MEHRİBAN VƏZİR: ''Bu günə kimi heç bir gizli işbirliyində olmamışam''

Mehriban Vəzir: ''Bu günə kimi heç bir gizli işbirliyində olmamışam''

Yazıçı-publisist, hüquq müdafiəçisi Mehriban Vəzir Moderator.az -a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:
- Salam, Mehriban xanım, nə var nə yox, necəsiniz?
- Çox sağ olun, hamı kimi birtəhər keçinə bilirik. Necə olmağımız bəllidi.
- Yazı adamlarının ruhu bir az da havaya bağlı olur, günəşə, işığa, nura çox həvəs göstərirlər, sizcə bu il yay niyə belə gecikir?
- Çox gözlənilməz sual oldu. Bu sualın cavabını bilmirəm. Yay niyə belə gecikir, həqiqətən, yay niyə gəlmir? Nə deyim, demək gəlmir ki, gəlmir.
- Bir mahnı var ey, “Zindana yaz gec gəlir”, bəlkə odur, yəni bunnan bağlı ola bilirmi?
- (Gülür) Zindandayıq deyirsiniz, eləmi?
- Məmləkətin indiki durumuna baxanda, bu bənzətmədə bir həqiqət varmı sizcə? Tərs kimi də bu “Formula -1”-lə bağlı bütün şəhər dəmir barmaqlıqlar arasına, dəmir konstruksiyalar içərisinə salınıb, ətrafa bir baxın hələ ?
- Həqiqət payı var, məncə ... (pauza), var. Əslində indi ölkəmiz həqiqətən ... (pauza).
- Bəlkə bu yayın gecikməsinin, dənizimizin “kruqom-beqom” hasara alınaraq camaatın üzünə qapadılması ilə də bir əlaqəsi ola bilərmi, yəni buna Allahın işi kimi baxmaq olarmı?
- Allahın varlığına və işlərinə inanan bir adamam. Nə deyim, bilmirəm, bu, Onun işidi ya yox, ama bir şeyi bilirəm ki, Allahın hər şeydən xəbəri var.
- O zaman, yəqin ki, sizin Milli Şuradan çıxarılmağınızdan da Allahın xəbəri var. Son vaxtlar ölkənin mətbu və siyasi gündəmi sizin adınızın ətrafında yerindən bir az oynadı sanki. Miili Şuradan sizi niyə çıxartdılar ki?
- Bu barədə az öncəki yazımda bir az ətraflı danışmışdım, amma sizə də məmnuniyyətlə deyə bilərəm. Milli Şuraya bir ilə yaxındır ki getmirdim. Özüm özümü çıxarmışdım.
- Baxın, yazdıqlarınız öz yerində, amma mən istiyirəm ki, əsil səbəbi deyəsiniz ki, əslində bu olayın gerçək səbəbini soruşmaq istədim.
- Yəqin deyirsiniz ki, çox da uzaqdan gəlməyim və konkret bu məsələdən danışım eləmi?
- Bəli, konkret olaraq ordan çıxarılmanızın gerçək səbəbini deyin, əlbəttə bunu bilirsinizsə. Yazdıqlarınız haqda artıq cəmiyyət kifayət qədər məlumatlıdır, o tərəf də öz arqumentlərini cəmiyyətə çatdıra bilib. Siz isə indi aysberqin görünməyən tərəfindən danışın, ya da, belə deyək ki, olanların pərdə arxasına ayna tutmağa çalışın.
- Əslində, Milli Şuranın təmsilçisi sayılmırdım. Çünki, çoxdan bu qurumun işlərində və tədbirlərində iştirak eləmirdim. Bu biri yandan da düşünürəm ki, yalançıya və böhtançıya inandılar. Məndən ya çağırıb, ya da dəvət eliyib, heç olmasa telefon açıb, bir kəlmə soruşmadılar ki, bu nə məsələdir? Və tələm-tələsik belə bir qərar verdilər. Verdilərsə, verdilər və mənim də bununla bağlı heç bir etirazım yoxdur.
- Xəbəri alandan sonra, Cəmil müəllimlə danışdınızmı ki, nə baş verir, niyə baş verir?
