11.01.2014. - “Bəlkə də xalqı aldadırıq...” - VİDEO + FOTOLAR

11.01.2014.  -   “Bəlkə də xalqı aldadırıq...” - VİDEO + FOTOLARİsgəndər Həmidov: “Milli Şurada partiya fəalları xalqla işləmək əvəzinə liderlərinə çəpik salmaqla məşğul olurdular.Rüstəm İbrahimbəyovun sədrliyinin əleyhinə yalnız mən səs vermişəm”

Müsahibimiz sabiq daxili işlər naziri, bu günlərdə Milli Şuradan istefa verən İsgəndər Həmidovdur. Onunla ölkənin siyasi həyatında yaşananlar, müxalifət daxilində cərəyan edən qarşıdurmalar və digər mövzular ətrafında söhbətləşdik.


- İsgəndər bəy, günün sualı Milli Şura ilə bağlıdır, siyasi dairələr bu qurum ətrafındakı müzakirələrə köklənib. Niyə istefa verdiniz, Siz də İsa Qəmbərin yoluyla gedirsiniz?

- Mənim öz yolum və baxışlarım olduğundan, heç kimin yoluyla getmək fikrim yoxdur. Milli Şura yarananda şüar vahid namizəd ətrafında bütün qüvvələrin birləşməsi idi. Ancaq daxildəki söz-söhbətlərə baxmayaraq hamı böyüklük göstərərək susdu. Milli Şura daxilində bütün məsələləri 5-6 nəfər idarə edirdi, qalanlara yad kimi baxılırdı.

- Siz də 5-6 nəfərin içindəydiniz?

- Orda olsam da, mən 5-6 nəfərin içində çox nadir hallarda olurdum. Mənə əsas önəmlisi o idi ki, millətçi kəsim orda yox idi. Həmin 5-6 nəfərin məsələləri əvvəlcə müzakirə edib sonra gündəmə gətirib keçirirdilər, biz də prosesin getməsi naminə susurduq. Çünki seçkidən kənarda qalma təhlükəsi vardı. Ona görə bir yerdə olmağımız zərurət idi. Ancaq tədricən çat dərinləşdi.

- Səbəb nə idi, iddialarmı?

- Azərbaycan çox təzadlı ölkədir. Dünyanın ən gözəl siyasətçiləri və politoloqları Azərbaycanda, amma bu gündəyik. Baba Pünhan demişkən, “sən Babanın günündə, Baba da it günündə”.
11.01.2014.  -   “Bəlkə də xalqı aldadırıq...” - VİDEO + FOTOLAR
11.01.2014.  -   “Bəlkə də xalqı aldadırıq...” - VİDEO + FOTOLAR
- Hansı gündəyik, it günündə?

- Yolda halını soruşdum, “Azərbaycanın günündə” cavabını verdin. Vəziyyətimiz aydındır da. Keçək Milli Şuraya, yəqin xatırlayırsansa, Rüstəm İbrahimbəyovun sədrliyə namizədliyi olanda yalnız mən əleyhinə oldum. Mən istiqlalçı deputatam, həyatımı Azərbaycanın müstəqilliyinə həsr etmişəm, bildirdim ki, ürəyimdən Rusiya qorxusunu, havasını çıxardın. Rüstəm bəy intelektualdır, böyük yazıçıdır, amma Şimal qorxusunu ürəyimdən çıxardın. Həmin toplantıda bir-iki nəfər bildirdi ki, Rusiya da gəlsin, təki bu hakimiyyət getsin. Mən bu anlayışı qəbul etmirəm. Bilirsiniz, qorxu deyəndə, elə anlaşılmasın ki, ürəyimdə Rusiya xofu olub. Bu gün Rusiyada Putin Birinci Pyotr olmaq xəyalına düşüb. Mən Azərbaycanın nə Avropanın, nə Rusiyanın ayağının altına yıxılmasının tərəfdarıyam. Azərbaycan öz müstəqil yolunu seçibsə, bu yolla da getməlidir.

- Məgər, Rüstəm İbrahimbəyov dediyiniz yolun tərəfdarıdır?

