Tanınmış hüquqşünas erməni şirkəti ilə əməkdaşlıq iddiasını darmadağın etdi – FOTO, VİDEO

Tanınmış hüquqşünas erməni şirkəti ilə əməkdaşlıq iddiasını darmadağın etdi – FOTO, VİDEO

Aslan İsmayılov: “Həmin erməni Raffi Bozaçiyanla Mürvət Həsənovun özü birbaşa işbirliyində olub” 

Türkiyədə toyuq, yumurta istehsalı ilə məşğul olan  “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin payçıları arasında erməni əsilli şəxsin olması və şirkətin  Azərbaycana yumurta yollaması haqda bilgilər gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. 
İşdə tanınmış hüquqşünas Aslan İsmaylovun adı da hallandığından, musavat.com müxbiri olaraq, onun özünə müraciət etdik. 
A.İsmayılov bildirdi ki, məsələnin bu şəkildə gündəmə gətirilməsi “Xəmsə” restoranının sahibi Mürvət Həsənovun maraqlarına uyğundur: “Bu ilin may ayında Türkiyədə tanıdığım çox nüfuzlu bir şəxs bir iş adamını qəbul edib bacardığım köməkliyi göstərməmi xahiş etdi. Az sonra Bakıda “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin sahiblərindən biri Ömür Oralla görüşdük. Ö.Oral xahiş etdi ki, onun Bakıda olmasını kimsəyə deməyim, bu onun həyatı üçün təhlükəli ola bilər. Ömür Oralla görüşdə məlum oldu ki, sahibi olduğu şirkət “Siyəzən Broyler” ASC-yə göndərdiyi yumurtaların əvəzi olaraq 1 milyona yaxın ABŞ dollarını ala bilmir. Təxminən 3 ay sənədlərlə mükəmməl tanış olduqdan sonra Sumqayıt İnzibati-İqtisad məhkəməsinə “Siyəzən Broyler” ASC-dən satılmış mallara görə əsas borc üzrə, icranın gecikdirilməsinə görə dəbbə pulu, malın alınmasından imtinaya görə cərimə, ödənişin gecikdirilməsinə görə faizlər üzrə – cəmi 7 milyon 199 min  068,03 ABŞ dolların “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin xeyrinə tutulması iddiası ilə müraciət etdik. Məhkəmədə bəlli oldu ki, “Siyəzən Broyler” ASC-nin “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nə 3 milyon 800 min ABŞ dolları civarında borcu olub və borc son sentinə qədər özünü türk şirkətinin nümayəndəsi kimi təqdim edən Mürvət Həsənov adlı şəxsə ödənilib”, - dəyə A.İsmayılov bildirdi.
Tanınmış hüquqşünas M.Həsənovun Ömür Oralla kirvə olduğunu və onun etibarından sui-istifadə etdiyinin bundan sonra bəlli olduğunu açıqladı: “Bu barədə Ömür Oralla danışdıqda bilindi ki, həqiqətən onlar Azərbaycana göndərdikləri malların ödənişinin təmin edilməsi üçün Mürvət Həsənova hər yumurta üçün bir sent veriblər və müəyyən müddət də bu qaydada işləyiblər. 2015-ci ildən bəri borc 3 milyon 800 min ABŞ dollarına çatıb. Mürvət Həsənovun xahişlərinə baxmayaraq, onlar yumurta göndərməyi dayandırıb pulun tam ödənilməsini tələb ediblər.  
Mürvət Həsənov onlara bildirib ki, “Siyəzən Broyler” ASC borcunu ödəməkdən imtina edir və sahibləri hakimiyyətin ən üst qatında olduğundan borcun ödənilməsi sual altındadır. İşlədikləri müddət Mürvət Həsənov daim onlara qayğı göstərdiyindən, özünün Azərbaycanda ən dürüst iş adamı olduğuna inandırdığından onlar Ömür Oralla kirvə də olublar. Buna görə də Ömür Oral Mürvət Həsənovun dediklərinə heç bir şübhə etməyib, ancaq pullarını tələb etməkdə israrlı olub. Bu müddət ərzində Mürvət Həsənov Ömür Orala, özünün Azərbaycanda çox ciddi nüfuz sahibi olduğundan, borcların qaytarılmasına çalışacağını bildirib. Bir müddət Mürvət Həsənov onlara təxminən 2 milyon dollar göndərib, qalan borcun isə ödənilməsinin mümkünsüz olduğunu bildirib. 
