Pənah Hüseyn: “4 İYUNDA Heydər Əliyev və Etibar Məmmədov...”

Pənah Hüseyn: “4 iyunda Heydər Əliyev və Etibar Məmmədov...”

“Cinayətimiz məğlubiyyətimizdir” dən ikinci bölüm 

 

***
Musavat.com saytı gündəmlə səsləşdiyini nəzərə alaraq Pənah Hüseynin 20-23 il əvvəl yazdığı "Cinayətmiz məğlubiyyətimizdir" başlıqlı məqaləni təkrarən dərc edir: Xaıtrladaq ki, bu yazı 1993- 1995- ci illərdə yazılıb və 20il əvvəl, 1996- cı ildə “525- ci qəzet”də çap olunub.
***
(Əvvəli 25 iyunda Musavat.com saytında verilib) 
***
5 iyunda qiyamçıların Gəncəni ələ keçirmələri fakt olduqdan sonra vəziyyətdən çıxış yolları müzakirə edilərkən Prezident hadisələrin Gəncə miqyası ilə lokallaşmasına nail olmaq və dinc yollar axtarmaq xəttinə üstünlük verdi. Aydın idi ki, bu xəttin uğur qazanması üçün respublikanın qalan ərazisində siyasi sabitliyin saxlanması, antihakimiyyət çıxışlarına yol verilməməsi həlledici şərtə çevrilirdi. Beləliklə də, siyasi sahədə əsas vəzifə hərbi qiyamın respublikada sosial bazaya malik siyasi qüvvə və şəxslər tərəfindən açıq şəkildə müdafiə edilməməsinə nail olmaqdan ibarət idi. Yaxşı halda isə biz müxalif siyasi qüvvələrin qiyamın yatırılmasında əməkdaşlığına da ümid edirdik. Belə hesab edirdik ki, hər bir ciddi siyasi qüvvə silahlı hərbi qiyamla hakimiyyətə gəlməkdən, yaxud qiyamçılarla hakimiyyət bölüşdürməkdənsə, legitim hakimiyyətlə bölgüyə üstünlük verər və odur ki, biz real siyasi qüvvələrə dərhal hakimiyyət bölgüsü təklif etdik. O vaxtkı siyasi şəraitdə ümumrespublika miqyasında nüfuza və təşkilati struktura malik əsas müxalif qüvvələr Heydər Əliyev və onun tərəfdarları, Etibar Məmmədov və onun partiyası idi. İyunun 5 -də  mən baş nazirin müavini Rəsul Quliyevi dəvət edib ondan xahiş etdim ki, H.Əliyevlə əlaqə saxlasın və ona bildirsin ki, biz onun vətəndaş sülhünü, qanuni prezidenti müdafiə yönümündə bəyanat, çağırış və s. onun özünün lazım bildiyi formada münasibət bildirməsini istərdik. Eyni zamanda mən ona hakimiyyət məsələsində ciddi razılıqlara gəlmək niyyətlərimiz barədə ilkin məlumat verməsini də xahiş etdim. Müəyyən vaxtdan sonra R.Quliyev qayıdıb bildirdi ki, H.Əliyev hadisələr barədə məlumatının olmadığını əsas gətirərək münasibət bildirməkdən imtina edir. Həmin müddətdə İsa Qəmbər kabinetə gəlmişdi və R.Quliyev təklif etdi ki, H.Əliyevlə İsa bəy danışsa yaxşı olar. Rəsul Quliyev şəxsən “türk telefonu” adlandırılan telefonla Heydər Əliyevin kabinetini yığdı və İsa bəyin onunla danışmaq istədiyini bildirdi.
İsa bəylə H.Əliyevin danışığı ümumi fikir mübadiləsi ilə yekunlaşdı və konkret bir nəticə vermədi. İyunun 5-i axşam mən prezidentə H.Əliyevlə əlaqələr haqqında məlumat verdim və təklif etdim ki, o özü şəxsən H.Əliyevlə danışsa, yaxşı olar. Mənə məlumdur ki, həmin gecə Prezident H.Əliyevlə əlaqə saxlamışdır. Qeyd etməyi lazım bilirəm ki, iyunun 5-dəki danışıqlarda H.Əliyevin Bakıya dəvət edilməsi məsələsi qoyulmayıb.
