"Məmur dostumdan xahiş elədim, uşaqlarımı…" - Nurəddin Mehdixanlı gizlinləri acıb-tökdü - FOTO

"İt hürər, karvan keçər"

Çox sərt, zabitəli görünüşü var. Necə deyərlər, köhnə kişilərdəndir. Elə buna görə də şəxsi həyatıyla bağlı sualları qorxa-qorxa verməli oldum.

Ailəsi, övladları ilə bağlı danışmağı sevməyən, şəxsi suallardan qaçan akytor bizə elə sözlər dedi ki...

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının Milli.Az-a müsahibəsini təqdim edirik.

- Zahirən çox qürurlu, güclü təsir bağışlayırsınız. Bəs hansı məqamlarda qolunuz boşalır və özünüzü çox gücsüz hiss edirsiniz?

- Elə şeylər var ki, onları görmək, o məsələləri həll etmək istəyirsən, amma bunlar sənin imkanın xaricindədir. Onda gücsüzləşirəm. Məsələn, deyirsən Allahım, mənə elə bir güc ver ki, bu millətin Qarabağ dərdini bir anın içində həll edə bilim. Amma sən bunu bacara bilmirsən.

- Bəs şəxsi məqamlarda?

- Şəxsi həyatımda özümü gücsüz gördüyüm an olmayıb. Mən savaş adamı olmuşam və ömrümboyu savaşmışam. Savaşa-savaşa gəlib bu yerə çatmışam. Söhbət yumruq davasından yox, gördüyüm işlərdən, həqiqəti deməkdən, üstünə gələnləri dayandırmağı bacarmaqdan gedir. Yəni bu həyat mübarizədir və nəslinin-soyunun adını yaşatmaq istəyirsənsə, savaşacaqsan. Sındığın gün hər şey bitir.

 - Deyirlər kişi ağlamaz, sonuncu dəfə nə zaman hönkürüb ağlamısınız? 

-  Qarabağdan qaçqın düşən bir ailənin taleyindən bəhs edən "Xəcalət" tamaşasında xəstə qızına və həyat yoldaşına istədiyi həyatı verə bilməyən kişi - yəni mən yataqxananın həyətində tək oturub  yana-yana ağlamışam. Amma kişinin içinə axıtdığı göz yaşları daha çox olur. Bu yaxınlarda bir tədbirdəydim, analarla bağlı  söhbət oldu.

Anamı xatırladım. Yadımdadır ki, anam həmişə evimizin pilləkanında oturub bu bayatını oxuyardı:

Əzizim arxa haray,

Su gələr arxa haray.

Qərib ölkə, yad ölkə,

Çağırar arxa haray.

Həmin o mənzərə gəlib durdu gözümün qabağında kövrəldim. İnsan anadan yetim qalır.

- Yuxunuza girirmi?

- Çətinliyim olanda, nadir halda atam yuxuma girir, amma anamı tez-tez yuxuda görürəm.

- Deyirlər sənət adamlarının məmur dostları çox olur, çoxdumu belə dostlarınız?

- Çox deyil, amma var. Çox etibarlı, güvəndiyim, yüksək vəzifəsinə baxmayaraq saf, səmimi dostlarım var

- Yəni, istədiyiniz vaxt qapısını döyə bilirsiniz?

- Mən çalışıram öz problemlərimi özüm həll edim, amma elə məqamlar olur, dostlarına müraciət edirsən. Bəlkə də doğru olmaz bunu demək, amma gizlətməyəcəm, uşaqlarım işsiz idilər, məmur dostumdan xahiş elədim, uşalarımı işə düzəltdi. O, Vətənini, millətini sevən ləyaqətli bir kişi, dövlət məmurudur. Dostlarına sədaqətlidir. O insan təkcə mənə yox, sənətə xidmət edən çox insanların yanında olan, problemini həll edən ləyaqətli insandır. Amma adını çəkməyəcəm. 

- Cəmiyyətdə, insanlar arasında olanda, hansı məqamlar sizi daha çox bezdirir?

- İnsanların öz dillərinə mənfi münasibətini görəndə, iki azərbaycanlı bir-biriylə başqa dildə danışanda, gənclər küçədə gedərkən tərbiyədən kənar sözlər işlədəndə, özlərindən böyüyə diqqətsizlik sərgiləyəndə xoşuma gəlmir. Amma onlar Azərbaycan gənclərinin çox az faizidir.

