Azərbaycan niyə heç bir hərbi ittifaqda TƏMSİL OLUNMUR?

 Azərbaycan niyə heç bir hərbi ittifaqda təmsil olunmur?

Sülhəddin Əkbər: “Hər an müharibə ilə üz-üzə dayanan bir ölkənin heç bir hərbi ittifaqda yer almaması, əksinə, Bloklara Qoşulmama Hərəkatında olması ziyanlıdır” 

 

Brüsseldə NATO-Azərbaycan müzakirələri başlayıb. Aprelin 19-da NATO-nun Mənzil-Qərargahında Azərbaycanla hərbi alyans nümayəndələri arasında keçirilən görüş “Planlaşdırma və Analiz Prosesi” sənədi çərçivəsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üzrə NATO-nun Şimali Atlantika Şurasının “28+1" formatında baş tutub. 
Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Məlumata görə, görüşdə Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri, Dövlət Sərhəd Xidməti, NATO yanında daimi nümayəndəliyi təmsilçiləri iştirak edib. Görüşdə regiondakı təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri müzakirə edilib.
 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, hansı sahədə olursa-olsun, NATO ilə hərbi və siyasi baxımdan əlaqələrin inkişafı müsbət qiymətləndirilməlidir. Ekspertin fikrincə, ölkəmizin bu qurumla yaxınlaşması müdafiə və hərbi sahədə NATO standartlarına yaxınlaşması deməkdir: “NATO və Azərbaycan Silahlı Qüvvələrinin standartları yaxınlaşdıqca, gələcəkdə birgə təlimlərin, hərbi əməliyyatların keçirilməsi də mümkün olur. Eyni zamanda bu, Azərbaycanın müasir döyüş qabiliyyətinə, strategiya və taktikasına yiyələnməsinə gətirib çıxaracaq. Ölkəmizin hərbi budcəsinin planlaşdırılmasından tutmuş, strateji planlaşdırılmasına qədər zabitlərimizin müasir hərbi elmi öyrənməsi ilə nəticələnəcək. Bu mənada istənilən sahədə NATO-Azərbaycan əlaqələrinin inkişafı müsbət qiymətləndirilməlidir”.
Sülhəddin Əkbərin sözlərinə görə, Qarabağ problemi kimi ciddi problemi olan və hər an müharibə ilə üz-üzə dayanan bir ölkənin heç bir hərbi ittifaqda yer almaması, əksinə, Qoşulmama Hərəkatında olması ziyanlıdır. Bu durum gələcəkdə ölkə üçün arzuolunmaz vəziyyət yarada bilər: “Hətta ibtidai icma quruluşunda da tayfalar arasında mübarizə gedəndə onlar öz müdafiələrini gücləndirmək üçün özlərinə müttəfiqlər axtarırdılar, başqa tayfalara, tayfa birliklərinə müraciət edirdilər, onlarla ittifaq qururdular. Təcavüzə məruz qalan, ərazisinin bir hissəsi işğal olunan Azərbaycanın bu gün Qoşulmama Hərəkatında olması, heç bir hərbi ittifaqda təmsil olunmaması zərərlidir. Qarabağ məsələsində bu vəziyyət bizim ziyanımıza işləyən bilən durumdur. Azərbaycanın Qoşulmayanlar Hərəkatında qalması və heç bir hərbi ittifaqda olmaması Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına da uyğun deyil. Azərbaycan demokratik respublika olduğunu elan edib və 2007-ci ildə qəbul elədiyi öz Milli Təhlükəsizlik Konsepsiyasında Avroatlantik məkana inteqrasiyanı başlıca strateji hədəfi seçib. Amma bu günə kimi Azərbaycan heç bir hərbi ittifaqda təmsil olunmur. Azərbaycan nə Gürcüstan kimi NATO-ya xeyli dərəcədə yaxınlaşmış durumda deyil, nə hər hansı KTMT-yə üzvdür, nə də iki və ya çoxtərəfli başqa hərbi ittifaq müqavilələri yoxdur. Təbii, müttəfiqimiz olan qardaş Türkiyə ilə belə, hərbi ittifaq müqaviləmiz yoxdur. Bu, Azərbaycanın milli maraqlarına uyğun gəlməyən bir vəziyyətdir. Qarabağ problemi kimi ciddi bir problemi olan və müharibə şəraitində olan bir ölkənin Qoşulmama Hərəkatında olması, heç bir hərbi ittifaqda olmaması məntiqə uyğun deyil”.
 