- Heç kimlə heç nə danışmadım. Yəni, mənim heç kimə veriləcək sualım yox idi. Təbii ki, heç kimdən də hansısa cavabı gözləmirdim. Çünki işin mahiyyətini bilirəm.
- Mən də bayaqdan, “bilirəm” dediyiniz o mahiyyəti soruşmaq istiyirəm, nədir o mahiyyət? Bəlkə bu bir bəhanəydi, düşdü əllərinə.
- Bəlkə bəhanə də demək olardı, amma bəzi nüaslar bunu istisna eliyir.
- Yazınızda bir şeyi də demişdiniz ki, Cəmil müəllimə, Milli Şuranın partiya kimi idarə olunmasından narahatlığınızı bildiribsiniz.
- Bu, bir il qabaqkı söhbətdir, yəni ötən bir ilə yaxın müddətdə Milli Şuranın tədbirlərinə və Koordinasiya Mərkəzinin iclaslarına getməməyimin, qatılmamağımın səbəbi də məhz bu idi. Milli Şura son zamanlar bir komanda şəklində idarəetməyə meyllənir, bir xor oxumağa səy göstərirdi. Yəni mən, dediyim kimi, heç kimin tətikçisi deyiləm, heç kimin iç savaşına, şəxsi və ya fərdi davasına qarışmıram. Mənim savaş hədəflərim özüm üçün aydındır, bəllidir və özüm üçün də burda hər hansı şübhəyə yer yoxdur. Milli Şurada mən, sadəcə olaraq bir ictimai fəal olaraq iştirak etmişəm və ümumi hədəflərimiz uğrunda mübarizə aparan müəyyən çevrələrə, gücümün yetdiyi qədər güc qatmaq üçün qoşulmuşam. Amma mən heç kimin fərdi və ya partiya tələblərini icra edəcək biri deyiləm.
- Məsələ ortalığa çıxan kimi verdiyiniz açıqlama da var idi, sonradan yazınızda da dediniz ki, seçkilər düzgün keçirildi, amma ədalətsiz oldu. Bu fikrin bir açıqlaması varmı, yəni düzgün keçən seçki necə ədalətsiz ola bilir ki?
- Bilirsinizmi bu necə olur? Siz gözünüzün qarşısına demokratik ölkələrdə keçirilən seçkiləri gətirin. Bir var seçki, bir də var seçki öncəsi vəziyyət, seçki ilə bağlı fəaliyyət. Məsələn, demokratik dünyada artıq bununla bağlı qaydalar müəyyən olunub. Tarixi təcrübədə, seçki öncəsi fəaliyyətlərdə aşırı gücdən istifadə kimi bir çox pozuntular və fəsadlar olub deyə, insanlar, cəmiyyətlər və dövlətlər burda müəyyən qaydalar tətbiq etməyə məcbur olublar. Məsələn, o qaydalarda deyilir ki, seçki fəaliyyəti zamanı bu qədər vəsaitdən, bu qədər də gücdən artıq istifadə eləmək olmaz. Bunu da seçkiyə quşulan fərdlərin, ya da təşkilatların hamısı qəbul edir. Tutaq ki, bu qayda onu nəzərdə tutur ki, siz seçkidə istirakçı olaraq 50 min manat vəsaitdən istifadə edə bilərsiniz, amma faktiki olaraq 50 milyondan istifadə eləmisiniz. Baxın, burada da həmin pozuntu olub. Yəni pozuntu seçki öncəsi durumda baş verib. Amma seçkini gedişində heç bir pozuntu yoxdur və normal səsvermə keçirilib. Yenə də deyirəm, pozuntu əvvəldə olub və tutaq ki, obrazlı şəkildə desək, əlli min əvəzinə əlli milyondan istifadə məsələsi var. Baxın, bizim barəsində danışdığımız seçkidə də baş verən budur, seçkinin özü demokratik idi. Seçki gününün prosedurları və seçki prosesində qanunlar pozulmamışdı. Amma ondan öncəki durum xeyli suallar doğururdu. Yəni, vətəndaş cəmiyyətinin bir koalisiyasında, ya da birliyində seçki, partiyaların, hərəkatların gücü hesabına qazanılmışdı. Bax, problem də bu idi, ədalətsizlik də burda idi. Vətəndaş cəmiyyətinin o qədər mənim kimi fərdi təmsilçiləri var ki, onların arxasında nə partiya dayanır, nə də hərəkat. Amma buranı zəbt eliyən və o “50+1”-lə qazandıq deyənlərin