- Bir az da teatrdan danışaq. Azərpaşa Nemətov teatra gələndən sonra nə dəyişdi?

-Yaradıcılıq atmosferi. Əslində, teatrın rəhbəri yaradıcı insan olmalıdır. Azərpaşa Nemətov sənəti və sənət adamlarını sevən insandır. Son vaxtlar yeni tamaşalar hazırlanır. "Ölülər" qoyuldu, Cəfər Cabbarlının "Almaz" əsərinin məşqlərinə başlanıb. Aktyorlar böyük sevgi ilə çalışırlar, teatrda yaradıcılıq atmosferi var.

- Biz elə bildik, Azərpaşa Nemətov teatrda olan qalmaqalın kökünü kəsəcək, amma, elə olmadı.

- Xırda epizodu şişirdib böyük hadisə kimi təqdim etməyə lüzüm yoxdur. Təəssüf ki, xırda şeyləri qabardırlar.

- Niyə ki, son hadisə - Fuad Poladovun teatrdan getməsi məncə, kiçik epizod deyil axı...

- Mən bu məsləyə qarışmaq istəmirəm, Fuad Polodovla Azərpaşa Nemətov uzun illərin dostudur, onların söhbətinə müdaxilə etmək qeyri-etik olardı. Məni tamaşalar, repertuar maraqlandırır. Teatr elədir ki, gedən də olur, gələn də. Bundan faciə düzltmək, kiminsə üstünə hücum çəkmək üçün vasitə kimi istifadə etmək lazım deyil. Yaradıcı adamlar bunu özləri də həll edər, amma kənar müdaxilələrlə ortalığı qırışdırırlar.

- O dövrdə vardı belə qalmaqallar?

- Guya indi hansı şirkətdə, hansı qəzetdə, hansı saytda qalmaqal yoxdu?

Sadəcə olaraq, o zaman senzura vardı, indi demokratiyadır. Həyat savaşdır, sadəcə olaraq, bu savaşda, biri böhtanı, şəri, intriqanı, digəri də açıq mühakiməni seçir. Bu, həmişə olub, sabah da olacaq.

- Şayiələrə münasibətinizi bilmək maraqlı olardı?

- Nədən yazıçının romanı, rəssamın əsəri, aktyorun rolu barədə danışmırlar, amma tamamilə xırda-para şeylərdən şayiə düzəldib ətrafa yayırlar. Hər kəs öz beyninə, əxlaqına uyğun işlər görür.  Lakin həqiqətin yanında olan insan həyatda qazanır. Dünya dairəvidir, örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçəcək. Əkdikləri bir gün öz baxçalarında bitəcək, bunu unutmasınlar.

- Bostanınızı daşlayanlar çox olub deyəsən...

- İt hürür, karvan keçir. Mən işimi görürəm, elə şeylər mənə maraqlı deyil. Hər kəs şərəfinə, aldığı tərbiyəyə görə hərəkət edir.

- Əhvalınızı korlamaq istəmirəm, bəlkə uşaqlarınızdan danışaq, subaydılar?

- İki qızım, bir oğlum var, bəli subaydılar.

- Ailə qurarkən, seçimlərinə müdaxilə edəcəksinizmi?

- Əlbəttə, hər şey valideyn nəzarəti altında olur. Biz özbaşına böyümədik ki, mənim uşaqlarım da özbaşına böyüsün. Həmişə yanlarındayam. Böyük qızım Ayturan ali təhsillidir, bank sistemində çalışır, oğlum Ərturan dövlət idarəsində işləyir, kiçik qızım, hələ ki, işsizdir, yoldaşım universitetdə müəllimədir. Onlar mənim hər şeyimdir, onlar üçün yaşayıram. Seçimlərinə qarışacam təbii. Məcburiyyət deyil, amma məsələhət var. Belə də olmalıdır, onlar özləri də bunu gözə alıb.

- Çox sərt atasınız, deyilmi?

- Deməzdim. Ata olmaq məsuliyyətdir və nə qədər varam, onların taleyinə cavabdehəm.

