SÖYÜŞ SÖYƏNLƏRİ və onları müdafiə edənləri hansı CƏZA GÖZLƏYİR?
Fazil Mustafa: “Bu, müəyyən problemlər yarada bilər”; Adəm Məmmədov: “Təhqir səsləndirən şəxslər xüsusi ittiham qaydasında məsuliyyət daşıyırlar” Avropadada özünü cəzasızlıq mühitində hiss edərək, söyüş söymək missiyasını daşıyan bir qrup adamı çox təəssüf ki, ölkə daxilində olan müəyyən insanlar da havaya girərək müdafiə edir. Onlar özləri də artıq təhqirlərdən istifadə edir və bu tendensiyanı ölkədə yaymağa çalışırlar. Sosial şəbəkələrdə Avropadakı söyüş söyənlərə qoşulanlar və onların küyünə düşüb özləri də təhqirlər yağdıranların profillərini incələdikdə bəlli olur ki, bir çoxu Azərbaycanda yaşayırlar. Ekspertlər hesab edir ki, Avropadan idarə olunan “söyüşlü proses”in əsas məqsədi də elə Azərbaycandakı insanları analoji şəkildə qeyri-etik, qeyri-əxlaqi davranışlar sərgiləməyə sövq etməkdir. Bu günlərdə Azərbaycan dövlətinin imicinə zərbə vuran, ona rəhbərlik edən şəxsləri təhqir edən bəzi azərbaycanlı mühacirlərə hüquqşünas İlqar Altayın da dəstək verdiyi üzə çıxıb. O, sosial şəbəkələrdə “söyüş müxalifəti”nə verdiyi dəstək azmış kimi, Siyasi Mühacirlərin Hüquqlarını Müdafiə Komitəsi adlanan təşkilat da yaradıb. Bütün günü bu təşkilatın adından guya həmin mühacirlərin həyatlarının təhlükədə olması barədə cəmiyyəti çaşdıran açıqlamalar, bəyanatlar verir. Onun son günlərdəki radikal mövqeyi ilə yanaşı, Avropa ölkələrinin birinə mühacirətə yollandığı barədə xəbərlər də yayılıb. Bu xəbərlərin nə dərəcədə real olub-olmaması ilə bağlı onun özü ilə əlaqə saxladıq. İ.Altay hazırda xaricdə səfərdə olduğunu söylədi. Hüquqşünasın “söyüş müxalifəti”nin müdafiəsi ilə bağlı yaratdığı komitəyə görə qanunvericiliklə məsuliyyət daşıyıb-daşımadığı barədə müzakirələr açılıb. Ümumiyyətlə, söyüş söyənləri və onları müdafiə edənləri qanunla hansı cəza gözləyir?
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Bunu edən adam başqa bir ölkədədirsə, o ölkə ilə bizim ölkə arasında daxili işlərə qarışmama istiqamətində hansısa bir müqavilə varsa, belə bir addımın atılması anlaşılan ola bilər. Amma indiki vəziyyətdə Almaniya ilə Azərbaycan arasında belə bir müqavilə yoxdur. Bu komitə bir vətəndaş təşəbbüsü ilə də yaradıla bilər. Əgər Azərbaycan konstitusiyasına zidd çağırışlar edilirsə, dövlət çevrilişi yaxud başqa məsələlərlə bağlı addımlar atılırsa, həqiqətən bu müəyyən problemlər yarada bilər. İndiki vəziyyətdə belə bir çağırış yoxdursa, o zaman hər hansı bir irad bildirmək açığı çox çətindir”.
Vəkil Adəm Məmmədov bildirdi ki, etik normaları aşıb təhqir səsləndirən şəxslər xüsusi ittiham qaydasında məsuliyyət daşıyırlar: “Azərbaycan qanunları ilə şərəf və ləyaqəti təhqir olunan şəxs məhkəməyə müraciət edib, məsələni hüquqi yolla həll edə bilər. Bu, ağır cinayət də deyil, sırf əxlaq və mənəvi məsələdir. Söz azadlığı deyilən anlayışdan sui-istifadə heç bir halda etmək olmaz. Təhqir səsləndirən şəxslərin hüquqlarını müdafiə edənlər məsuliyyət daşımır. Niyə də daşımalıdır ki? Məsələn, mən vəkiləm, ən ağır cinayətkarın hüquqlarını belə müdafiə edirəm. Sadəcə qeyd etdiyiniz hallar insanın şəxsiyyətinə, nüfuzuna xələl gətirə bilər. Heç bir halda insan bu cür təhqirlər səsləndirməməlidir. Əgər şəxs özü də hüquqları müdafiə adı altında digərlərini təhqir edirsə, bu tamam ayrı bir məsələdir”. Qeyd edək ki, böhtan, təhqir, şərəf və ləyaqətin alçaldılmasına görə qanunda 5 ilədək həbs cəzası nəzərdə tutulur. Ekspertlər hesab edir ki, sosial şəbəkələrdə söyüş, təhqirdən istifadə edən şəxsləri hüquq-mühafizə orqanları cəzalandırmalı, bunun tendensiya halına keçməsinin qarşısını almalıdır.