“İndi bəziləri deyəcək ki, özü tərbiyədən danışır, amma oğlu…”- RƏHMAN RƏHMANOV

Rahman Rahmanov

Artıq yeni teatr mövsümünün son hazırlıqları gedir.

Gununsesi.info olaraq yaradıcılığının 43 ilini teatra həsr etmiş Əməkdar artistRəhman Rəhmanovla görüşüb söhbətləşmək qərarına gəldik. Müsahibəni sizə təqdim edirik.

-Rəhman müəllim, teatrda hansı yeniliklər gözlənilir?

– Teatrdakı yeniliklərdən danışmaq bizə qadağandır. Amma deyim ki, əlbəttə, yeni mövsüm açılır və yeniliklərin olacağı mütləqdir.

-Müsahibələriniz birində qeyd etmisiniz ki, vaxtilə sizi Akademik Milli Dram  və Musiqili Komediya Teatrına dəvət etsələr də,  razı olmamısınız,  16 yaşında çalışmağa başladığınız Kukla Teatrından üz döndərməmisiniz? Niyə?

Ömrümü uşaq yaşlarımdan  teatra bağladım. Lütfi Məmmədbəyovun sinfini bitirmişəm. O vaxt məni götürüb Akamedik Milli Dram teatrına apardı və orda  yardımçı heyətdə çalışmağa başladım. Hər tamaşa üçün 1man 30 qəp pul alırdım. O zaman üçün böyük pul idi. Böyük sənətkarları izləmişəm, onlarla bir səhnəni bölüşmüşəm.  Amma sonra Kukla Teatrına gəldim. 4-cü sinifdə oxuyanda xahiş etmişdim, mənə kukla almışdılar, o zaman özümün kiçik kukla teatrımı yaratmışdm. Bu istək uşaqlıqdan içimdə var idi. Sonra elə oldu ki, gəldim həmin teatra, o vaxt ştatda 10 nəfərlik aktyor çalışırdı, yerlər yox idi deyə,  məni aktyor kimi götürə bilmədilər. Fəhlə kimi işləməyə başladım. Amma buna baxmayaraq, rollar da oynayırdım. Artıq 43 il edir. O biri teatrlara keçməməyimin səbəbinə gəlincə,  o vaxt Musiqili  Komediya Teatrında baş rejissor var idi- rəhmətlik Niyaz Şərifov, o məni dəvət etmişdi. Nəsə getmədim, elə Kukla Teatrında qaldım. Sonra Səyavuş Aslan da, Hacıbaba Bağırov da  işə gələndə  məni çağırdı, ” işləyirəm” deyib, etiraz etdim.

 “İşlədiyim teatra heç cür xəyanət edə bilmirəm”

 -Kukla Teatrından çıxıb başqa bir teatra üz tutmaq böyük dəyişiklik olar. Ola bilərmi ki, bu dəyişikliklərə hazır deyildiniz?

 Xeyr. Məni başqa teatrlara çağırıblar, mən tamaşalar oynamışam. Televiziya tamaşalarında, seriallarda rollar almışam. Konsertlərdə iştirak etmişəm. Mən aktyoram,  kənarda aktyor kimi  çıxış edib “qurdumu öldürürəm”. Çox istərdim ki, gedib oynayım, amma Kukla Teatrında da oynayan lazımdır, mən artıq özümü bura həsr etmişəm. Çağırırlar, heç yerə gedə bilmirəm. İşlədiyim teatra heç cür xəyanət edə bilmirəm.

-Yəqin bu həm də uşaqları sevdiyinizdən irəli gəlir…

 Əlbəttə. Uşaqlarla işləmək çox gözəldir. Eyni zamanda, onlarla işləmək hər aktyorun hünəri deyil. İlk olaraq fidan balaları mənəvi tərbiyələndirən bizim teatr olur, səhnə əsərini ilk dəfə bizim teatrda izləyirlər. Onlarda musiqiyə, teatra həvəs bizim teatrdan yaranır. Məni həyatda cavan saxlayan uşaqlardan aldığım  enerjidir. Həyatda, düzdür, elə hadisələr var ki,  insana pis təsir edir, amma uşaqlarla ünsiyyət sənə müvəqqəti də olsa, hər şeyi unutdurur.

