinə pul basıb deyəcək ki, buna “göz yumsun”. Düşünürəm ki, Özbəkistan prezidentinin toylarla bağlı atdığı addım bu ölkə üçün xarakterikdir. Özbəkistanda bu cür məsələlərin cəmiyyətə izah olunmasında problem yaşanmır.

Ölkəmizdə isə bu məsələlərin həlli istiqamətində görülən işləri yetərsiz sayıram. Məsələn, yaslarla bağlı qadağanın Naxçıvanda və digər rayonlarda icra edilməsini gördük, lakin bütün ölkəyə şamil edilmədi. Bir məsələni də qeyd edim ki, bizdə şadlıq evlərinə çox böyük vəsaitlər qoyulub, onların da əksəriyyətinin rəhbəri məmurlar, böyük kapital sahibi olan insanlardır. Onların hansı bu cür administrativ üsulun qəbul edilməsinə imkan verər?"

 
 






Fikirlər