İyunun 6-da günün birinci yarısında Arif Hacıyev Etibar Məmmədovla görüşdü. Onun məlumatına görə, E.Məmmədov prinsipcə hakimiyyət bölgüsündən imtina etməmiş, lakin S.Hüseynova müdafiə naziri vəzifəsini təklif etməyi irəli sürmüşdü.
Onun qiyama belə münasibəti problemlər və narahatlıqlar yaratsa da, E.Məmmədovla danışıqların davam etməsi məsələsi nəzərdə tutulmuşdu. Qeyd edim ki, bizim hakimiyyət bölgüsü barədə təkliflərimizin taktiki gediş yox, tamamilə ciddi olduğunu göstərmək üçün mən iyunun 6 -dan istefa haqqında ərizə yazmışdım və bu barədə həm R.Quliyevin, həm A.Hacıyevin vasitəsilə hər iki danışıq aparılan şəxsə məlumat verilmişdi. İyunun 7-də prezident aparatında müşavirədəki çıxışımda mən siyasi müxalifətə hakimiyyət bölgüsü barədə rəsmi müraciət etmişdim. Bu çıxış TV-də getdi. Qeyd edim ki, biz lap əvvəldən hakimiyyət bölgüsünə gedilərsə, H.Əliyev və E.Məmmdovun eyni zamanda hakimiyyətdə təmsil olunmasını nəzərdə tuturduq. Bu bütün digər, başlıca olaraq, ümummilli mənafelərlə bağlı səbəblərlə yanaşı Prezidentin H.Əliyev və E.Məmmədov arasında yaranacaq rəqabətdən siyasi cəhətdən faydalanaraq daha çox müstəqillik saxlaması, manevr imkanları qazanması üçün də vacib sayılırdı. Lakin gözlənilmədən iyunun 6-sı axşam E.Məmmədovun AMİP rayon şöbələrinə hakimiyyəti ələ almaq barədə əmr verdiyi haqqında məlumat gəldi. İyunun 7-də səhər isə o, mətbuat konfransı çağıraraq iqtidarı qardaş qanı tökməkdə, cinayətlərdə günahlandırdı, vətəndaş itaətsizliyinə keçdiklərini elan etdi. Baxmayaraq ki, AMİP faktiki olaraq heç bir rayonda hakimiyyəti ələ almağa nail olmadı, respublikada siyasi sabitliyin pozulması başlandı və qiyamın sonrakı uğurlarında bunun həlledici rolu oldu. 
Mən E.Məmmədovun hansı motivlərə görə belə taktika seçdiyini deyə bilmərəm. Onun Milli Məclisin iclaslarındakı fəaliyyətinin istiqaməti məlumdur. Qeyd edim ki, hətta E.Məmmədovun qiyama faktiki olaraq qoşulduğundan sonra da vəziyyətin dövlətin əsasları üçün törətdiyi təhlükəni nəzərə alaraq onun hakimiyyətdə təmsil olunması üzərində bir çoxları, o cümlədən mən təkid eləməkdə davam edirdik. İyunun 15-də H.Əliyev  Ali Sovetin sədri seçildikdən sonra mən prezidentin qəbulunda oldum və nə üçün E.Məmmədovun baş nazir təyin olunmaması barədə soruşdum. Bəy mənə baxdı və dedi ki, o (E.Məmmədov) sənin həbsini, İsanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Mən “Əgər iş bununla düzəlirsə, göstəriş ver, elə məni indi həbs etsinlər” cavabını verdim və bunu həqiqətən səmimi deyirdim. Mən hesab edirdim ki, həm Ali Sovet sədri, həm də baş nazir postları tutulandan sonra qiyamçıların siyasi müxalifətlə ittifaqını davam edib leqallaşması şansı xeyli azalır. Mənə məlumdur ki, həmin gün E.Məmmədovun Baş Nazir təyin olunması haqqında fərman yazılmış və prezidentdən başqa bütün digər imzalar atılmışdı. Bu təyinatın niyə baş tutmaması barədə dəqiq məlumatım yoxdur.