- Uşaqlarınızla nəyisə bölüşüb, müzakirə edirsiniz?

- Elə məsələlər var ki, danışıb müzakirə edə bilirik. Amma valideynlə uşaqlar arasında bütün münasibətləri çılpaqlaşdırmaq olmaz. Mütləq şəkildə pərdə olmalıdır.

- Yəni qadağalarınız var?

- Biz bir-birimizi bir baxışla, çox  rahatlıqla başa düşürük. Mənə elə gəlir ki, ata-ana övlad üçün nümunədir. Hərdən bir nəyisə ötəri deyirsən, ya da qulağına  pıçıldayırsan ki, bu olar, bu olmaz.

- Bir qızınız da var, deyəsən, bir ara aktrisa kimi fəaliyyət göstərdi.

- Xeyr, kökündən yanlış olan söhbətdi. Bir kəlməylə cavab verəcəm, bu böhtan idi, məni o silahla vurmaq istəyirdilər.

- Köhnə kişilərdənsiniz, mühafizəkarlığınız üzünüzə yazılıb...

- Razıyam. Bəziləri evlərinə kamera gətirtdirib, verilişlər çəkdirir, lap əcəb edirlər. Amma mən o aləmin adamı deyiləm, o qapı mənim qapımdır, ailə mənim qalamdır, kənar adamın içəri girməsinə icazə vermərəm. Bizi belə öyrədiblər. Bəlkə elə sabah mənim oğlum başqa cür düşünəcək, amma inanmıram belə olsun. Ailə institutu kifayət qədər güclüdür.

- Heç arada yumruğunuzu masaya çırpıb, hökmünüzü göstərirsiniz?

- Yumruğumu evdə masaya vurub eləmirəm. Buna ehtiyac da yoxdur. "Bu, belə olmamalıdır, vəssalam" - bu söz kifayət edir. Kişi əgər yumruğunu masaya çırpırsa, demək ki, zəifləyib, artıq səni evdə eşitmirlər, məcbursan yumruq vurmağa. Yumruğu başqa yerlərdə vururlar.

- Adamın inanmağı gəlmir ki, evdə xanımınıza güzəştə gedərsiniz?

- Özünə hörmət edən insanlar bir-birini anlayırlar. Harada güzəşt etmək lazımdır, harada lazım deyil- bunun üçün böyük ağıl lazım deyil. Sadəcə olaraq, "hər şey mən deyən kimi olmalıdır" inadcıllığından  azad olanda rahat yaşamaq olur. Görüsən ağ rəngə "bu rəng qaradır" deyib  səni inandırmağa çalışırlar, orada güzəştə getməyin yeri yoxdur. Bir də var deyir "bu ala-buladır", deyirsən ki, hə, bəlkə də ala-buladır. Həyatda ən zəhləm getmiş şey yalandır. Əgər yalan qan yatırsa, danışmaq olar. Amma yalana öyrənmək yaxşı hal deyil. İnsanlar həyatını rahat etmək üçün anlaşmalıdır.

- Həmişə mənə elə gəlib ki, daxilən azad insanların qalstukdan zəhləsi gedib. Amam həmişə də onları qalstukda görmüşəm. Elə sizi də...

- Boğaza bağlanan şeylərdən zəhləm gedib. Amma taxmağa məcburam. Adətən idman üslubunu sevirəm, amma tədbirlərə, mərasimlərə qəbul olunmuş qaydalarla geyinib gedirəm.

- Sənət adamlarının çoxu saçını boyayır. Sizin belə bir fikriniz yoxdu ki?

- Allah o bədbəxtliyi bizə göstərməsin. Elə bilirsiz, saçı ağartmaq asan məsələdir? Allahın verdiyi ömür payında hər kişi bəyəm saç ağarda bilir? Kim boyayır, boyasın, özləri bilər, amma mən pis baxıram, qəbul etmirəm. Bəhanələri var ki, səhnə gözəlliyi sevir, boş söhbətdir. Səhnə sənəti sevir.

- Əyləncənizi də bilmək maraqlı olardı?

- Tək-tənha dəniz qırağında gəzmək və kitab oxumaq - bu, mənim hobbimdir.

 

Məqaləyə dair fotomateriallar:

AzerTaym.az

 

 

 

 






Fikirlər