60 yaşlı Mehman Əliyev: “Vaxtilə müdafiə etdiyim adamlardan eyni reaksiyanı görmədim” - MÜSAHİBƏ

Bu gün - 26 oktyabr tarixi “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin doğum günüdür. Jurnalistin 60 yaşı tamam olub.

Modern.az saytı Mehman Əliyevdən doğum günü təəssüratlarını öyrənib. Onunla müsahibəni təqdim edirik:

- Mehman bəy, bu gün yubiley yaşınızı qeyd edirsiniz. 60 illik ömrünüzü necə qiymətləndirirsiniz? Taleyinizdən razısınızmı?


- Belə deyək, bu müddətdə çox şeylər gördük, çox şeylər dəyişdi. Sovet dövrü, onun dağılması, keçid dövrü, müstəqillik illəri.. Yəni bunların hamısı böyük hadisələrdir. Lakin təəssüf edirəm ki, jurnalist kimi öz istəklərimi reallaşdırmadım, öz bacarıqlarımdan istifadə edə bilmədim. Buna imkan verilmədi. Jurnalistika birinci növbədə azad olmalıdır. Amma buna nail ola bilmədik. O cümlədən “Turan” İnformasiya Agentliyi də öz mübarizəsini apardı, çətinliklər yaşadı. Görürsən ki, mənasız əngəllər yaradıblar. Halbuki, ölkə, vətən, millət üçün səmərəli işlər görmək olardı.

- “Turan” İnformasiya Agentliyi 27 ildir ki, fəaliyyət göstərir. Qeyd etdiyiniz dövlərdən sizin üçün hansı daha çətin olub?

- Əlbəttə, həmişə çətinlik olub. Lakin ən çətini son dövrlərdir. Hesab edirəm ki, əslində çətinliklə 2000-ci illərdən başlayıb və bu, heç yaxşı nəticəyə gətirib çıxarmır. 

Deyirlər, əgər gələcəkdə peşman olmaq istəmirsənsə, yoldaşını, işini, dostunu doğru seç. Bu baxımdan maraqlıdır, nə vaxtsa jurnalist olduğunuz üçün peşman olmusunuzmu?

- Əslində jurnalistika mənim arzuladığım peşə olmayıb. Jurnalistikaya gəlişim təsadüfi olub. Uşaqlıqdan belə bir fikrim yox idi. Amma hansı sahədə olmağımdan asılı olmayaraq, işimdə axıra qədər gedirəm və nəsə qurmağa, nəsə verməyə çalışıram. Yenə deyirəm, bu peşədə çox şey etmək olardı. Heyf ki, imkan vermədilər.

- Jurnalistikaya gəlişiniz təsadüfi olub dediniz. Bildiyimizə görə, siz əvvəlcə "çekist" olmaq istəmisiz. Bəs necə jurnalist oldunuz?

- Əslində hüquqşünas olmaq istəyirdim. Bununla əlaqədar imtahanlardan da keçdim. Amma  yerimi başqasına verdilər. Buna görə hay-küy qaldırdım və bildirdilər ki, ixtisası Filologiya fakültəsi ilə əvəz edək, bir ildən sonra ərizə yazıb hüquqşünaslığa keçərsən. Lakin bir ildən sonra yenidən müraciət edəndə fakültələrarası dəyişikliyə qadağa qoyulduğunu dedilər. Buna görə də təhsilimi Filologiya fakültəsində davam etdirdim. Daha sonra isə jurnalistika üzrə təhsil aldım. Proseslər bu cür baş verdi.

- Bəs “çekist” olmaq necə?

- Deməzdim ki, elə bir istəyim olub. Sadəcə mənə təklif gəldi və bunu qəbul etdim. Bunun üçün qiyabiyə keçməli idim. Lakin universitet rəhbərliyi hesab etdi ki, mən Moskvada jurnalistika istiqamətində təhsilimi davam etdirməliyəm. Halbuki, getmək istəmirdim. Buna baxmayaraq daha sonra razılaşdım.

- Qeyd etdiyiniz kimi  jurnalistika üzrə təhsil almısınız. Amma hazırda bu istiqamətdə təhsil almayan, jurnalist kimi fəaliyyət göstərənlər çoxdur. Əksəriyyət düşünür ki, jurnalist olmaq üçün təhsilə ehtiyac yoxdur. Siz necə düşünürsünüz?

- Təhsilə ehtiyac var. Ancaq söhbət hansı təhsildən gedir? Əgər təhsil sistemi yaxşıdırsa, sizə bir fayda verirsə, siz yaxşı oxuyursunuzsa, bu, peşəkar olmaq üçün sizə imkan yaradır. Bu, hər bir sahədə belədir. Hansı biliklərə malik olmaq, nələrisə oxumaq insanın özündən asılıdır. Eyni fakültəni bitirən, bilik səviyyəsi fərqli olan insanlar var. Əslində Jurnalistika fakültəsini bitirən adam artıq redaktor kimi fəaliyyət göstərməlidir. Bizdə isə bu fakültəni bitirənlərin çoxu işləyə bilmir. Bu da həmin şəxslərin məsələyə yanaşma tərzində problem olduğunu göstərir. Yaxşı jurnalist, yaxşı redaktor olmaq üçün təhsil mütləqdir.  

-Vergilər Nazirliyinin “Turan” agentliyinə tətbiq etdiyi sanksiya məsələsi  nə yerdədir?

- Hələ də təsir altındayıq, cinayət işi  bağlanmadığı üçün heç bir şey dəyişməyib. Faktiki olaraq biz işləmirik. Sentyabrın 1-dən rəsmi olaraq maliyyə təsərrüfatı fəaliyyətimizi dayandırmışıq. Buna görə də təzyiq altında çalışırıq. Belə davam edərsə, “Turan” İnformasiya Agentliyinin aqibətini düşünmək mənasızdır. “Turan”a qondarma iş açıdılar. 27 min manat borcumuzun olduğunu deyirlər, amma sübut yoxdur. Bu nə qanuna, nə əxlaqa sığan bir şeydir.

- “Turan”la bağlı son hadisələrdən sonra müəyyən məsələlər yenidən gündəmə gəldi. Bunlardan biri də “Redaktorlar Birliyi” idi. Sizcə, bunun yenidən bərpasına ehtiyac varmı?

- Biz o vaxt Redaktorlar Birliyini yaradanda çox adam müstəqil idi. İndi isə redaktorların əksəriyyəti əl altında işləyir, idarə olunurlar. Eyni zamanda, Mətbuat Şurası da tam nəzarətdə olan qurumdur. Bu mənada Redaktorlar Birliyi qurmaq mümkün deyil. Mən vaxtilə xeyli redaktorların müdafiəsinə qalxmışam. Həm də bunu bir-iki dəfə etməmişəm, illərlə çəkən proses olub. Mənim həbsim də bir imtahan idi. Kimləri ki, müdafiə etmişdim, onlardan eyni reaksiyanı görmədim. Onlar məni müdafiə edə bilməzdilər də, çünki artıq nəzarət altındadırlar və özbaşına addım ata bilmirlər.

- Son olaraq, Mehman bəy, 60 illik yubileyinizi necə keçirirsiniz?

- Doğum günümü çox sadə qeyd edirəm. Adətən  belə günləri işdə kollektivlə, evdə ailə ilə bərabər keçiririk. Bu, bizim üçün daha doğmadır. Təntənəli formada ad günü keçirməyə ehtiyac yoxdur.






Fikirlər