        
H.Əliyevin Bakıya dəvət olunması hər şeydən başqa onunla birbaşa danışıqlar üçün texniki bir zərurət idi və bunun üçün R.Quliyev Prezident tərəfindən Naxçıvana göndərilmişdi. Qeyd etmək istəyirəm ki, H.Əliyevi Bakıya dəvət etmək Elçibəy üçün elə də asanlıqla qəbul olunmamışdı. Lakin şəxsi, ya qrup mənafeyini, yoxsa ümummilli mənafedən hansısa birini seçmək zərurəti yarandıqda həmişə olduğu kimi Elçibəy ikincini seçdi. Və millətə növbəti xidmətini göstərdi. (Elçibəyin hərbi-siyasi məğlubiyyəti keçici, ideya-siyasi qalibiyyəti əbədidir!).
H.Əliyevin Bakıya dəvət olunması haqqında qərar heç də impulsiv bir addım olmamışdı. Xüsusilə ona ali dövlət vəzifələri təklif etmək heç də sadə olmayan və ciddi, uzun müddətli müzakirələrdə diskussiya, mübahisələrə səbəb olmuşdu. Çünki, açıq toxunulmasa da, bu addımın, hadisələrin bizim üçün əlverişsiz inkişafı variantında hakimiyyətin bütövlükdə ona verilməsi ehtimalı da nəzərdə tutulurdu. Ən kritik vəziyyət iyunun 5-də Moskvanın H.Əliyevin Ali Sovetə sədr seçilməsində maraqlı olması haqqında gizli məlumatla (bu məlumat ixtisarla iyun hadisələrinə həsr olunmuş broşurada və səhv etmirəmsə, “Azadlıq” qəzetində hələ 1993-cü ildə çap olunub) bağlı yaranmışdı. Həmin məlumata görə, Rəhim Qazıyev Qurban Xəlilovun yeznəsinin iştirakı ilə iyunun 2(4)-də  Ayaz Mütəllibovla görüşmüş, görüşdə Rusiya xüsusi xidmət idarəsinin yüksək rütbəli iki nümayəndəsi də iştirak etmiş və guya H.Əliyevin Ali Sovetə sədr seçilməsi barədə A.Mütəllibovun razılığı alınmışdı. Bizimkilərin çoxu H.Əliyevi dəvət etməklə Moskvanın oyununa kömək etmirikmi sualını qoymuşdular...(senzura 15 sətrlik abzası buraxmayıb)... Hər halda o vaxt həmin məlumatın (H. Əliyevin Ali Sovetə sədr seçilməsi hissəsində) çox yəqin ki, elə rus xüsusi xidmət orqanlarının ötürdüyü “falşivka” olması fikri üstün oldu. Əvvəla, məlumatı bizim nümayəndəliyə verən mənbənin özü, həm də operativliyi şübhə doğururdu. Digər tərəfdən ermənilərin H.Əliyevin hakimiyyətə gəlməsində maraqlı olmaması haqqında  məntiqi və faktiki dəlillər vardı. Biz o vaxt hesab etdik ki, hətta hakimiyyəti tam şəkildə H.Əliyevə verməyə məcbur olunsa  belə, o, ömrünün bu çağında siyasi taleyini belə bir addımla  yekunlaşdırmağa getməz. H.Əliyevin Ali Sovet sədri seçildiyi iclasda müzakirə zamanı İsa Qəmbərin ona sual verərək müstəqilliyə və prezidentə münasibətini açıq bildirməsi sorğusu bu qayğının ifadəsi idi... (senzura 6 sətrlik hissəni buraxmayıb)
... H.Əliyev Prezidentin dəvətinə baxmayaraq, iyunun 9-na kimi Bakıya gəlməkdən imtina edirdi. Deyilir ki, bu onun respublika rəhbərliyinə gəlmək istəməməsi, siyasətdən kənar durmaq istəməsi ilə bağlı olub. Bəlkə də belə olub. Hərçənd ki, Azərbaycan üçün həmin fəlakətli anlarda H.Əliyevin  siyasətdən kənarda durmaq istəməsi və ondan istənilən köməyi göstərməməsi heç də onun xeyrinə izah oluna bilməz. Ümumiyyətlə isə, o, Bakıya gəlməkdən imtina etmirdi. O, gəlmək üçün şərt – Ali Sovetin çağırılması tələbini qoyurdu. Bu isə bizi H.Əliyevdən gözlədiyimiz köməkdən məhrum etməyə bərabər idi. R.Quliyev nə üçün Ali Sovet çağırılsın tələbi qoyulur barədəki mənim sualıma, o, sizə inanmır cavabını vermişdi. Məncə, söhbət təkcə inanmaqdan getmirdi. H.Əliyev güman ki, Bakıya iqtidarın dəvəti ilə gəlmək istəmirdi. Ali Sovetin sessiyasının çağırılması isə onun deputat və Ali Sovet sədrinin müavini kimi gəlməsinə, bununla geniş siyasi manevrlər əldə etmək imkanı yaradırdı. İyunun 7-də gecə prezidentin qəbul otağında mənim R.Quliyevlə əsəbi söhbətim oldu və axırda mən təklif etdim ki, siyahını (Ali Sovetin deputatların siyahısını) H.Əliyevin qarşısına qoysun və ümid etdiyi səsləri saysınlar....
