Görəsən toylarda aparıcılıq edən digər aktyorlar bu məsələyə necə baxırlar?
Elə bu məsələ ilə bağlı Unikal.org-un suallarını aktyor və teleaparıcı Azər Axşam cavablandırıb.
-Azər bəy toylara gedirsiniz?
-Bəli, gedirəm.
-Aktyor kimi toylara getməyinizə görə utanırsınızmı?
-Xeyr.. Nəyə görə? İnsan əgər öz zəhməti ilə çörək qazanırsa bunda utanverici nə ola bilər? Oğurluq etmirik, cinayət törətmirik.
- Sizin həmkarlarınız var ki, əvvəllər toylardan pul qazansalar da nədənsə indi aparıcı kimi toylara getmələrindən utandığını deyirlər. Bu nəyə görədir?
-Vallah yəqin onların pulu çoxalıb, ona görə utanırlar.
-Aktyor Elməddin Cəfərov toylarda aparıcılıq etməsi barədə açıqlama verib. O toylara getməsindən utandığını deyir. Digər həmkarlarının da toylarda aparıcılıq etməsinə pis baxdığını bildirib...
-Pis baxır toya gedənlərə? Elməddin Cəfərov elə deməz. Yəqin istəyirmiş ki, aktyorlar toylara getməsin. Aktyor sənəti ilə, filmlərə çəkilməklə pul qazanmasını deyər. Yəqin bu mənada deyib.
- Bu gün toylarla milyonlar qazanıb və sonradan toya gedən müğənni və aktyorları bayağı adlandıran digər şəxslər də var...
- Toy aparmağın sənətə aidiyyatı yoxdur. Toy sənət nümunəsi deyil. Amma sən toyda saatlarla canlı oxuyursan və yaxud mən aparıcılıq edirəm. Bu asan deyil. Təbii ki, toylarda oxuyanları təhqir də etmək olmaz. Müğənni toydada oxumalıdır. Başqa harada oxumalıdır ki? Evdə oxumayacaq ki? O yazıqların konsertləri yox, satacaqları disklər, kasetlər yoxdur ki, oradan pul qazansın. Bu mümkün də deyil. Bunun qazancı toydan və yaxud tədbirdən olur da. Səsim olsaydı məndə toylarda oxuyardım. Əgər kimsə mənə konsertlər təşkil etsəydi məndə toylara getməzdim. O mənada yox ki, ayıbdır, utanıram. Deyərdim mən belə qazanıram, qoy toya başqaları gedib ordan qazansın.
- Siz həm səhnədə oynayırsınız, teleaparıcılıq edirsiniz, seriallara çəkilirsiniz. Toya getməyiniz işinizə maneə olmur ki?
-Yox vallah problem olmur. Sadəcə çox istəyərdim ki aktyorlar daha çox filmlərə çəkilməklə, teatrlardan yaxşı pul qazansınlar. Toya da öz istəyi ilə və öz istədiyi qiymətə getsinlər. Məcbur olub hər toya getməsinlər. Məcbur olub hər toya gedən aktyorların özlərinə də toya getmək çətin olur. Bu gün yaxşı aktyorlarımız var. Onlar toylara getdiyi qiymətə layiq deyillər. Amma onlar məcburdular onlara verilən pula toya getməyə. Çünki maaşları aşağıdır.
-Siz toya neçəyə gedirsiniz?
-Vallah mən insanla danışıram, söhbət edirəm. Danışıqlar çərçivəsində biz qiymətə razılaşırıq. Bəzi müğənnilər var ki, deyir mən bu qiymətdən aşağı getmirəm. Vallah mən təkəbbürlükdən uzaq insanam. Ola bilər insanın qabiliyyəti, mərifəti xoşuma gəlsin mən ona uyğun qiymətə gedim. Ola bilsin mən dediyim qiymət ona uyğundu o pulu versin. Yəni mənim toya getmək zəhmət haqqım müxtəlifdir. Ən çox Bakıda toyda oluram.
-Toyda heç sizə içən şəxslər hücum ediblərmi?
-(Gülür) Yox olmayıb. Şükürlər olsun ki, indiyənədək belə bir problem yaşamamışam. Allaha min şükür olsun. Olur toylarda içən insanlar olur. Amma gərək o cəhətdən səbrli olasan. Bütün getdiyim toylarda zəhmət haqqımı veriblər.
-Yaxşı pulunuz olsa yenə də toylara gedərsinizmi?
-Təbii ki, bu gün sənətimlə qazancım olsa belə yenə də toya gedərəm. Çünki artıq qazanc mənim cibimi deşmir. Bunun nə ziyanı var? Əgər mən aylıq sənətimlə 10 min, 5 mində toydan qazanıramsa bunun nə ziyanı var? Gedərəm. Çünki ehtiyacım yoxdursa qohumum, qardaşım, yaxınımın bu pula ehtiyacı varsa mən onlara bu pulu verərəm.
-Dünya şöhrətli aktyorlar, müğənnilər özləri də toylarda iştirak edirlər. Bunun nəyi pisdir ki?
- Vacib olan sənin toylarda özünü aparmağındır. Əvvəldən pozğun deyiləmsə toy məni poza bilməz. (Gülür) Hara gedirəmsə gedim mən öz mərifətimi, tərbiyəmi və savadımı göstərirəm. Əgər mən toya gedib meymunluq edirəmsə təbii ki mənimlə istədiklərini edəcək, uzunqulaqlıq edirəmsə qabağıma yonca tökəcəklər. Mən əgər öz mərifətimi qoruyuramsa inanmıram ki, kimsə mənə artıq söz desin. Nə də belə bir halla rastlaşmamışam və inşallah ki, rastlaşmaram. Mən çalışıram ki, toylarda öz tərbiyə çərçivəmi aşmayım və çalışıram ki, yaxşı mənada aparıcı kimi hər kəsi yola verəsən.