Xalid Kazımlı da “Müsavat”dan gedir? - “Rauf bəylə məsləhətləşdik...”
AzNews.az-a daxil olan məlumata görə, bu addımı ilk olaraq tanınmış jurnalist, müsavat.com saytının baş redaktoru Xalid Kazımlı atacaq. O, uzun illərdir, partiyanın mətbuatdakı əsas fiqurlarından biri hesab olunurdu, lakin Arif Hacılı başqan seçiləndən sonra aparılan “təmizləmə” işlərinə istər sosial şəbəkələrdə, istərsə də köşə yazılarında etirazını bildirirdi.
Jurnalist AzNews.az-a partiya fəaliyyətini dondurmaq istədiyini etiraf edib. Bildirib ki, bir neçə ay öncə partiyadakı siyasi fəaliyyətini dondurmaq qərarına gəlib: “Bu, partiyadan çıxmaq, istefa vermək anlamına gəlməsə də, söz-söhbətə səbəb olacaqdı, deyə məsləhət olmadı. Rauf bəylə məsləhətləşdik ki, daha uyğun zamana qədər belə addım atmayım”.
Onun fikrincə, partiyadan ayrılmaq üçün uyğun zamana ehtiyac var: “Ancaq indi Rauf Arifoğlu bu addımı atmaqda qərarlı və israrlıdırsa, onda gərək mən daha uyğun zamanı gözləyim. Yoxsa bu, kampaniya səciyyəsi daşıyar, doğma, əziz partiyamıza zərbə olar”.
Qeyd edək ki, Rauf Arifoğlu mətbuata açıqlamasında müsavatçı jurnalistlərin partiyada fəaliyyətlərini davam etdirib-etdirməməsi ilə bağlı suala belə cavab verib: “Özləri bilərlər. Mən bir neçə ay öncə onlara “qalın” deyə xahiş etdim, çünki təşkilatda vəziyyət fərqli idi. İndisə kimsəyə “gedin” deməyəcəyəm. Hər kəs özü qərar verəcək”. (AzNews.az)