Zəlimxan Məmmədli: “Nuru Paşanın Azərbaycanın dövlət olaraq var olmasında tarixi rolu danılmazdır”; Fazil Mustafa: “Bizim Qafqaz-İslam Ordusunun qəhrəman əsgərlərinə bir can borcumuz var”
Bakının erməni-rus daşnaklarından azad edilməsindən 98 il keçdi. Daha iki il ötəcək və biz hazırkı paytaxtımızın düşmənlərdən təmizlənməsinin 100-cü ildönümünü qeyd edəcəyik. Bir qayda olaraq yüzillik yubileylər yüksək səviyyədə, kompleks tədbirlərlə qeyd olunur və yəqin bu dəfə də istisna olmayacaq.
Ancaq illərdən bəri barəsində danışılan qəhrəmana, Qafqaz İslam Ordusunun başında Azərbaycana gələn və Qarabağ, Göyçay, Şamaxı da daxil olmaqla, tarixi ərazilərimizin böyük bir qismini ermənilərdən azad edən Nuru Paşaya hələ ki Bakıda abidə qoyulmaması təəssüf doğurur.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Batumda Osmanlı dövləti ilə apardığı danışıqlardan və qarşı tərəfi inandırmasından sonra hərbi nazir olan Ənvər Paşa qardaşı Nuru Paşanın rəhbərlik etdiyi ordu birləşməsini Azərbaycanı xilas etmək üçün göndərdi. Bu, o zaman yenicə elan edilmiş respublikanın mövcudluğu baxımından mühüm addım idi. Birinci Dünya müharibəsindən çıxmış ordu silahsız, ac-susuz olsa da, yaz aylarında Azərbaycan xalqını soyqırım edən daşnaklara qarşı qəhrəmancasına döyüşüb. Lakin sonradan türk ordusu Azərbaycanı tərk etməyə vadar olur. Bununla belə, məhz Nuru Paşanın rəhbərlik etdiyi Türk ordusunun sayəsində Azərbaycan birdəfəlik məhv olmaqdan, Rusiyanın əyalətinə çevrilməkdən, qalan hissələri də qonşu ölkələr arasında bölüşdürülməkdən qurtuldu.
Bu xidmətin qarşılığında Nuru Paşaya Bakının ən görkəmli yerində abidə qoyulması gərəkdir, ancaq bu məsələ nədənsə yubanır. Düzdür, Azərbaycan uğrunda döyüşlərdə şəhid olmuş 1300-dən artıq türk əsgərinin xatirəsi hər zaman hörmətlə yad edilir, Türk Şəhidliyi, Şamaxıdakı “Tənha məzar” və digər ünvanlarda uyuyan şəhidlər sayğı ilə anılır. Lakin Nuru Paşa ordunun başında duran general olaraq daha yüksək dəyər verilməsini haqq edib. Bakıda isə onun abidəsi hələlik Türkiyənin ölkəmizdəki səfirliyinin həyətində qoyulub. Başkəndimizi azad edən Paşaya heykəl qoyulmamasının səbəbi ekspertləri də düşündürür.
Professor Qafar Çaxmaqlı sosial şəbəkədəki səhifəsində türkiyəli araşdırmaçı Atilla Oralın “Nuri Killigil” kitabından bəhs edərkən yazıb ki, Atilla bəy bu kitabı 20 ilə ortaya qoyub: “15 sentyabrı, Bakının erməni bolşevik qüvvələrdən təmizləndiyi tarixi andığımız bugünlərdə Nuru Paşanın bütün həyatı, keçdiyi yol haqqında belə bir dəyərli kitab ortaya qoyan yazarı ilk dəfə Bakıya ayaq basarkən yəqin ki, maraqlandırıb: Onun xilas etdiyi şəhərdə Nuru Paşanın xatirəsinin yad ediləcəyi yer varmı? Hanı onun adına verilmiş küçə, park? Mən əminəm bu kitabı oxuyan hər kəs təkidlə soracaq: Hanı Nuru Paşanın heykəli?”...
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli hesab edir ki, bugünkü Azərbaycanın var olmasında şanlı Türk ordusu və komandan Nuru Paşaya borcluyuq: “Nuru Paşanın Azərbaycanın dövlət olaraq var olmasında tarixi rolu danılmazdır. Onun adı ən böyük xiyabanlara, ən möhtəşəm salonlara verilməlidir”.
BQP başqanı, deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, bu məsələ ən ağrılı yerimizdir: “Dəfələrlə gündəmə gətirilməyə çalışılsa da, bilərəkdən qulaqardına vurulur. Azərbaycanın müstəqilliyinin həqiqi dəyərini bilən insanlar üçün Nuru Paşanın obrazı ən yüksək şəhidlik mərtəbəsi sayılır. Heykəllər qoyular da, uçurular da, ancaq bu mərtəbələr dəyişməzdir. Bizim Qafqaz-İslam Ordusunun qəhrəman əsgərlərinə bir can borcumuz var. Bunun unudanlar öz ömürlərində bir halallıq haqqının çatmadığını anlamalıdırlar. Onlar canları, qanları bahasına rusun, erməninin, ingilisin əlindən qoparıb bizə paytaxt bəxş ediblər. Bunu necə unutmaq olar?”
F.Mustafa qeyd etdi ki, bu barədə müraciət etmədiyi instansiya qalmayıb: “Hələ ki müsbət reaksiya yoxdur. Ümid edək ki, düşüncələrdə yaxın zamanlarda dəyişiklik olar”.
Yeri gəlmişkən, Ənvər Paşanın nəvəsi Osman Maypetek əmisi, Qafqaz-İslam Ordusunun sabiq komandanı Nuru Paşanın məzarının yaxın vaxtlarda təntənəli tədbirlə açılacağını deyib. Osman Maypetek yenicə tapılmış məzarın ilk dəfə təmir olunduğunu bildirib. Onun sözlərinə görə, məzarın təmirdən sonra açılış mərasimində Türkiyənin dövlət rəsmləri ilə yanaşı, Azərbaycandan da qonaqlar dəvət olunacaq.
Xatırladaq ki, ötən il Osman Maypetek də Bakıda ilk dəfə olarkən Nuru Paşaya abidə ucaldılmasını arzu etdiyini bildirib.