Hər halda iyunun 8-də və 9-da H.Əliyev tərəfdarları Milli Məclisdə Ali Sovetin sessiyasının çağırılması təklifi üzərində təkid edirdilər və yalnız iyunun 9-da günorta sessiya çağırılmasının baş tutmayacağı qəti şəkildə aydın olduqdan sonra R.Quliyevin və H.Əliyevin İsa bəylə və sonra mənimlə telefon danışığı oldu (onların öz təşəbbüsü ilə) və H.Əliyev bildirdi ki, o, 10 dəqiqə sonra Bakıya çıxmağa hazırdır. Mən prezidentlə əlaqə saxladım və sonra bildirdim ki, onu qarşılamaq üçün bütün tədbirlərin görülməsi barədə göstəriş verilib. Xidməti maşınımı və mühafizəçiləri təyyarə limanına göndərdim...
         
İyunun 9-10-11-də H.Əliyevlə Prezidentin, İsa bəyin və mənim iştirak etdiyim söhbətlərdə bizim tərəfdən irəli sürülən təkliflərin mahiyyəti qısaca bundan ibarət idi: H.Əliyev qiyama mənfi münasibətini heç olmasa ümumi şəkildə bildirməklə Elçibəylə əməkdaşlığa getdiyini bəyan edir və Elçibəylə birlikdə xalqa, öz tərəfdarlarına müraciət edərək dövlətçiliyi müdafiə etməyə çağırır. Biz əsaslandırırdıq ki, şəksiz müəyyən subyektiv və obyektiv səbəblər üzündən bizim iqtidarın nüfuzu aşağı düşmüşdür. Lakin Elçibəyi həm siyasi, həm də silahlı yolla müdafiə edən yetərincə qüvvə vardır ki, Gəncədəki qiyamı yatıra bilsin. Lakin bizi pis vəziyyətə salan əslində bilavasitə surətçilər yox, siyasi müxalifət və o cümlədən H.Əliyevin tərəfdarlarıdır. Qiyamın kütləvi sosial bazasını onlar təşkil edir. Əgər məqsəd hakimiyyətə gəlməkdən başqa bir şey deyilsə, onlar Elçibəylə əməkdaşlıqda da hakimiyyətə gələ bilərlər. Deyildi ki, H.Əliyevə hakimiyyət bölgüsü təklif olunarkən onun iqtidarda simvolik təmsili yox, öz plan və proqramlarını həyata keçirə bilmək üçün real rıçaqlara, o cümlədən öz kadrlarına malik olmasının zəruriliyi başa düşülür və bu məsələdə problem olmayacaq. Bizim  tərəfdən irəli sürülən yeganə şərt müstəqillik kursunun və geniş bazada milli birlik saxlanmasının qarantı kimi Elçibəyin prezident kimi qalmasıdır. Digərlərinin, məsələn, istefa vermiş mənim kimilərin şəxsi mənada heç bir şərti yoxdur və bizimlə razılıq bu baxımdan H.Əliyevin üstünə heç bir siyasi, yaxud mənəvi öhdəlik qoymur.
