Azərbaycanın tanınmış politoloqu: “Uzun illər mənə elə gəlirdi ki, 41 yaşdan o yana yaşamaq mümkün deyil”
Uzun illər mətbuatın ən fəal müsahiblərindən olan politoloq, siyasi xadim Eldar Namazov son dönəmlər səssizliyini qoruyur. Səhhətinə görə ciddi müalicə sürəci keçən Eldar bəy üçün aktiv siyasət də məhz bu səbəbdən arxa plana keçib. Amma o, ara-sıra “Yeni Müsavat”a müsahibə verir. Dekabrın 23-də 60 yaşının tamam olması politoloqla daha bir müsahibəyə yaxşı fürsət yaratdı.
Yubilyarı redaksiyamıza dəvət edib, öncə geridə qoyduğu 60 ili, daha sonra isə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın durumu, Qarabağ münaqişəsini, regionda gedən siyasi prosesləri müzakirə etdik. Əminik ki, müsahibimizin bu günə qədər açıqlamadığı bir çox yeni məlumatlar hər zaman olduğu kimi, cəmiyyətdə ciddi müzakirə mövzusuna çevriləcək.
Musavat.com saytının veb redaktoru Xalid Kazımlı, “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov və “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızının iştirakı ilə baş tutan söhbətə isə baş redaktor Rauf Arifoğlu start verdi. Rauf bəy öncə yubilyarı qəzetimiz adından təbrik edib, ənənəvi yubiley sualı ilə müsahibəmizi başladı.
R.Arifoğlu:
- Eldar bəy, 60 yaşınız tamam oldu. Necə keçirdiz 60 yaşı? Nəsə bir parlaq tədbir olmadı...
- Mən, ümumiyyətlə, uşaqlıqdan, daha dəqiq desək, tələbəlik illərimdən öz həyatımla bağlı qərarlar verirdim. Elə həmin dövrdən də bu təqvimi valideynlərimin bayramı sayırdım. Atamı çox tez, 7-ci sinifdə oxuyanda itirdim. Həmişə ad günümdə səhər tezdən ilk növbədə anamı təbrik edərdim. Deyərdim ki, “bayramın mübarək, səni təbrik edirəm”. Bunu bizim ailədə də, qohum-əqrəba arasında da bilirdilər. Çünki bu hadisədə mənim nə seçimim, nə də zəhmətim olub. Məndən asılı olmayan bir hadisə olub (gülür). Anamı itirəndən sonra isə hər il ad günümdə anamın qəbri üstünə gedirəm. Ona görə də ayın 23-də səhər tezdən qəbirüstünü ziyarət etdim. Həmin tarixə qədərsə mənim dostlarım yubileylə bağlı müxtəlif təşəbbüs və təkliflərlə çıxış etdilər.
R.Arifoğlu:
- Hansı kateqoriyadan olan dostlarınız?
- Bir çox kateqoriyalardan. Mən açıq dedim ki, ölkədə yaranmış vəziyyətdə insanlarımızı da, məni də narahat edən durumlar var. Qarabağda dörd günlük müharibədən sonra yaranmış durum, böyük müharibənin başlaması ehtimalı, pərdəarxasında gedən ciddi çəkişmələri nəzərdə tuturam, həm də. Mən də bu prosesləri izləyirəm, Qarabağla bağlı bəzi tədbirlərdə də iştirak edirəm. Bu yaxınlarda xaricdə keçirilən bir tədbirdə oldum. Orada həm Avropadan, həm bölgədən, həm də Rusiyadan, Ukraynadan, Gürcüstandan tanınmış mütəxəssislər iştirak edirdilər. Digər tərəfdən, sosial-iqtisadi durum var... Sosial vəziyyət gündən-günə pisləşir...
R.Arifoğlu:
- Bir az pafoslu səslənmirmi, sizcə? Axı bütün bunlar sizin yubileyinizi keçirməyə niyə mane olur?
- Bilirsiz, mühit, əhval-ruhiyyə məsələləri var. Mən düşündüm ki, belə bir əhvalda ad günü keçirmək, şənliklər təşkil etmək yersiz olar.
S.Telmanqızı:
- Amma ad günü keçirməklə bağlı təkliflər oldu...