-İndiki gənclərdən razısınızmı?Əksər aktyorlar onlardan giley edir…

 Əgər bizim teatrdan danışsaq, mən çox razıyam. Sözümü eşidirlər, tələblərimizi yerinə yetirirlər. Tələb də təbii ki, sənətlə bağlıdır. İstəyirik ki,  rollarına fikir versinlər. Düzdür, elə gənclər var ki, deyir ki, əşşi, onlar kimdir, indi biz gəlmişik… Amma bu, bizim teatra aid deyil.

 “İndi kinolar, seriallar, kanallar var. Məhşurlaşmağa nə var?

 -Siz və sizdən yaşlı insanlar həmişə deyir ki, “o vaxt sənətə  gəlmək çətin idi. İndiki gənclər istəklərinə rahatlıqla çatırlar”. Özünüz üçün düşünüb demisizmi ki, “kaş sənətə indi gələrdim, daha çox uğur əldə etmiş olardım”?

 Bizim dövrdə sənətə gəlmək ona görə çətin idi ki, o vaxt televiziya kanalı bir idi. İndi kanal çoxdur deyə, məhşurlaşmaq asandır. Axı, o, zaman tək mən deyildim ki, efirə çıxarsınlar. Ona görə televiziyada çıxış etmək üçün gərək seçilərdin. Amma indi kinolar, seriallar, kanallar var. Məhşurlaşmağa nə var?

-İndi özünüz də dediniz ki, filmlər, seriallar çoxdur. Bir balaca imkanı olan film çəkdirir. Bu sənətin cılızlaşması demək deyil?

– Bilirsiniz, film çəkmək olar. Gənclər də irəli getsin, amma yetər ki, hər şey sənət naminə olsun, pul naminə deyil. Düzdür, maddi vəziyyət lazımdır, amma tam olaraq pul arxası ilə qaçmaq olmaz.  O dövrdə mən 60 manat məvacib alırdım. Özümü sənətə qurban verirdim. Maddi vəziyyəti deyil, rollarımı düşünürdüm.  Amma indikilər birinci maddi durumu düşünür. Son vaxtlar yaşlı aktyorlar verilişlərə bilirsiz niyə getmirlər?

Çünki onlara verilişlərdə pul verilmir. O vaxt rəhmətlik Səyavuşu da verilişə çağıranda həmişə birinci soruşardı ki, mənim qonararımı verirsinizsə gəlirəm. Yaşar Nuri də həmçinin. İndi belə şeylərə o qədər fikir verilmir. Qonararımızı versinlər, çıxaq verilişlərə. Mən Ankarada televiziya verilişinə çəkildim, qapıdan çıxan kimi mənim qonararımı  verdilər. Bizdə belə şey yoxdur. “Mən ölüm- sən ölüm” məsələsidi… Yalandan deyirlər ki, guya rəhbərlik tapşırıb və ya “adını çəkib” adamı dəvət edirlər. Sən də kiminsə xətrinə və ya nəyinsə xətrinə məcbursan ki, gedəsən. Vaxtın gedir, iş-güc qalır, üstəlik qazancın da olmur.

-Azərbaycanda aktyora dəyər az verilir. İndi aktyorluq bir tərəfə qalır, hər kəs ailəsini dolandırmaq barədə düşünür. Həqiqətən elədirmi?

– Yox. Düzdür, deyirlər ki, aktyorun məvacibi azdır, mən onunla razıyam, amma aktyorun əlində böyük imkan var ki, kənardan qazansın. Seriallarda çəkilsin, konsert proqramını idarə etsin. Bizi dəvət edirlər gedirik, qonararımızı verirlər.  Tutaq ki, teatrdan 200-300 manat alırsan,  bir o qədər də kənardan ala bilərsən. Kimisə çağıranda yaxşı mənada “alver edir”, razılıq alandan sonra gedir çəkilir. Amma kim ki, deyirsə ki, məvacib azdır, deməli günah özündədir. Demək ki, istedadlı deyil,  başqalarından seçilmir.