Mənim fikrimcə, həmin günlərdə bu məzmunda razılıq baş tutsaydı, H.Əliyev Prezidenti açıq şəkildə dəstəkləyib qiyam əleyhinə çıxaraq heç olmasa öz tərəfdarlarını neytrallaşdırsaydı, o dövrdə yaranmış hakimiyyət böhranından ən az zərərlə çıxmaq, Azərbaycanın başına gələn faciələrin əksəriyyətindən, o cümlədən yeni ərazilərin işğalından qurtarmaq mümkün idi. Çünki respublikada bu gün də davam edən AXC (müxalifət)- H.Əliyev (iqtidar) qarşıdurması yaranmazdı, Elçibəydən sonrakı iqtidarın siyasi baxımdan etibar etmədiyi “AXC batalyonları” buraxılmazdı, xaotik hakimiyyət dəyişikliyi zamanı labüd olan anarxiya, ruh düşkünlüyü sərhəd rayonlarındakı olan-qalan qüvvələri məhv etməz, ermənilərin hücumu qarşısında duruş gətirmək olardı. Axı nə deyilir, deyilsin, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın, Ağdamın neçə illərdən bəri müdafiəsi, həqiqətən AXC-nin güclü təsirə malik olduğu həmin qüvvələrin sayəsində mümkün olmuşdu.
Elçibəy və onun ətrafı bu şansdan istifadə etməsəydi, etməyə cəhd göstərməsəydi, ona indinin və gələcəyin münasibəti necə olardı? Bu imkanın reallaşması üçün Elçibəy və onun ətrafı hər şeyi etdi, bütün güzəştlərə getdi və əgər bu imkan reallaşmadısa, bunun üçün tarixi məsuliyyət Elçibəy və onun ətrafının üstünə düşmür.
        
Həqiqət naminə deməliyəm ki, H.Əliyev yuxarıda göstərdiyim görüşlər zamanı bizə elə bir ciddi vədlər vermədi, vəziyyəti öyrənəcəyini, davam edəcəyini, o cümlədən Gəncəyə gedəcəyini bildirdi. Sonrakı hadisələr məlumdur. H.Əliyev nəinki Elçibəyi dəstəkləmədi, hətta Gəncə hadisələrini qiyam adlandırmağa, ən ümumi şəkildə pisləməyə belə getmədi və sonradan S.Hüseynovu Baş Nazir vəzifəsinə irəli sürməklə onunla rəsmi ittifaqa qol qoydu. (Senzura 3 sətrlik cümləni buraxmayıb.)...Lakin Siyasi mübarizədə yol verilə biləcək qeyri-rəsmi əlaqələr başqa, legitim hakimiyyətə qarşı silahlı qiyama qalxmış şəxslə açıq siyasi ittifaq tamam başqa şeydir. Məsələn, mənim üçün H.Əliyev imicli bir adamın buna gedəcəyi tamamilə gözlənilməz olub, onun S.Hüseynovla il yarım işləyəcəyini isə əvvəldə təsəvvürümə belə gətirmirdim. Bizimlə söhbətlər zamanı H.Əliyevin Surət və onun ətrafı haqqında dəqiq məlumata malik olduğu görünürdü. Onun Gəncəyə gedərkən necə qarşılanmasını da bilirdik. Gəncədən qayıdandan sonra H.Əliyev Prezidentin Surətin onda hansı təəssürat yaratdığı sualına qısaca “o manyakdır” cavabını vermişdi.
Surət Hüseynovun baş nazir vəzifəsinə gətirilməsi dəfələrlə o dövrdəki hadisələrin məntiqi yekunu kimi əsaslandırılmış, yəni bunun məcburi-zəruri addım olduğuna işarə edilmişdir. Bəlkə də bu fikrin təsdiqi üçün nələrsə, məsələn mənə məlum olmayan faktlar və ya başa düşmədiyim mətləblər var. Ancaq məlum faktlar var ki, onlarla  bunu qəbul etmək olmur. H.Əliyevin  Elçibəyə ondan istənilən və yuxarıda deyilən köməklikləri göstərməkdən imtina etməsi, S.Hüseynovun Bakıya gələn dəstələrinə müqavimət göstərmək istəməməsi və hətta buna qarşı çıxması, 15 iyunda Navahıdakı toqquşma ilə bağlı prezident yanında müşavirəni yaddan çıxarıb bu “məntiqi yekunu” qeyd-şərtsiz labüd şey kimi qavramaq mümkün deyil. 
Mən qəbul edirəm ki, olduqca güclü kontrarqumentlər var...
Ardı var






Fikirlər