- Bəli. Bir daha deyirəm, Rüstəm İbrahimbəyovun əleyhinə yalnız mən səs vermişəm. Qalanları onun tərəfdarıydı. Sonra onun Rusiya vətəndaşı olması üzə çıxdı. Düzdür, Arif Hacılı mənim çıxışımı dəstəklədi, amma sonra yenə onun sədr olmasına səs verdi. O zaman mən təklif etdim ki, gəlin, İbrahimbəyovun nə zaman Azərbaycana qayıtmasını şərt kimi qoyaq. Qoy, gəlib Rusiya vətəndaşlığından imtina etsin. Cavab verdilər ki, onun həyatına təhlükə var, nə olsun, gəlib həbs olunsa, nə baş verəcək?!

- Siz o zaman onun Rusiya vətəndaşı olduğunu bilirdinizmi?

- Əlbəttə, bilirdim. Milli Şura rəhbərliyində olanlar da bu barədə məlumatlıydı.

- Bəs niyə namizədliyi irəli sürüləndə bu məsələni qaldırıb etiraz etmədiniz? Yalnız hüquqşünas Ənnağı Hacıbəyli vətəndaşlıq məsələsinin araşdırılmasını vacib saydı...

- Bir daha deyirəm, mən onun sədr olmasının əleyhinə səs vermişdim.

- Amma İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu söyləməmisiniz...

- Yox, demişəm, bir çoxları da deyirdi. Bilirsən, bu məmləkətin kababını yeyən də, çaxırını içən də olurdu, nə olardı, bir az da cəfasını çəkərdilər. Nəsə, bunlar ümumi şeylərdir. Milli Şura yarandı, biz də orada kifayət qədər fəaliyyət göstərdik, amma ardıcıl keçirilən görüşlərdə sanki millətçi kəsim orada iştirak etmirdi, bir yerdə adımız çəkilmirdi. Bunlar hamısı üst-üstə toplanırdı, Müsavat Partiyasının bəyanatının oxunmasından 3 ay əvvəl mən vəziyyətin bu cür olacağını bilirdim. Deyirdim ki, Milli Şura dağılmağın astanasındadır, yalan bəzək vurmaqla, jurnalistləri iclasdan çölə çıxardıb içəridə bir-birini “didməklə” mübarizə olmaz.

- Ancaq Siz Cəmil Həsənlinin seçki kampaniyası zamanı onu dəstəkləyir və görüşlərdə, mitinqlərdə çıxışlar edirdiniz...

- Bu gün də Cəmil müəllimi dəstəkləyirəm, o, gözəl alim və yaxşı insandır. Yenə deyirəm, Müsavat Partiyasının bəyanatından sonra artıq hər şeyin bitdiyini düşündüm. Çünki 32 il orqanda işlədiyimdən, kifayət qədər agentura şəbəkəsinə malik olduğumdan, informasiyam var idi. Cəmil Həsənli kimlərləsə məsləhətləşib MŞ-nın Koordinasiya Şurasını gizlin yaratdı və kimlərəsə tərkib barədə suallar verdi. Amma orada da millətçilər təmsil olunmadı.

- Amma, Siz 3 ay əvvəl Milli Şuranın dağılacağını və istefa zərurətini ifadə etdiniz. Tərkib hissəsi bir-iki həftənin söhbətidirsə, bunları necə izah edərdiniz?

- Yox, mən Milli Şuranın dağılacağını bildirmişdim, o cür dedim. Sadəcə, “sıvayırdılar” ki, dağılmasın, bu, göz önündəydi. Sonra İsa Qəmbərin qərarı hər şeyi aydınlaşdırdı. Yəqin, o da hansısa dəlillərə və amillərə söykənərək istefa verdi. Bir məqamı da xatırladım, mən iclasların birində hər partiyadan 10 nəfər olduğu halda, MŞ-da niyə millətçi kəsimin təmsil olunmadığını qaldırdım. Hətta sessiyaların birində bir nəfər talış xalqına muxtariyyatın verilməsini istədi, cəmi iki nəfər etirazını bildirdi.

- Bəlkə mədəni muxtariyyat barədə danışıb...?

- Mədəni muxtariyyatı 1992-ci ildə Əbülfəz Elçibəy verib, bu barədə prezident fərmanı var. Beləliklə, İsa bəy gedəndə fikrimi qərarlaşdırdım, sonuncu söhbətdə dedim ki...

- Kiminlə söhbətdə?