Ömür Oral borclarını tələb etmək üçün Bakıya gələcəyini bildirdikdə Mürvət Həsənov ona Bakıya gəlməsinin onun üçün təhlükəli olduğunu, ödədiyi pulun isə güclə öz nüfuzu, oğru dünyasının adamları ilə zorla təmin etdiyini, Azərbaycanın mafiya qanunları ilə idarə edildiyini bildirib. Ömür Oral məhz onun bu sözlərinə inanaraq mənim yanıma gələndə deyirdi ki, təhlükəsizliyi baxımından Bakıda olmasının kimsənin bilməsini istəmir. Əslində isə Ömür Oralın həyatı üçün Bakıda heç bir təhlükə olmayıb. Mürvət Həsənovun ona yalan danışmaqla yerdə qalan puldan imtina etməsinə nail olmaq istəyib. Yalanının üstü açılandan sonra isə Ömür Oralın sahibi olduğu şirkətdə erməni əsilli Türkiyə vətəndaşının payçı olmasını mətbuata ötürüb”. 
A.İsmayılov deyir ki, bunları biləndən sonra “Siyəzən Broyler” ASC-ni təmsil edən şəxslərlə anlaşıblar ki, onlara qarşı heç bir irad yoxdur, ancaq onlar bu barədə rəsmi strukturlara ödəniş sənədlərini təqdim etsinlər: “Belə də oldu. Həmin şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət etdilər. Bundan dərhal sonra Mürvət Həsənov Türkiyəyə getdi, Ömür Orala müraciət edərək borcu tam ödəyəcəyini, buna görə istənilən yerdə və vaxtda onunla görüşüb problemləri həll etməyə, borcu tam qaytarmağa hazır olduğunu bildirdi. Ömür Oral isə baş verənlərdən sonra ona heç inanmadığını və ancaq vəkilinin yanında görüşə biləcəyini dedi. Ona çatdırmışdı ki, sən dələduzsan, mənə Azərbaycan hökumət rəhbərliyi adından yalandan hədə-qorxu gəlmisən, faktiki isə pulu sən mənimsəmisən. Mürvət Bakıya qaydandan sonra bir xeyli ziyalıların vasitəsi ilə mənə müraciət etdi ki, bu işdən geri çəkilim. Çəkilmədim. 2016-c il noyabrın ortalarında Ömür Oralla məni Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində dindirdilər. İfadə veriləndən sonra bizi Mürvət Həsənovla üzləşdirəcəklərini bildirdilər.  
Sonradan Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində üzləşdirilməyə çağırıldı. Həmin idarənin qarşısında Mürvət Həsənov bizi ağlaya-ağlaya qarşıladı. Yalvarırdı ki, mənim evimi yıxıb məhv etməyin, pulu qısa zamanda son qəpiyinə qədər ödəyəcəyəm. Ona dedik ki, gedək ifadə verək, pulu ver, biz sənə kömək üçün əlimizdən gələni edəcəyik. Dəfələrlə danışıldıqdan sonra, Ömür Oral bacardığı qədər borclarından keçdi və son olaraq qərara alındı ki, Mürvət Həsənov mənimsədiyi 1 milyon 467 min dolları ödəməlidir. Müstəntiq Tural Aslanovun yanında olan bu söhbət zamanı belə qərara alındı ki, birgə gedib həmin məbləğə borc müqaviləsi imzalayırıq. Son olaraq mənim ofisimdə Mürvət Həsənov göz yaşları tökərək borcu 1 milyon 300 min ABŞ dollarına qədər endirdi və bu barədə videoçəkiliş aparılmaqla Ömür Oralın yanında borc müqaviləsi imzalandı. Həmin videonu da təqdim edirəm. 
Bu müddət ərzində onun hansı cildlərə girməsi məni, cürbəcür insanlar görmüş birisini də dəhşətə gətirmişdi. 
