“Bu tarix mənim üçün hər yerdə eynidir”
Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin dekabrın 10-da 70 yaşı tamam oldu. 22 ildir ölkəsindən uzaqlarda olan yubilyarın ünvanına çoxsaylı təbrik mesajları ünvanlanıb.
“Yeni Müsavat” olaraq, sabiq spikerlə yubiley müsahibəsi etdik.
- Rəsul bəy, qürbətdə daha bir doğum gününüzü qeyd etdiniz. Necə keçirdiniz? Artıq səhv etmirəmsə, 22-ci doğum gününüz xaricdə oldu. Bu illər sizə nə deyir? Öz ölkənizdəki ad gününüzlə xaricdə bu günü qeyd etməyiniz arasında hansı fərqli və oxşar cəhətlər var?
- Ümumiyyətlə, mən nə Azərbaycanda, nə də Amerikada heç vaxt heç bir ad günü keçirmədiyimə görə bu tarix mənim üçün hər yerdə eynidir. Yeganə bir hal olub ki, bir dəfə bir neçə yaxın dostumun xahişi ilə 50 yaşımı İstanbulda qeyd etmişəm, onu da təmtəraqsız. İştirak edən bir neçə nəfər məni yaxşı tanıdıqları üçün tərifli tostlar demədilər. Ad günlərində belə tostlar demək qəbul olunmuş faktdır, ancaq mənim üçün yox. Məni tərifləyəndə özümü pis hiss edirəm. Mənimlə masa arxasında oturan istənilən adam bunu təsdiqləyə bilər. Və bu 22 ildə Bakıda olduğu kimi heç bir vaxt ad günü mərasimi keçirməmişəm, o cümlədən 70-i. Yeganə 70 yaşın tamam olması ərəfəsində xalq üçün nələr edə bilərdim, ancaq edə bilmədim, təəssüf hissi daha qabarıq şəkildə üstümə gəldi. Hər halda, mən 22 il Azərbaycanda yaşayıb çalışa bilsəydim, indiki Azərbaycan tamamilə fərqli bir ölkə olardı. Bizi bu gün Gürcüstan, Ermənistan, Qazaxıstanla yox, ən azı Baltikyanı ölkələrlə müqayisə edərdilər.
- 70 yaş sizə nə deyir? Bu yaşa qədər gəlib çatmaq bir insan üçün nə deməkdir?
- İnsan anadan olandan ölənə qədər yaşamağa məcburdur. Həyatda hər bir insan fərqli fərddir. Heç əkizlərin eyni olmaq şansları yoxdur. İnsanların həyatı mənfi və müsbət emosiyaların toplumundan ibarətdir. Hamı kimi mən də bu emosiyaların toplumundan ibarət bir həyat yaşamışam. Ümumiyyətlə, mənim ətrafımda baş verənlərə biganə olmamağım bu günə qədər də davam edir. İnsanların əziyyət çəkməsi, pis yaşamaları məndə sevinməyimdən 10 dəfə çox emosiya yaradır. Ona görə bütün varlığımla insanlara kömək etməyə, yaşamaqlarına şərait yaratmağa çalışıram. Bu hisslərim də bu günə qədər davam edir. 70 il və ya istənilən başqa rəqəm ömürdən razı qalmaq insanlarda bir çox mənfi keyfiyyətlərin olmasından xəbər verir. Özündən razı olan, tərifdən ləzzət alanlara-sadə insanlardan söhbət getmir, vəzifədə olanlar və olmuşlara aiddir-axmaqlıq və müştəbehliyin ifrat formasıdır. Bu tip adamlar insanlara qulluq edə bilməzlər, özləri təşkil etdikləri tərif salnamələrinə bir müddətdən sonra özləri də inanacaq və daxili erroziya daha böyük sürətlə gedəcək.
- Maraqlıdır, Rəsul bəyin doğum gününü ilk təbrik edən kim oldu? 22 il qürbətdə olan Rəsul Quliyev ad günlərində getdikcə unudulduğunu görür, yoxsa əksini?