- Onu deməyəcəm. Bildirdim ki, millətçi kəsimlər də 10 nəfərlə təmsil olunsun. Səbəbini soruşduqda, cavab verdim ki, hər partiya 10 nəfər gətirir və istədiyi təklifi keçirir, yaxud bizim kimilərin də təkliflərinə veto qoya bilir. Amma bizə qarşı qısqanclıq vardı, bu, açıq hiss olunurdu. Bununla da gördüm ki, hədəf, mübarizə qalıb kənarda, hər partiya öz ideyasını doqma kimi qəbul etdirmək istəyir. Yəni görüntü yaradıb, xalqı bir müddət aldatmaqdansa, əvvəlcədən bütün zərbələri üzərimə götürərək istefa verdim, çünki haqqımda nələrin yazılacağını bilirdim.

- Aldatmaqdan söz düşmüşkən, 20 ildir xalqı aldatmırsınızmı? Düzdür, bunun 10 ilini kənara qoyaq, çünki həbsdə olmusunuz...

- Biz bəlkə müəyyən qədər aldadırıq, bəs niyə demirsiniz ki, xalqı indiki hakimiyyət aldadır?! Bəli, Milli Şuranın yaranması zərurəti vacib idi, yarandı və fəaliyyət göstərdi. Amma bu fəaliyyət göstərdi ki, mitinqlərdə ən çox topladığımız adam 10 min nəfər olub. Ona görə ki, hamı bir-birindən ayrı oldu, xalqla işləməkdən çəkindi, firqəçilik baş alıb gedirdi.

- Konkretləşdirə bilərsinizmi hansı partiyadan söhbət gedir?

- MŞ-da hamısı təmsil olunub.

- AXCP, Müsavat, yoxsa başqaları?

- Mənim üçün fərqi yoxdur. Partiya fəalları xalqla işləmək əvəzinə liderlərinə çəpik salmaqla məşğul olurdular. Yanacağın bahalaşmasından sonra keçirdiyimiz mitinqə isə 4-5 min adam gəlmişdi. Siz indi İsa Qəmbərlə məni deyirsiniz, amma bizdən əvvəl Eldar Namazov istefa verdi.

- Eldar Namazov Milli Şuradan istefa verməyib...

- İcra Aparatı sədrliyindən istefa verdi ki. Qalanını özü bilər. Bütün bunları görəndən sonra gedib evdə düşündüm, kitabları vərəqlədim, gördüm ki, Rusiyada “Xalqçılar” hərəkatı olub, onlar xalqın içinə çıxıb millətlə işləyirdilər.

- Bəs müxalifət niyə xalqın içinə çıxmırdı, səbəbi nədir?

- Bu sualı onlara verin.

- Siz də müxalifət nümayəndəsiniz də...

- İstəyirsiniz, gedək 1 manatlıq çayxanaya, görün, məni tanıyırlar, yoxsa, yox. Ona görə hakimiyyət bu günə qədər məni 4 dəfə “bandotdel”ə aparıb, hələ məhkumluğumu da götürməyib. İndi də Milli Şuranın hədəfi bələdiyyə və parlament seçkiləridir. Bu da növbəti dəfə xalqı aldatmaqdır. Bələdiyyələrdə 4-5 yer götürməklə heç nə dəyişmək olmaz

- Bəs Sizin hədəfiniz nədir?

- Bilirsiniz, sistem dəyişilməlidir, mən sistemin dəyişməsi üçün mübarizəmi davam etdirəcəm.

- 20 ildən sonra bu nəticəyə gəlmisiniz ki, sistem dəyişilməlidir?

- 20 ilin 10 ilini həbsdə olsam da, həmişə belə düşünmüşəm. Yəqin, bir xofum olub ki, həbsdə saxlayıblar.

- Bir neçə saat əvvəl yenidən partiya sədrliyinə qayıtmağınız haqqında xəbər yayıldı, doğrudurmu?

- Partiyanın Siyasi Şura üzvləri məclisin iclasını çağırıb qərar qəbul ediblər ki, fəaliyyət dayandırılır, Təşkilat Komitəsi yaranır, Nəzarət-Təftiş Komissiyası qurultaya hazırlıq işi aparır. Mənlik heç bir şey yoxdur və həmin daxili qurumların da üzvü deyiləm.

- Sizinlə məsləhətləşmə olubmu?

- Bəli, çünki uşaqlar həmişə məni böyük kimi qəbul edir. Ancaq qurultayda sədr kim seçiləcək, bunu nümayəndələr bilər, mən yox. Ola bilər ki, Qələndər bəy yenə seçilsin.

- İddianız varmı sədrliyə?