Mürvət Həsənov özü şəxsən mənə “Aslan müəllim, siz Azərbaycanda tək kişisiniz, sizin üçün mən canımdan belə keçməyə hazıram” deyə-deyə, söz arası “Aslan müəllim, mən sizə 200 min verəcəm, siz bu işdən keçin, mən Ömürlə olan problemi özüm həll edəcəm”, təklifini də edirdi. Baxışlarımı görən kimi “bax, buna görə hamı sizinlə hesablaşır”, deyə dərhal düzəliş edirdi. Sonradan mənim adımı mətbuatda “200 min alıb ermənini müdafiə edir”, şəklində çəkməsi də təsadüfi deyil. Bu adamın xisləti budur.  Bundan sonra kimləri üstümə salmadı ki, mən ona 300 min ABŞ dollar verirəm bu işdən vaz keçsin. Bu təkliflərə uyub müraciət edən hörmət etdiyim şəxslər belə oldu. Öz şəriki Mamed adlı şəxslə Türkiyəyə gedib Ömür Oralı şantaj etdi, vergi orqanlarına müraciətlər imzaladı. Bundan sonra rəsmi strukturlara “Aslan İsmayılov Ömür Oraldan 200 min alıb problemin həll olunmasına əngəl törədir” kimi iddialar ortaya atdı. Çox böyük nüfuz sahiblərindən biri də mənə “Aslan müəllim, Ömür verdiyi 200 mini Mürvət də sizə ödəməyə hazırdır“, dedikdə artıq məcbur olub həmin dəqiqə Ömürə zəng edib dediklərini təkrarladım. Ömür Oral elə həmin an “o sözü deyən kişi ilə məni üzləşdirin“, cavabından sonra həmin şəxs bir iki günə problemin həll olunacağını bildirdi.
Məlumat üçün deyim ki, “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi” öz mükəmməl işi ilə Türkiyədə ən böyük yumurta istehsal edən şirkətdir, Azərbaycandan başqa 14 ölkəyə də mal ixrac edir. Bu problemdən sonra 2015-ci ilin iyun ayından Azərbaycanla əməkdaşlığı kəsiblər. Adı çəkilən şirkətin ermənilərə məxsus olması isə daha maraqlı söhbətdir. Bunu Mürvət Həsənov heç vaxt bilə bilməzdi. Məhz kirvə olduqlarına görə Ömür Oral özü Mürvətə demişdi ki, şirkətdə ermənilərə məxsus 5 faiz pay olub, həmin payı faktiki olaraq ermənidən alsalar da, rəsmiləşdirə bilmirlər. Mürvət Həsənov hamıdan yaxşı bilir ki, pay sahibi Raffi Bozaçiyan 3 ilə yaxındır ki, İstanbulun Amerikan xəstəxanasında koma vəziyyətində aparata qoşulu olduğundan nə özü, formal olaraq sağ olduğundan nə də vərəsələri rəsmiləşdirə bilmir. Erməni məsələsinin bu şəkildə ortaya atılması murdarlıqdır. Həmin erməni Raffi Bozaçiyanla Mürvət Həsənovun özü birbaşa işbirliyində olub. Raffi Bozaçiyan Mürvət Həsənov qızıl saat bağışlayıb. 10 ildir ki, Mürvət Həsənov bu şirkətin Azərbaycanda satdığı hər yumurtadan 1 sent alıb. Həmin pulları alanda şirkətin Raffi Bozaçiyan adlı payçısı olduğunu da bilirdi. Nə baş verir – pul alanda olur, borcları qaytaranda erməni məsələsi üzə çıxır?” 
Komadakı erməni
A.İsmayılov M.Həsənovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovla əlaqələrinin olduğunu da bildirib: “Mürvət Həsənovun 12 kirvəsi olub. Həmin şəxslərin hər biri MTN-dən keçib, başlarına oyunlar gətirilib. 3 iş adamı var ki, Mürvət Həsənovun əli ilə MTN-ə aparılıblar, birindən 300, o birindən 500, digərindən isə 1 milyon alıblar. Bu haqda məlumatlıyam. Akif Çovdarovun ödladlarının toyu onun “Xəmsə” restoranında olub, bağ evlərində baş tutan nəvələrinin ad günlərində “Xəmsə”nin ofisiantları xidmət göstərib, yeməklər “Xəmsə”də bişirilərək həmin məclislərə aparılıb. Mən hüquq mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, bu məsələlər də araşdırılsın. Mürvət Həsənov “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının üzünə duran şəxsdir”.
A.İsmayılov bildirib ki, heç bir şantaj, təzyiq onu “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin müdafiəsindən döndərə bilməz.
Yazıda adları çəkilən hər kəsi dinləməyə və mövqelərini dərc etməyə hazırıq.  
 
 
 


 






Fikirlər