Müdafiə nazirlərinin QƏBƏLƏ görüşündə mühüm anlaşma

 Müdafiə nazirlərinin Qəbələ görüşündə mühüm anlaşma

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirəcək; Qabil Hüseynli: “3 ölkənin strateji münasibətləri daha ciddi şəkil almaqdadır” 

 

Mayın 15-də Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dördüncü üçtərəfli görüşü keçirilib. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının xatirəsini yad ediblər. “Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri qoyublar.
Sonra qonaqlar mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.
 
Sonra isə Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar keçirilib.  
Günün ikinci yarısı nazirlərin görüşü başa çatıb. APA-nın yerli bürosunun xəbərinə görə Zakir Həsənov, Tinatin Xidaşeli və İsmət Yılmaz arasında təkbətək və üçtərəfli formatda danışıqlardan sonra görüşlə bağlı nazirlərin birgə mətbuat konfransı keçirilib.
Konfransda Z.Həsənov çıxış edərək bildirib ki, 3 ölkənin müdafiə nazirlərinin iştirakı ilə Qəbələ şəhərində keçirilən üçtərəfli formatda dördüncü görüş zamanı 3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanıb, bu formatda münasibətlərin gələcək perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi aparılıb: “Üç ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub”.
Z.Həsənov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli anlaşma memorandumunun imzalanması nəzərdə tutulur. Hazırda layihəsi razılaşdırılmaqda olan memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaq: “Gələcəkdə də bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır. Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırılıb, qloballıq nöqteyi-nəzərdən çıxışlar edilib, sabitlik haqqında danışılaraq onun əhəmiyyəti vurğulanıb”.
 
Z.Həsənov qeyd edib ki, ikitərəfli və üçtərəfli görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər, xüsusən də son zamanlarda münaqişə zonasında gərginliyin artması ətraflı müzakirə edilib. Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyi və ölkələrin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyi bir daha qeyd edilib.
Azərbaycanlı nazir türk və gürcü həmkarlarına səmimi və səmərəli müzakirələrə görə  təşəkkür edib, Dağlıq Qarabağ münaqişəsinin həllində və son hadisələr zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə türk və gürcü xalqlarına minnətdarlığını bildirib.
Bir sıra ekspertlər hesab edir ki, adıçəkilən üç dövlətin müdafiə nazirlərinin regionda, o cümlədən Qarabağ cəbhəsində gərginliyin artdığı bir zamanda görüşüb müzakirələr aparması, müəyyən razılaşmalar əldə etməsi ciddi hadisədir. Ekspertlər qeyd edirlər ki, görüşün bir neçə il öncəyə qədər Rusiya hərbçilərinin RLS-ə görə yerləşdiyi Qəbələdə keçirilməsi də təsadüfi deyil. 
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, regionda doğrudan da mürəkkəb şərait hökm sürür. Amma bu mürəkkəb şərait regionun hüdudlarından kənara çıxır. Regionda Ermənistanla Azərbaycan arasında müharibə şəraiti hökm sürür. Gürcüstanla da Rusiya arasında münasibətlər yaxşı deyil. Türkiyə ilə Rusiyanın münasibətləri gərgin olaraq qalır. 
Belə bir vəziyyətdə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Azərbaycanda görüşüb müzakirələr aparırlar, razılaşmalar əldə edirlər, eyni zamanda, NATO bölgəyə nüfuz edir: “Son zamanlar NATO Rusiyaya qarşı bir sıra intensiv tədbirlər almağa başlayıb. Yəni NATO Baltik dənizindən tutmuş Qara dənizə qədər böyük bir ərazidə hava hücumundan müdafiə sistemlərini aktiv hala gətirib. Bu, həqiqətən də, çox ciddi tədbirlərdir, o deməkdir ki, NATO tədricən Rusiyanın nüvə sistemlərini təsirsiz hala gətirmək niyyətindədir, Rusiyanı az qala mühasirəyə almağa çalışır. Doğrudur, Rusiyadan buna adekvat cavabların veriləcəyi söylənilsə də mən güman etmirəm ki, bu gün Rusiyanın hərbi potensialı, malik olduğu nüvə silahı NATO-nun gördüyü tədbirlərə adekvat xarakter daşıya bilər. NATO ilə Rusiya arasında çox gərgin münasibətlər formalaşmaqdadır. Belə bir şəraitdə situasiyadan yararlanmağa çalışan dövlətlər Rusiyanın əzələ nümayişini bir qədər neytrallaşdırmaq istəyirlər. Doğrudur, Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirlərinin hər hansı bir dövlətə qarşı müzakirələr apardığını təxmin etmirəm. Onların apardığı müzakirələr, atmağı planlaşdırdıqları addımlar da yalnız müdafiə xarakteri daşıyır. Regionun super güclərin təsirindən çıxarılması məqsədlərini güdür”.
Politoloq vurğuladı ki, Qəbələdə keçirilən görüşün məhz indi keçirilməsi xüsusilə mühüm əhəmiyyətə malikdir: “Məsələ burasındadır ki, NATO artıq Gürcüstanda özünün hərbi bazasını yaradıb. Bunu hərbi baza kimi təqdim etməsələr də 500-ə qədər tankın, ona qulluq edən əsgərlərin və digər personalın olduğunu, bundan əvvəl də bölgədə ABŞ-ın müəyyən qüvvələrinin yerləşdirildiyini nəzərə alsaq, bu o deməkdir ki, NATO Gürcüstana qədər irəliləyə bilib və Azərbaycanla sərhəddə gəlib çatıb. Türkiyənin də NATO üzvü olmasını nəzərə alsaq, belə söyləmək mümkündür ki, Qəbələdə üç ölkənin müdafiə nazirlərinin müzakirə etdiyi məsələlər Rusiyanın xoşuna gəlməyə bilər. Amma bu məsələlər həmin dövlətlərin maraqlarını əks etdirən müdafiə məsələləridir. Bunu üçüncü dövlətin əleyhinə olan görüş, müzakirələr kimi qəbul etmək mümkün deyil. Bu üç dövlətin Rusiyaya qarşı hər hansı bir tədbirlər görməsi haqqında danışmaq üçün əsaslar yoxdur. Nazirlərin görüşü və əldə edilən razılaşmalar onu göstərir ki, Türkiyə, Azərbaycan, Gürcüstan arasında strateji münasibətlər daha da ciddi şəkil alır. Bu strateji münasibətlər lazım gələrsə hər üç dövlətin təhlükəsizlik maraqlarına uyğun olaraq yönləndirilə bilər. Türkiyə, Azərbaycan və Gürcüstan bölgədə bloka bənzər bir şey formalaşdırmağa çalışırlarsa, bu, həmin dövlətlərin öz təhlükəsizliyinə məsuliyyət hissindən irəli gəlir. Bu, hər hansı üçüncü dövlətin əleyhinə çevrilməyib. Amma üçüncü dövlətdən də təhlükənin ola biləcəyini nəzərdən qaçırmırlar və bunun üçün müəyyən hazırlıq tədbirləri görürlər”.
Q.Hüseynli qeyd etdi ki, şübhəsiz, Rusiya bu üç dövlətin hərbi yaxınlaşmasından xoşhal deyil. Çünki burada söhbət təkcə Türkiyə-Azərbaycan-Gürcüstan müttəfiqliyindən getmir. Rusiyanı əsas narahat edən NATO-nun Rusiya sərhədlərində çox böyük bir ərazidə məskunlaşması prosesinin getməsidir






Fikirlər