- Təbii. Mənsə təklif etdim ki, qısa müddətdən sonra bayramlar olacaq, onları da birləşdirib, ümumi bir yığıncaq keçirərik. Amma kiçik bir qrup vardı ki, onlara imtina edə bilmədim.
S.Telmanqızı:
- (Zarafatla) Bəlkə 60 yaşı qəbullanmaq istəmirdiz? Ona görə bunun səs-küylü keçirilməyini istəmədiz?
- Yox. Bir qrup adam oldu ki, onlarla keçirdim. Qəbul etdim 60 yaşı (gülür).
R.Arifoğlu:
- Kim idi o “bir qrup” adam? Seçilmişlərin seçilmişləri... Hamıya yox deyib, o qrupa “hə” dediz...
- Hətta mən qohumlara da yox dedim. O qrupsa 1964-cü ildə, sentyabrın 1-də eyni sinfə getdiyimiz sinif yoldaşlarım olub. O vaxtdan bəri, 52 ildir ki, biz dostluq edirik.
R.Arifoğlu:
- (Zarafatla) Onların içərisində 1-ci sinifdə sevdiyiniz qız da vardımı?
- (Gülür) Bu sual şərhsizdir. Biz onlarla 52 ildir ki, bir yerdəyik. Sinif yoldaşlarımın bəziləri hətta xaricdədilər, amma əlaqələri kəsmirlər. Həmin gün onlar mənə dedilər ki, onsuz da yığışacaqlar: “Sən gəlsən də, gəlməsən də”. Ona görə də biz yığışası olduq. 52 il öncə eyni gündə birinci sinfə getdiyimiz uşaqların bəziləri isə videozənglə Rusiyadan, Ukraynadan, Amerikadan, İsraildən təbrik etdilər.
“Ümid edirəm ki, fevraldan sonra mənə verilən manevr imkanları artacaq”
|
R.Arifoğlu:
- Sinif yoldaşlarınız arasında milliyyət çeşidi varmı? Məsələn, erməni varmı?
- Erməni yoxdur. Amma başqa millətlərdən olan sinif yoldaşlarım vardı.
R.Arifoğlu:
- Yubiley təbrikləri arasında heç erməni tanışlardan birinin təbriki oldumu?
- Aldığım təbriklər azərbaycanlılardan idi. Amma eyni zamanda ABŞ-dan, Avropadan, Ukraynadan, Rusiyadan, Türkiyədən... xeyli sayda təbriklər aldım. Hamıya təşəkkürümü də bildirmək istəyirəm. Bu gün də davam edir təbriklər.
S.Telmanqızı:
- Sizin gəlişinizdən öncə dostlarla 60 yaşınızın olması xəbərini müzakirə edirdik. Çoxumuza təəccüblü gəldi ki, sizin bu qədər yaşınız var. Bu, bir tərəfdən yaxşıdır ki, siz yaşınızı göstərmirsiz. Bəs özünüz qəbul edirsizmi, özünüzə inandırıcı gəlirmi ki, 60 yaşınıza çatmısız?
- Mən atamı itirəndə onun 41 yaşı var idi. Uzun illər, uşaqlıq, gənclik illərində mənə elə gəlirdi ki, 41 yaşdan o yana yaşamaq mümkün deyil. Mənim 41 yaşım tamam olanda çox təəccüb elədim.
R.Arifoğlu:
- Atası gənc yaşda dünyasını dəyişənlərin çoxunda o qorxu, travma var. “Babamın öldüyü yaşdayım” mahnısının sözləri də bu cür hallardan yaranıb...
- Həmişə mənə elə gəlirdi ki, 41 yaşdan o yana yaşadığım bir qənimətdir, hədiyyədir. O səbəbdən də mən bunu ölçmürdüm. Düşünürdüm ki, mən atamdan artıq insan deyiləm. Ona görə də mən o yaşa əhəmiyyət vermirəm.