hərəkatları var, partiya təmsilçiləridirlər, siyasi çevrələri təmsil eliyirlər və bütün bu çevrələrdən dəstək alıblar. Təsəvvür eliyin ki, indi orda qalib gələnlərdən biri üçün, sözünə hörmət elədiyim dörd nəfərdən təkcə mənə zəng gəlib və xahiş eliyiblər ki, filankəsə səs verim. Eyni zamanda mənə zəng vurduran bu adamların özləri neylədilər, daim mənə səs verən adamların ayağına getdilər və onları atalarının goruna and verdilər ki, Mehribana səs vermə. Bunu da ona görə etmişdilər ki, əgər orada daim səs alan mənim kimi üç-dörd nəfər səs alsa, bunların planları pozular və “50+1” səs ala və yaxud şuranı ələ keçirə bilməzdiər. Yəni belə bir ədalətsizlikdən söhbət gedir.
- O şuranı ələ keçirməkdə məqsəd nədir ki, yəni orda nə var ki, oranı elə ciddi-cəhdlə ələ keçirmək istəyirlər?
- Bilirsiniz, ora əslində bir güc mərkəzidir, böyük bir koalisiyadır, beynəlxalq aləmdə təmsil olunur, ölkədə gedən proseslər, xüsusilə də mədən sənayesində şəffaflıqla bağlı gedən proseslərdə bu koalisiya söz sahibidir, eyni zamanda da hökumət, hasilatçı şirkətlər və vətəndaş cəmiyyətinin üçünün birgə memorandumu olan mötəbər bir qurumdur. Təbiidir ki, belə mötəbər bir qurumda söz sahibi olmaq, buranı siyasi müstəvi kimi istifadə etmək istəyənlər var. Amma bilirsiniz, bütün bu mübarizələr həddində olanda normaldır, insanlar həmişə bəlli bir düzənə çıxmağa, `strateji yüksəklikləri`götürməyə çalışırlar. Amma bundan bir az insafla, vicdanla istifadə eləmək lazımdır, həriscəsinə deyil. Ancaq burada məhz siyasi hərislik baş verdi. Vətəndaş cəmiyyətimizin liderləri içərisində normal rəqabətə, sağlam seçkiyə çox böyük zərər verən, ictimai mühiti çirkləndirən, dəstəbazlıq yaradan adamlar var, təəssüfki.
 
- Arada bir dord yüz min məsələsi də var idi, o nəydi, araşdıra bildinizmi, kim vermişdi o qədər pulu, kimə vermişdi?
- Bu dörd yüz min məsələsinin araşdırılmasını bilirsiniz ki, ilk dəfə mən ortaya atdım. Mən buna ilk dəfə Oqtay Güləliyevin Milli Şuraya verdiyi raportda rast gəldim, daha doğrusu bu raport mənim poçtuma gəldi, çünki, bildiyiniz kimi, mən də o şəbəkənin üzvü idim. Orda, həmin “dörd yüz min”, “50+1”, “monitorinq qrupunun üçdə ikisini zəbt etmək” kimi məsələlərə rast gəldim və bunu koalisiyanın keçmiş koordinatoruna yazaraq izahat istədim. Izahat istədim ki, bu dörd yüz min nə məsələdir, kim alıb, kim verib, kim xərcləyib, hara xərcləyib və sair. Bunu həm də ona görə etdim ki, bu dörd yüz minin içində keçmiş şura üzvlərinin, keçmiş namizədlərin adları hallanır. Eyni zamanda da mən və mənim kimi 20 nəfər namizədin adı. Bununla bağlı açıqlama tələb etdim. Amma bu işi quran siyasi hərislər daha çox onu vurğulamağa çalışırlar ki, guya mən səs ala bilmədim deyə, cığallıq edirəm. Mən səs ala da bilərəm, almaya da bilərəm, söhbət ondan getmir. Mən, siz qaliblərin bu qələbəni necə qazanıldığını ortaya qoyan özünüzün raportuna rast gəlmişəm və onun hesabını soruşuram. Soruşuram; dörd yüz mini kim alıb, kim yeyib, gerçəkdən də belə bir şey olubsa isbat edin, cavab verin. Nə bilirsiniz açın qoy ictimaiyyət də bilsin ki, kim nə işlə məşğul olur. Hal-hazırda koalisiyanın monitorinq qrupu bu məsələni araşdırmaqla məşğuldu. Nəticəsi də nə olacaq, görəcəyik.
