Azərbaycan MÜHARİBƏ ANONSU verdi – haqq savaşı hər an başlaya bilər!

Azərbaycan müharibə anonsu verdi – haqq savaşı hər an başlaya bilər!

Şuşanın işğal günü ilə bağlı kritik 3 gün; Müdafiə Nazirliyindən düşmənə xəbərdarlıq və çağırış: “Hər gün səksəkə, qorxu içində yaşamaq istəmirsizsə, işğala son qoyun!”; beynəlxalq birliyin mövqeyi də aprel uğurunu təkrarlamaq üçün Bakıya əlverişli fürsət yaradır; rusiyalı hərbi ekspert: “Azərbaycanda elə silah var ki, heç Rusiyada yoxdur”... 

 

Sabah Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın işğalının növbəti - 24-cü ildönümüdür. Ancaq budəfəki ildönüm əvvəlkilərdən kifayət qədər fərqlənir. Bu dəfə Qarabağ problemi ətrafındakı keyfiyyətcə yeni, xeyrimizə olan bir situasiya mövcuddur və onu da Azərbaycan ordusu 4 günlük aprel savaşı ilə yaradıb.
Bu üzdən bir sıra analitiklər 2-5 aprel döyüşlərinin davamının məhz 7-8-9 maya təsadüf edə biləcəyini istisna eləmirlər. Məsələn, tarixçi alim Oleq Kuznetsov proqnoz eləmişdi ki, həmin günlər Rusiya rəhbərliyinin başı 9 may qələbə tədbirlərinə qatılacağından Azərbaycan 3 gündə öz ərazisində istədiyi addımı ata bilər. 
Eyni zamanda iş günlərinə təsadüf etmədiyindən beynəlxalq birliyin hansısa operativ reaksiyasını da gözləməyə dəymir. Bu yerdə yada salaq ki, 4 günlük müharibə də məhz Kəlbəcərin işğal günü ilə yanaşı, şənbəyə təsadüf eləmişdi...
 
*    *    *
 
Şübhə yox ki, düşmənə qarşı əməliyyat planını Baş Qərargah hazırlayır, Ali Baş Komandanın qərarı ilə isə icra olunur. Azərbaycanın siyasi-hərbi rəhbərliyinin mövqeyi isə dəqiq şəkildə yəqin ki, yalnız ona məlumdur. Ancaq maraqlıdır ki, dünən Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 9 may ərəfəsində hücuma keçəcəyi barədə Ermənistanın gündəmə gətirdiyi məlumatlara münasibət bildirib. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a bildirilib ki, Ermənistan kriminal hərbi-siyasi rejimi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüd və qaçılmazdır. 
“Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidir. Məşhur bir kəlamda deyildiyi kimi, ”Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir"", deyə, bəyanatda vurğulanır. “Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar”, - deyə Azərbaycan işğalçı tərəfə xəbərdarlıq edib.
Bu bəyanatı sözsüz ki, Şuşanın işğal günü ərəfəsində Ermənistana və separatçı rejimə müharibə xəbərdarlığı kimi qiymətləndirmək olar. Hərbi nazirliyin açıqlaması həmçinin, rəsmi İrəvanın separatçı rejimi tanıya biləcəyi ilə bağlı son günlər sərgilədiyi təxribatının, şantaj-hədələrinin ciddiyə alınmadığının nümayişidir. Bu o deməkdir ki, tanınma məsələsindən asılı olmayaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad eləməyə hazır və qətiyyətlidir.    
  
*** 
Yeri gəlmişkən, bu arada Rusiyanın ardınca ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkəsi olan ABŞ-dan da Ermənistanı tanınma məsələsində məyus edən açıqlama gəlib. Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib ki, Birləşmiş Ştatlar “Dağlıq Qarabağ” adında dövlət tanımır və tanımağa hazırlaşmır. “ABŞ beynəlxalq ictimaiyyətlə bərabər Dağlıq Qarabağı tanımır. Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək”, - deyə Mark Toner vurğulayıb.
Amerikanın bu mövqeyi, Ermənistan tezliklə konstruktiv mövqe tutmayacağı təqdirdə, Azərbaycanın ən azı bir neçə rayonu azad eləmək üçün əl-qolunu açan əlavə kart-blanş sayıla bilər. Xatırladaq ki, 4 günlük müharibə zamanı erməni lobbisinin çığır-bağırına baxmayaraq, rəsmi Vaşinqton Azərbaycanın işğalçıya qarşı cəza əməliyyatı aparmasına kifayət qədər təmkinli reaksiya göstərmişdi. 
Əfsuslar olsun ki, Ermənistan aprel savaşından sonra da sülh danışıqlarından qaçır, əlavə absurd şərtlər irəli sürməklə nizamlama prosesini sabotaj edir. Demək, bununla ABŞ-ın da regiondakı maraqlarını zərbə altına qoyur. 
       
*    *    *
 
“Aprelin əvvəlindəki döyüşlərdən aydın oldu ki, Azərbaycan hərbi cəhətdən Ermənistandan ciddi keyfiyyət üstünlüyünə malikdir. Belə vəziyyətdə Bakı qərar verə bilər ki, ortada yaxşı səbəb ola-ola niyə də döyüş əməliyyatlarını bərpa edib erməni tərəfi üzərində qələbə qazanmasın?” Bunu tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer erməni portalına müsahibəsində iki tərəfin hərbi imkanlarını şərh edərkən söyləyib.
Analitikin sözlərinə görə, Azərbaycanın elə hərbi imkanları var ki, Ermənistanda yoxdur: “Məsələn, özünün pilotsuz uçan aparatları ilə Azərbaycan hazırda hətta Rusiyadan da güclüdür - biz hələ Ermənistanı demirik. Rusiyada da İsrail dronları var, ancaq Azərbaycanda onların elə növləri var ki, Rusiyada yoxdur. Bakının hərbi sahədə keyfiyyət üstünlüyü Azərbaycan-İsrail hərbi əməkdaşlığının nəticəsidir. İsrail Azərbaycan tanklarını, atəşi idarəetmə sistemlərini, gecə vaxtı effektli döyüş əməliyyatları aparmaq imkanlarını modernləşdirib. 
Bura əlavə edin qarşı tərəfin mühüm hədəflərini, onun müdafiəsinin dərinliyində nə baş verdiyini gecə-gündüz axtarıb tapmağa imkan verən pilotsuz uçan aparatlarını, 150 km-lik məsafəyə uçan raketlər də daxil, yüksək dəqiqlikli zərbə sistemlərini. Bu, mövqe müharibəsində çox vacibdir - nə vaxt ki, gündüz də, gecə də zərbə vurmaq imkanına maliksən. Dron-aparatlar ciddi üstünlük yaradır. Onlar düşmən tərəfin dərin müdafiə qatındakı anbarları, müxtəlif obyektləri məhv eləməyə qadirdir. Doğrudur, erməni tərəfində də pilotsuz aparatlar var. Ancaq onlar əldə qayırmadır və heç nəyə yaramır”.
Rusiyalı analitik belə bir qənaətə gəlir ki, yeni hərbi qarşıdurmada Azərbaycanın növbəti uğuru üçün ciddi maneə yoxdur.
*    *    * 
Beləliklə, Şuşanın işğalının ildömünü ilə bağlı düşmənin canına vahimə salan kritik “3 günlüy”ə daxil olmuşuq.  Yəqin ki, Azərbaycan tərəfi 4 günlük müharibədəki səhvləri də artıq nəzərə alıb. İşğalçını yarımcan saxlamaq olmaz...

 






Fikirlər