Bu gün Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Real Vətəndaş Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədov həbsdən azad ediləcəyi gözlənilirdi.
Məhkəmə qarşısında İlqar Məmmədovu qarşılamaq üçün Real Hərəkatının, Müsavat Partiyasının və digər təşkilatların nümayəndələri, jurnalistlər və ictimaiyyət nümayəndələri toplaşmışdılar. Lakin məhkəmə onun barəsində çıxarılan hökmü qüvvədə saxlayıb.
Bu haqda "Basta”ya vəkil Nemət Kərimli məlumat verib.
İlqar Məmmədovla yanaşı, Şəki Apelyasiya Məhkəməsi eyni iş üzrə məhkum edilən Müsavat başqanının müavini Tofiq Yaqublunun da şikayətinə baxıb. Məhkəmə bir müddət əvvəl əfv fərmanı ilə azadlığa çıxan Tofiq Yaqublunun barəsindəki hökmü də qüvvədə saxlayıb.
Qeyd edək ki, Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə – aprelin 19-da qurumun sədri Pedro Aqramunt Azərbaycanda "siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən "Avropa Məhkəməsinin qərarının olmasına baxmayaraq, 2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həll olunması istiqamətində mən Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm”, –deyə bildirmişdi.
Bundan əvvəl Pedro Aqramunt həmçinin həbsxanada İlqar Məmmədovla görüşmüşdü. Pedro Aqramun son həftələr ərzində Qarabağ münaqişəsinə dair açıqlamalarında ədalətli mövqeyi ilə də fərqlənir.
***
REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı
REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Arqument.Az-a bildirib ki, məhkəmədə fasilə elan olunub və məhkəmənin nə vaxt keçiriləcəyi ilə bağlı onlara heç bir məlumat verilməyib: "Bu gün məhkəmə xətinə məhkəmə oldu. Sonda da dedilər ki, məhkəmə fasilə elan edir, gedin, nə vaxt məhkəmə olsa, sizə xəbər edərik. Amma məhkəmənin nə vaxt keçiriləcəyi ilə bağlı da heç bir məlumat verilmədi. Biz İlqar Məmmədova bəraətin verilməsini gözləyirdik. Çünki bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin də qərarı var. Yenə də ən azından azadlığa buraxılmasına ümid edirik".
"AzerTaym.az"
Fikirlər