S.Əkbər bildirdi ki, bunu guya Rusiya faktoru ilə izah edirlər, lakin Gürcüstan nümunəsinə nəzər salınanda bu izahatın əsaslı olmadığı ortaya çıxır: “Deyirlər ki, Azərbaycan hansısa hərbi ittifaqa qoşulsa, Rusiya tərəfindən təzyiqlərə məruz qala bilər. Mən isə Gürcüstanla Azərbaycanı müqayisə eləməyi təklif edirəm. Gürcüstanın əraziləri olan Abxaziya və Cənubi Osetiya işğal olundu, Rusiya qoşunları ancaq Abxaziyanın və Cənubi Osetiyanın inzibati sərhədlərində dayanıb. Oradan irəli getməyib. Amma Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon işğal olunub. Bütün dünya ölkələri Rusiyaya görə Gürcüstanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını birmənalı dəstəkləyir. Gürcüstan NATO üzvü olmaq istiqamətində xeyli məsafə qət edib. Sabah Rusiya zəifləyən kimi Gürcüstan asanlıqla öz ərazi bütövlüyünü təmin edəcək. Dünya birliyi isə Gürcüstanın addımını birmənalı dəstəkləyəcək. Azərbaycanın hətta bu gün Rusiya geri çəkilsə belə, ərazilərinin bərpası istiqamətində atacağı hərbi addımlara dünya birliyi tərəfindən birmənalı dəstək olacağına tam əminlik yoxdur. Çünki Azərbaycan NATO kimi hərbi ittifaqlarla Gürcüstan qədər sıx əməkdaşlıq qurmayıb, əksinə, gedib Qoşulmama Hərəkatına üzv olub. Gürcüstanın daha bir üstün tərəfi ondan ibarətdir ki, 2004-cü ildən Gürcüstan demokratik inkişaf yolunu tutub. Gürcüstan həm daxili demokratikləşməsi, həm də NATO və Avropa Birliyi ilə münasibətləri baxımından xeyli irəli gedib. Azərbaycan buna nail olsa, Qarabağ məsələsində mövqelərini daha gücləndirər və dünyadan birmənalı dəstək əldə edər”.     
Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub. Həmin dövrdə bir çox ekspertlər bildirirdilər ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması Rusiya üçün bir mesajdır. Azərbaycanın belə bir addımı yaxın vaxtlarda planlarda NATO-ya üzvlüklə bağlı hansısa bir hərəkət etməyəcəyi barədə mesaj verirdi. 
 
Hakimiyyətə yaxın şəxslər isə bəyan edirdilər ki, bu, Azərbaycanın NATO ilə, Türkiyə ilə hərbi sahədə tərəfdaşlıqdan imtina edəcəyi demək deyil, Qoşulmama Hərəkatına üzv olması Azərbaycanın hər hansı beynəlxalq təşkilatla münasibətləri genişləndirməyinə mane olmayacaq. Məsələn, istənilən vaxt Azərbaycan Qoşulmama Hərəkatından çıxaraq, NATO-ya üzv olmaq istiqamətində addımlar ata bilər. 
Xatırladaq ki, Bloklara Qoşulmama Hərəkatı dünyanın 118 dövlətini hərbi bloklarda iştirak etməmək prinsipləri əsasında birləşdirən beynəlxalq təşkilatdır. Qoşulmama Hərəkatı rəsmən 25 dövlət tərəfindən 1961-ci ilin sentyabrında Belqrad konfransında yaradılıb. Təşkilata Asiya, Afrika və Latın Amerikası ölkələri, eləcə də 15 müşahidəçi ölkə daxildir. Bu hərəkata üzv olan iki ölkə - Belarus və Özbəkistan hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, 14 ölkə isə müxtəlif səviyyədə NATO ilə əməkdaşlıq edir. 
Digər tərəfdən, təşkilatın yaradılarkən qarşısına qoyduğu məsələlər indi aktual deyil.

 






Fikirlər