Bir dəfə məni 50 bölmədən ibarət  filmə dəvət etdilər. Türk rejissoru çəkirdi. Danışığı azərbaycanlı aparırdı. Məndən soruşdu ki, çəkiliş gününə nə qədər alacaqsan, dedim 200. Dedi ki,  yox, 100 verə bilərəm. Mən də durub çıxdım. Sonra rejissor gəlib məni soruşub,  maddi məsələdə razılığa gəlmədiyimizi  deyəndə, rejissor da lazım olan məbləği verməyi tapşırıb. Bildirib ki, mən yalnız onu çəkəcəm. İş belə olar. Demək ki, mən ona aktyor kimi lazımam. Fəxrəddin Manafov, Fuad Poladov 1000 manat alır, eləsi də var ki, 50 alır. Deməli, sən özünü doğrultmursan. Yəni,  tənbəllik edir. Elələri var toya gedir, aparıcılıq edir. Mən bunların hamısına yaxşı baxıram.

 

“Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

 

-Həyatda əldə etmək istədikləriniz var? Yoxsa, “bu qədər mənə bəsdir” deyirsiz?

– Xeyr. Heç bir insan ölən günə qədər demir ki, bu qədəri bəsdi. Hamı yaxşı mənada acdır. Aktyor hansısa rolu oynayır, sonra deyir yox qoy onu da oynayım. Eynilə filmdə də elədir. Hamısı yeni-yeni obrazlar yaratmaq istəyir. Mən də o cümlədən yeni filmlər, yeni rollar axtarışındayam.

-Oğlunuzun başına gələnlər hər kəsə məlumdur. Vaxtınızın çox hissəsini yaradıclığınıza ayırdığınızı nəzərə alsaq,  düşünmüsünüz ki, “sənətə vaxt çox ayırdım, övladlarımın  tərbiyəsinə isə zaman yetmədi”?

 Mənim oğlum özü sənətdədir. Gözəl müğənnidir. Mən ona heç nə deyə bilməzdim, özü kifayət qədər püxtələşmiş insan idi. O, yaxşı insandır, sadəcə, əhatəsi pis olub. Hadisə oldu və onunla da hər şey bitdi. Vaxtında onlara zaman da çayırmışam. Tərbiyəli övladlarım var. Bir oğlum rəhmətə gedib. 27 yaşı var idi. Bizim teatrda işləyirdi, istedadlı oğlan idi. Mənim ağıllı qızım  var. Elə o biri övladlarım da həmçinin. Siz deyilənlərə inanmayın. Jurnalistlərin işi budur. Bir balaca nəsə deyirsən, o, dəqiqə milçəkdən fil düzəldirlər. Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. İnsan məhbəsə də düşə bilər. İnsandır, hər şey olur.

-Deyirlər subay insan daha çox uğur əldə edir, nəinki, ailəli. Razısınızmı?

-Əlbəttə, razıyam. Mən ailəli olmasaydım,  indi 10 qat artıq aktyor olardım. Ailəni də gərək düşünəsən. Onların tərbiyəsi ilə məşğul olursan, maddi vəziyyəti düşünürsən. İndi bəziləri deyəcək ki, özü tərbiyədən danışır, amma oğlu… Mənim oğlum necə tərbiyəsiz ola bilər? O müğənnidir, çıxışları olur, verilişlərə dəvət alır. İnsanın ayağı bir dəfə daşa dəyibsə, o, tərbiyəsizdir? Mən özüm “Kubinka” deyilən ərazıdə böyümüşəm. Ətrafım nəşə çəkənlər idi. Nənəmin ümidində böyümüşəm. O, elə böyüdüb ki, o məhəllədə onlara qoşulmadan teatra yönəlmişəm. Mən də onlara qoşula bilərdim, 10 il yatıb gələ bilərdim. İnsanın özündən çox şey asılıdır. Amma indi Əməkdar artistəm, “Qızıl dərviş ” mükafatçısıyam, Prezident təqaüdü alıram…






Fikirlər