- Ailə üzvlərim, vaxtilə birlikdə işlədiyim, indi Azərbaycanda yaşamayan insanlar... Mən ad günlərimin unudulmasından nəinki narahat deyiləm, əksinə, bunu istəyirəm. Əsas məsələ sənin bir şəxs kimi unudulmamağındadır. Əvəz Zeynallı 70 illə əlaqədar özünün təşəbbüsü ilə əsasən, intervülərdən ibarət bir film çəkib. Mən ona axıra qədər baxdım və müsbət emosiyam artdı. Çünki insanlar mənimlə əlaqədar özümün çoxdan unutduğum faktları sadalayanda unudulmadığımı və hələ də camaatın məndən nəsə gözlədiyini gördüm.
“Emosiyaların toplumundan ibarət bir həyat yaşamışam”
|
- Azərbaycandan ünvanınıza çoxmu təbriklər gəldi? Facebookda ümumi səhifənizə təbrik yazmaq mümkün deyildi, yalnız mesaj göndərmək mümkün idi ki, bunu da yalnız siz görürsünüz...
- Təbriklər kifayət qədər çox idi.
- Keçmiş müttəfiqlərinizdən kimlər sizi təbrik etdi? Gözlədiyiniz siyasi liderlərdən, siyasət adamlarından təbrik mesajları aldınızmı? Konkret olaraq, 2003 və 2005-ci illərin seçkilərində müttəfiq olduğunuz liderlərdən sizi təbrik edənlər oldumu? Yoxsa onların ya təbriklərini görmək istəmirdiniz, ya da heç onlar təbrik etmədilər?
- Mənim elə bir müttəfiqim olmayıb. Müttəfiqliyə yaxın olanların demək olar ki, hamısı intervülərdə bu işi gördülər. Ancaq Mirmahmud Mirəlioğlu telefon açdı. Biz bir neçə dəfə müxtəlif qruplar yaradıb, ümumi müxalifət kimi çıxış etmişik. Ancaq o qrupa daxil olanlar, sadəcə olaraq, bu hakimiyyətə qarşı əgər belə demək mümkünsə, mübarizədə birləşmişdilər. Müttəfiqlik daha geniş məna daşıyır.
- Vaxtilə hakimiyyətdə təmsil olunduğunuz komanda yoldaşlarından sizləri təbrik edənlər oldumu?
- Xeyr olmadı.
- Növbəti doğum gününüz üçün nə düşünürsüz?
- Doğum günü keçirmədiyim üçün o barədə düşünmürəm.
- Bundan sonra həyatınızda, sizcə, nələr dəyişə bilər?
- Fundamental həyat anlayışım dəyişilməzdir. Yəni azad insan kölə insandan ən azı 10 dəfə yaxşı yaşaya bilər, dövlətin liderlərinin vəzifəsi qanunlar çərçivəsində bu azadlığın yaradılması və qorunmasını təmin etmək olmalıdır. Dövlət onun inzibati orqanları ilə birlikdə vətəndaşlarının işlərinə qarışmamalı və onların azad fəaliyyət göstərməsinə mane olmamalı, korrupsiya və rüşvət ölkədə ən ağır cinayət sayılmalıdır. Dediklərimi həyata keçirmək ümidimi hələ də itirməmişəm.
- Rəsul Quliyev istədiyi həyatı yaşayıb?
- Normal düşüncəli insan ömrü boyu heç vaxt istədiyi həyatı yaşaya bilməz. Hətta ağlı yerində olsa belə, ömrünün axırında özündən narazı olacaq.
- 70 yaşında ən böyük arzunuz nədir?
“Ad günlərimin unudulmasını istəyirəm”
|
- Düşünürəm ki, ən böyük arzularımın heç birini həyata keçirə bilməmişəm. İnsan yaşadığı müddətdə qarşısına müəyyən məqsədlər qoyur və onlara çatdıqca bu artıq keçmiş həyata keçir və yeni arzular ortaya çıxır. Həyata kiçik arzularla qədəm qoyub inkişaf etdikcə arzularının həcmi də böyüyür. 1996-cı ildə Azərbaycan xalqının gələcəyi ilə əlaqədar formalaşmış arzularımın heç biri yerinə yetirilməyib.
- İndiyə qədər doğum günlərinizdən hansı yaddaşınıza həkk olunub?
- Mənim yaddaşımda 5 yaşımda əlifbanı höccələməyimdən tutmuş birinci sinfə getməyim, orta məktəb, institut və sonrakı həyatımın bütün anları yadımdadır, ancaq heç bir əlamətdar ad günü yaddaşımda yoxdur. Çünki yuxarıda da qeyd etdiyim kimi ad günü keçirməmişəm.