İşğalçı ölkəyə iki mühüm qonşusundan sürpriz zərbə; Gürcüstan baş nazirinin Azərbaycana qəfil səfərinin pərdəarxası; nazir Elmar Məmmədyarov Tiflisə prezident İlham Əliyevin xüsusi tapşırığı ilə gedibmiş; mesajda nələr olub? Azərbaycanın dövlət başçısı: “Regiondakı sabitlik energetika və nəqliyyat layihələrindən asılıdır”...
Dünən Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Bakıda işgüzar səfərdə olub. Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsi-Zadə ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib, danışıqlar aparıb. Səfərdə gürcü baş nazirini energetika naziri Kaxa Kaladze və qonşu ölkənin xarici işlər nazirinin müavini Gigi Gigiladze müşayiət ediblər.
Maraqlıdır ki, Gürcüstan hökumətinin başçısı ölkəmizə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov onunla Tiflisdə görüşdükdən cəmi iki gün sonra təşrif buyurub. Belə bir operativlik isə ən əvvəl Tiflisdə aparılan ikitərəfli danışıqların aktuallığına dəlalət edir. Görünür, həmin danışıqların yekunu kimi də gürcü baş nazirin Bakıya təcili səfər etməsi zərurəti yaranıb. Bəs söhbət hansı zərurətdən gedir?
Öncə onu qeyd edək ki, Gürcüstanla Azərbaycan artıq bir çox sahələr - iqtisadiyyat, energetika, kommunikasiya, son illər isə həm də müdafiə və təhlükəsizlik sahələri üzrə strateji tərəfdaş ölkələrdir. Sadalanan istiqamətlərdə əməkdaşlıq uğurla davam və inkişaf etdirilir. Azərbaycan həmçinin qonşu ölkənin əsas qaz tədarükçüsü və mühüm maliyyə investorlarından biridir. İki qonşu dövlətin münasibətlərində, demək olar, həllini tapmayan heç bir problem də yoxdur, qalmayıb. Nəhayət, bu əməkdaşlıq Türkiyə -Azərbaycan-Gürcüstan üçtərəfli formatında müvəffəqiyyətlə öz təsbitini tapıb və inkişaf edir.
***
Yada salaq ki, Tiflis səfəri zamanı Elmar Məmmədyarovla gürcü həmkarı və baş nazirinin görüşləri zamanı əsas müzakirə mövzuları energetika və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, habelə regional təhlükəsizlik məsələləri olub. Görüşlərdən dərhal sonra gürcü baş nazirinin mətbuat xidməti Kvirikaşvilinin yaxın günlərdə Bakıya səfər edəcəyi və prezident İlham Əliyevlə görüşəcəyi barədə açıqlama vermişdi ki, bu da siyasi təhlilçilərin diqqətindən yayınmamışdı.
Doğrudan da, cəmi iki gün sonra Gürcüstan hökumətinin başçısı Azərbaycanda oldu. Buradan hasil olan ilkin qənaət belədir ki, Məmmədyarov - Kvirikişvili görüşündə həqiqətən regional əhəmiyyətli çox mühüm məsələlər, o cümlədən aktuallıq kəsb edən siyasi xarakterli məsələlər müzakirə edilib və bu üzdən gürcü tərəfində təcili şəkildə Azərbaycan rəhbərliyi ilə görüş zərurəti yaranıb.
Yəni elə aktual mövzudan söhbət gedir ki, onun ən yüksək səviyyədə müzakirəsinə, ikitərəfli yüksək səviyyədə danışıqlar aparılmasına ehtiyac yaranıb (Xatırladaq ki, parlamentli idarəçiliyə malik Gürcüstanda dövlətin əsas şəxsi baş nazirdir, prezident yox).
Bu xüsusda ehtimal mümkündür ki, Azərbaycan XİN başçısı Tiflisə məhz İlham Əliyevin xüsusi bir mesajını çatdırıb, yəni onun xüsusi tapşırığı ilə gedib. Söhbət nədən gedir?
***
Hökumət qaynaqlarına yaxın mötəbər mənbələrə görə, söhbət öncəliklə Azərbaycan və Gürcüstan dövlətlərinin inkişafına ciddi şəkildə təsir edən iki strateji əhəmiyyətli layihədən gedir:
1.Xəzər şelfindən Qərb bazarlarına əlavə həcmdə təbii qazın çatdırılması üçün “Şahdəniz-2" qaz yatağının istismarı (Cənub Qaz Dəhlizinin genişləndirilməsi işinin sürətləndirilməsi);
2. Bakı-Tiflis-Qars dəmir yolunun inşasının vaxtında başa çatdırılması.
Siyasi müşahidəçilərə görə, xüsusən də ikinci layihə təkcə Azərbaycan və Gürcüstandan ötrü deyil, bütövlükdə region üçün böyük önəm daşıyır. Məsələ ondadır ki, əgər Xəzərdən Avropaya doğru daha bir qaz kəmərinin çəkilişi (CQD - TANAP, TAP) artıq mövcud olan Bakı-Tiflis-Ərzurum qaz kəmərindən sonra sayca ikinci olacaqsa, Bakı-Tiflis-Qars dəmir yolu xətti bir ilk olacaq və ilk dəfə olaraq da Gürcüstanı Türkiyə və Avropa ilə birləşdirəcək. Ən önəmlisi, paralel surətdə işğalçı Ermənistanın iqtisadi və kommunikasiya blokadası, demək, həm də iqtisadi təcridi bununla daha da güclənmiş olacaq.
