İnternet mediasında bəzi mövzularla bağlı qadağa tətbiq olunacaq – Deputatdan AÇIQLAMA

internet-5

Milli Məclisin martın 7-də keçiriləcək plenar iclasının gündəliyinə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik edilməsi daxil edilib.

Bu qanun layihəsində hansı dəyişikliklər ediləcək?

Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

Tahir Kərimli bildirib ki, təklif edilən dəyişikliklərin məqsədi kibertəhlükəsizliyi təmin etməkdən, kiberhücumların qarşısını almaqdan, internet informasiya ehtiyatının yaradılması, uçotu və internet informasiya ehtiyatında informasiyanın yayılması qaydalarını müəyyən etməkdən, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısını almaqdan, bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsindən, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir.

Deputat  deyib ki, qanuna dəyişikliyə əsasən internet informasiya ehtiyatı üçün domen adı ".az" ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər.

".az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir. Domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə, adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir.

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməlidir:

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terroçuluğa açıq çağırışlar;

Zorakılığın və dini ektremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və saxlanılmasına, kütləvi iğtişaşların təşkil edilməsinə açıq çağırış;

Dövlət sirri təşkil edən məlumatlar;

Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və üsulları barədə məlumatlar;

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar;

Pornoqrafiya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

Qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;

İntiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar;

Təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

Əqli mülkiyyət hüquqlarını pozan və s məlumatlar daxildir.






Fikirlər