R.Arifoğlu:
- Yaşla bağlı bu maraqlı sonluqdan sonra siyasətə gələk. Amma onu da deyək ki, sizin bir türlü siyasətə qayıdışınız gerçəkləşmir. Müalicədən sonra bir geniş müsahibə verdiz. Hamıya, eləcə də bizə elə gəlirdi ki, aktiv siyasətə dönüşünüz başladı. Amma bu baş vermədi. Səbəb nədir? Aktiv siyasətlə məşğul olmağa imkan yoxdur, siyasət üçün meydan yoxdur, yoxsa bu, bir taktikadır, ya da bizim bilmədiyimiz altyapı hazırlanmasıdır?
- Əslində səbəb çox sadədir... Dünən Rusiyada təyyarə qəzası olanda mən xəbərləri izləyirdim. Orda xəbərlərin arasında bir verilişə rast gəldim. Mənim müalicə olunduğum xəstəliklə bağlı 10 dəqiqəlik veriliş hazırlanmışdı. Orda qeyd olundu ki, Rusiyada bu xəstəliyə düçar olanların 50 faizi dünyasını dəyişir, 40 faizi əlil olur, 10 faizi isə rahat yaşayıb, fəaliyyətini davam etdirə bilir. Özüm özümə dedim ki, naşükür olmaq olmaz. Allaha çox şükür ki, təhlükədən yaxşı qurtarmışam, 10 faizin içindəyəm. Amma mən növbəti dəfə bu xəstəliklə bağlı xaricə səfər edəcəm. Ümid edirəm ki, fevraldan sonra mənə verilən manevr imkanları artacaq.
“Mənim tutulduğum xəstəliyə tutulanların 50 faizi dünyasını dəyişir”
|
S.Telmanqızı:
- Həkimlər sizə aktiv siyasətlə məşğul olmağı, aktiv fəaliyyəti qadağan edirlər?
- Söhbət təkcə aktiv siyasətdən getmir. Xəstəlikdən xəstəliyə fərq var. 2005-ci il parlament seçkilərində çox aktiv idim. Həmin vaxt da mən müalicə kursu keçirdim. Böyük bir kampaniya idi. Amerikada tətbiq olunan “door by door” kampaniyası başlatmışdıq, mən bunu “qapıbaqapı” adlandırmışdım. Biz bunu ancaq məhəllə-məhəllə formatında edirdik. Fiziki baxımdan böyük zəhmət tələb edən kampaniya idi. Hər gün evə qayıdanda sistem qoşurdular, dərman atırdım. Amma mənə deyirdilər ki, sən narahat olma, bu dərmanları gündə bir dəfə qəbul etsən, bu sistemi bir dəfə vurdursan heç bir problem olmayacaq.
R.Arifoğlu:
- (Zarafatla müdaxilə edir) Bu gedişlə bizim bu müsahibə də xəstəlik, dərman qoxacaq. Bu yaşlılıq, xəstəlik kompleksindən çıxalımmı, ihtiyar? (gülür)
E.Namazov:
- (Gülür) Çıxaq, çıxaq...
X.Kazımlı:
- Eldar bəy, siz 17 il öncə, 43 yaşınızda Prezident Aparatındakı işinizdən istefa verdiniz. 43 yaş siyasətçinin karyerasının ən çiçəklənən dövrüdür. İndi sizə elə gəlmirmi ki, belə bir vaxtda istefa verməyiniz yanlış idi, halbuki qalsaydız, təcrübəli bir dövlət xadimi idiz...
- Bilirsiz, indi də bu hadisələrlə bağlı mətbuatda müxtəlif məlumatlar gedir. Amma mən indi də hesab edirəm ki, bu, tamamilə düzgün qəbul olunmuş qərardır. Söhbət Eldar Namazovun karyerasından və ya vəzifəsindən getmir. Torpaq, millət, dövlətin suverenliyi prioritet məsələlərdir.
R.Arifoğlu:
- Sonuncu dəfə sizinlə geniş müsahibə aprel ayının 20-dən sonra dərc edilmişdi. İsraillə əməkdaşlıq, onun faydaları, sizin tərəfinizdən açıqlanan İsraildən alınan silah kompleksləri mövzusu müzakirə olundu və geniş rezonans doğurdu. Siz İsraillə Azərbaycanın silah sahəsindəki əməkdaşlığını çox tərifləyirdiz. Amma əks fikirdə olanlar da var ki, silahı başqa ölkədən də almaq olar, İsrailə görə İran kimi qonşu ölkə ilə münasibətləri korlamağa dəyməzdi. Bu mövzuda müzakirələr indi də davam edir ...