- Hələ elə bir fikrim yoxdur, düşünürəm. Bilirsən ki, fikrim olsa, seçilərəm. Amma yaşım da çoxdur, siyasətdə iddialarım var. Ümumiyyətlə, iddiasız insan robotdur. İddialarımla bərabər arzularım da var. Birinci arzum odur ki, xəstələnib ölməyim, işğal altındakı rayonları görüm, Şuşanı, Laçını, Kəlbəcəri, hamısını gəzib sonra... Amma real, irreal iddialar var, birinci odur ki, xalqın içinə çıxmaq lazımdır, 3-4 cangüdənlə gəzmək yox.

- Bəlkə Sizin yaşda olan siyasətçilərin siyasətdən getmək vaxtıdır?

- Büt kimi siyasətin qarşısında dayanmamışıq ki... Nə vaxt önə çıxdınız da, maneçilik törətdik. Bu sualı İsa bəyə də, Əli bəyə də veriblər, çox məntiqli də cavab alıblar.

- İsgəndər bəy, hakimiyyətə sizlər kimi müxalifət sərf etmirmi?

- (gülür). Zarafatdırsa, mən də zarafat edim, yəqin, hakimiyyəti sizin qəzet də qane edir ki, belə ofis veriblər.

- Ofisi verməyiblər, icarəyə götürmüşük...

- Hakimiyyət onu qane edən müxalifətə hər cür şərait yaradır, qane etməyəni isə həbsdə saxlayır.

- İsgəndər bəy, Ukraynaya giriş qadağası nə məsələdir?

- Dezinformasiya idi. Guya, bir partiya sədri Ukrayna Təhlükəsizlik Şurasına müraciət edib və rəsmi Kiyev rəsmi Bakını məni “arzuolunmaz şəxs” elan etməsi haqqında məlumatlandırıb. Araşdırandan sonra məlum oldu ki, Ukraynada elə bir partiya və o adda adam da yoxdur. Məni millətçilərlə bağlamaqlarına sevinirəm, amma hansısa dini cərəyanla əlaqələndirmək böhtandır. Bəli, Ukraynada kompakt yaşayan Krım tatarlarını müdafiə etmişəm, yenə də edəcəm. Bu mövqeyimdə qəbahətli heç nə də yoxdur və bununla bərabər Rusiyaya qarşı güclü Ukrayna tərəfdarıyam.

- Siz yuxarıda Rusiya amilini xüsusi vurğuladınız, ancaq rusiyalı general İvaşov öz bloqunda ölkəsinin hansı faciələr yaşadığını belə yazıb: 142 milyon əhalinin 100 milyonu etnik rusdur, onun 23 milyonu alkoqolik, 6 milyonu narkoman, 6 milyonu SPİD, 4 milyonu fahişə, 4 milyonu bomj həyatı sürür, gün ərzində 20-30 min nəfər yol nəqliyyat hadisəsində ölür, nəhayət ildə 14 min qadın ölür..
- 1956-cı ildə ABŞ Dövlət Departamentinin hesabatında yazılıb ki, 2013-cü ildən sonra kənd təsərrüfatında böyük qıtlıq yaranacağından yer kürəsində 1 milyard insanın ölməsi vacibdir. Həmin 1 milyard adamın da hansı ölkələrin üzərinə düşməsi qeyd olunur: Afrika ölkələrinə xəstəliklərin yayılması, Rusiyada xəstəliyi artırmaq. Müsəlman ölkələrində bunlar mümkünsüz olduğundan, vətəndaş müharibələrini gücləndirmək. Həmin doktrina bu gün işləyir. İkinci, Rusiyanın “İsgəndər” raketlərini əllərindən almayıblar, bu günlərdə birini Kalininqradda yerləşdirdi. Rusiya ayıdır, nə insanlıq, nə mədəniyyət bilir. 250 il özü araq və kartofla keçindiyi bəs deyil, hələ başqa millətləri buna öyrətdi. Rusiyanın “çabalamağı” çox pis olur. ABŞ və Avropa dövlətləri bizdən zəif deyillər, Putinin Suriya barədə dediklərindən sonra sakitləşdilər. Çünki Suriya ərazisində hərbi bazaları var.
11.01.2014.  -   “Bəlkə də xalqı aldadırıq...” - VİDEO + FOTOLAR

Natiq CAVADLI
Fotolar - Cavid Qurbanov






Fikirlər