- Sizin də artıq sabiq üzvü olduğunuz Koordinasiya Mərkəzinin Fb-də gizli qrupu var haa...
- O qrup gizli deyil...
- Qapalı deyək...
- Bəli, 16, ya da 20 nəfərlik qapalı qrup var.
- Sizə irad tuturlar ki, əvvəlcədən əldə olunan razılaşmaya görə həmin qrupa gələn yazılar, xəbər və ya məlumatlar qrupdan kənara çıxmamalı olduğu halda, Mehriban Vəzir ümumi razılaşmanı pozub. Hətta səhv etmirəmsə, sizin Milli Şuradan çıxarılmanızın motivinə də bu məsələni yatırıblar.
- Gəlin belə deyək, bəli, mən bu iradı qəbul edirəm. O qrupda olan məktubu kənara çıxardığım üçün, mənə irad tuta bilərlər. Bu çox normal bir şeydir. Amma o qrupda mən neçə ildir ki varam və orda başqa yazışmalarımız da olub. Hətta bizin münasibətlərimizin, Milli Şuranın işində iştirakımın dayandırılmasına səbəb olan yazışmalar da olub. Həmin yazışmalarla, söhbətlərlə, səbəblərlə bağlı heç bir müsahibə verməmişəm, heç yerdə nəsə yazmamışam. Yəni ictimailəşdirməmişəm. Ayrıca da, mən, kiminsə şəxsi həyatına aid olan nəyisə açıqlamamışam. Rast gəldiyim bu məktub sırf MHŞT koalisiyasının iç işlərinə aid idi və bu koalisiyanın içində yer alan insanlara, koalisiyanın fəaliyyətinə böhtan atılmışdı. Eləcə də siyasi çevrələrin Vətəndaş cəmiyyətinin işlərinə müdaxilə edərək idarəetməni ələ keçirilməsi təsvir edilirdi. Gəlin, olun mənim yerimə, buna göz yuma bilərdinizmi? Ama yenə də deyirəm ki, bu şəbəkəyə aid olan məktubu digər şəbəkədə işıqlandırmağa görə mənə irad tutula bilər və bu iradı qəbul edirəm. Bu iradınızda haqlısınız, amma siz deyin, mən bir seçim önündə qalmışam, ya bu böhtana şərik olmalıyam, "dörd yüz min" oyununda iştirak etdiyimi qəbul edib susmalıydım, ya da ki, bu o bir şəbəkədən başqa şəbəkəyə açıqlama verməyim haqda iradı qəbul etməliyəm, necə davranmalıydım? Mən bu böhtana şərik olmuram. Susmuram. İzah tələb edirəm. Bunu seçdim. Bu seçimi isə ideal hesab edirəm. Çünkü vicdanlı seçimdi. Adıma və statusuma layiq seçimdi. Çünkü bu günə kimi mən heç bir seçki oyununda, heç bir siyasi oyunda, heç bir gizli işbirliyində olmamışam. Ona görə, bu deyilənləri qəbul edə bilmərəm.
- Bütün bunlar aydındır, amma təkcə bu da deyil məncə. Sizi Milli Şuradan uzaqlaşdırılmağınızın daha başqa səbəbləri də olmamış deyil, amma bildiyiniz bir şeylər varmı və bu haqda nəsə demək istəyirsinizmi?






Fikirlər