- Gəlin yeni faktları da araşdıraq. Bizim müsahibədən sonrakı dönəmdə baş verən yeniliklərdən danışaq. Mən müsahibədə demişdim ki, bizim İsraildən aldığımız silahlarla - tank əleyhinə “Spayk” raketləri, onlar ABŞ-ın “Geveln” raketlərinin analoqudur, 4 günlıük aprel döyüşləri zamanı erməni tərəfinin Dağlıq Qarabağda yerləşən zirehli texnikalarının 20 faizi məhv oldu. O dövrdə raketlərdən müdafiə sistemi haqda danışdım... Bu yaxınlarda beynəlxalq tədbirdə iştirak edirdim. Orda bu məsələlər müzakirə olunurdu, ukraynalı tanınmış hərbi ekspert orda məndən soruşdu ki, həqiqətənmi bu hərbi silahlar Azərbaycan ordusunda var? Yoxsa bu, hələ niyyətdir? Dedim, var. O da dedi, biz hələ görməmişik onları. Mən də dedim ki, həmin silahlara ehtiyac qalmadı, çünki erməni tərəf cürət edib, həmin vaxt bizim tərəfimizə raket atmadı. Bunlar 1.5 ay bundan qabaq müzakirə olundu. Mənim ad günümə bir gün qalmış Azərbaycan Silahlı Qüvvələri “İldırım” raketlərdən müdafiə sistemini sınaqdan keçirdi. İldırım - ivritcə barak deməkdir... İndi dünyada ən çox silah alan ölkə Hindistandır.
Silah bazarında ən çox silah alan bu ölkədir. Hindistan iqtisadi cəhətdən də çox inkişaf edir, Çindən sonra ikinci ən güclü sıçrayışla inkişaf edən Asiya ölkəsidir. Bir neçə il əvvəl Hindistan özü üçün raketlərdən müdafiə sistemi almaq istəyirdi və tender keçirdi. O tenderdə ruslar da iştirak edirdi, amerikanlar da öz sistemi ilə iştirak edirdi. Hindistanın Hərbi Sənaye Komissiyası bütün parametrləri müqayisə edəndən sonra bizim bir neçə gün öncə dünyaya nümayiş etdirdiyimiz “İldırım” - “Barak 8" sisteminə üstünlük verdi və İsraildən bu sistemi aldı. Çünki bu sistem parametrlərinə görə digərlərindən daha üstündür. Ona görə də ad günümdə məndən bəziləri soruşdular ki, səninçün ən yaxşı hədiyyə nədir, nə oldu? Mən də cavab verdim ki, Azərbaycan ordusunun dünyaya ən müasir silahlarımızı nümayiş etdirməsi oldu. Buna sevinməyimin bir başqa səbəbi də odur ki, mən bu barədə daha öncə demişdim, hərbi ekspertlər də deyirdilər ki, hələ ki Azərbaycan bunu nümayiş etdirməyib. Amma mənim ad günüm ərəfəsində Azərbaycan ordusu bunu nümayiş etdirdi. Yenə də deyirəm ki, Hindistan kimi böyük bir dövlət ABŞ və Rusiya modellərini yox, məhz İsrailin bu sistemini seçdi.
“Söhbət Eldar Namazovun karyerasından və ya vəzifəsindən getmir. Bu, tamamilə düzgün qəbul olunmuş qərardır”
|
R.Arifoğlu:
- Yəni Azərbaycan İsraillə öz maraqları, çıxarları kontekstində əməkdaşlıq edir?
- Təbii. Burda əməkdaşlıq çoxşaxəlidir. O cümlədən hərbi sənayedə. İsrailin hərbi sistemlərini almışıq. Türkiyə də istəyib, amma İsrail buna razılıq verməyib.
R.Arifoğlu:
- Niyə?
- Çünki hər ölkəyə satmırlar.
R.Arifoğlu:
- Bu mənada Azərbaycanın seçilən olmasının, ona xüsusi münasibət göstərilməsinin səbəbi nədir? Bizi özünə təhlükə hesab etmir, yoxsa başqa səbəb var ...?