Təsadüfi deyil ki, ilin sonunda işə düşməsi gözlənilən bu strateji dəmir yolu arteriyasının tikintisi Ermənistanda daim narahatlıq yaradıb. Erməni lobbisi illər öncə hətta onun maliyyələşməsini əngəlləmək üçün dəridən-qabıqdan çıxıb, Qərb dövlətlərinə, ABŞ-a təzyiq eləməyə çalışıb. Lakin Azərbaycan layihənin əsas maliyyə sponsoru funksiyasını öz üzərinə götürdükdən sonra ermənilərin bütün arzuları puç olub getdi.
***
Beləliklə, sözügedən layihələrin gerçəkləşməsi üçün Bakı və Tiflisin artan birgə səyləri həm də təcavüzkar ölkənin iqtisadi durumunu daha ağır vəziyyətə gətirəcək, onun iqtisadiyyatının rüşeym halından çıxmasına əsla imkan verməyəcək. Bu yaxınlarda Moskva, Tehran və Bakı arasında razılaşdırılmış “Şimal-cənub” dəmiryolu layihəsinin də tezliklə reallaşacağını nəzərə alsaq, düşmən ölkədəki təlaşı başa düşmək çətin olmaz.
Bu yerdə onu da diqqətə çatdıraq ki, bir neçə gün öncə Bosfor boğazı altından “Mərmərə” tunelinin işə salınmasından sonra Bakı-Tiflis-Qars layihəsinin həyata keçməsi önündə heç bir texniki xarakterli əngəl qalmayıb. Bununla belə, ola bilsin, tərəflər bəzi logistik və maliyyə xarakterli məsələlərin həlli üçün əlavə məsləhətləşmələrə lüzum görüb. Gürcü nümayəndə heyətinin tərkibindən də bunu görmək mümkündür.
Ancaq nəzərə alsaq ki, liderlər nadir hallarda ön hazırlıqlarsız və təcili bir araya gəlirlər, o zaman ehtimal etmək olar ki, Bakı görüşləri yuxarıda vurğuladığımız hər iki istiqamətdə irəliyə doğru mühüm sıçrayışla yadda qalacaq. Dünən iki ölkə rəhbərləri arasında Bakıda aparılan danışıqlar qənaətimizi gücləndirmiş oldu.
Belə ki, gürcü baş naziri Giorgi Kvirikaşvilini qəbul edən prezident İlham Əliyev regiondakı sabitliyin energetika və nəqliyyat layihələrindən asılı olduğunu xüsusi vurğulayıb. “Münasibətlərimiz tarixə, qardaşlığa, xalqlarımızın yaxın qonşuluğuna əsaslanır. Bu gün biz bütün sahələr üzrə - siyasi sahədə, iqtisadi sahədə fəal dialoq aparırıq. Bizi uğurla inkişaf edən, ölkələrimizə və xalqlarımıza fayda gətirən həm nəqliyyat, həm də energetika sahələrində layihələr birləşdirir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından çox məmnunuq. Əminəm ki, sizin səfəriniz gələcək əlaqələrimizin dərinləşməsinə, möhkəmlənməsinə xidmət edəcək. Bizi tarix, coğrafiya, maraqların üst-üstə düşməsi və artıq qeyd etdiyim kimi, iri transmilli energetika, nəqliyyat layihələri birləşdirir. Bu layihələrin reallaşmasından, uğurlu fəaliyyətindən ölkələrimizin və xalqlarımızın rifahı, həm də regionumuzdakı sabitlik asılıdır” - ölkə başçısı deyib (APA).
Öz növbəsində Kvirikaşvili deyib: “Mən həqiqətən qardaş ölkədə olmaqdan çox şadam. Xalqlarımızı çoxəsrlik dostluq bağlayır. Biz həqiqətən də strateji xarakter daşıyan münasibətlərimizin gələcək inkişafını hərtərəfli dəstəkləyirik. Sizin artıq qeyd etdiyiniz kimi, bizi xalqlarımızın rifahının yaxşılaşdırılması üçün vacib olan və xalqlarımız arasında gələcək dostluğun möhkəmləndirilməsinə xidmət edən dostluq, strateji, regional, qlobal xarakterli layihələr bağlayır”.
**
Heç şübhə yox ki, bu layihələr kimi digərləri də uğurla reallaşacaq və Ermənistan öz işğalçılıq siyasətini davam etdirdikcə onların hamısından kənarda saxlanacaq.