Səməd Seyidov: ''AŞPA-da Azərbaycanda keçirilən referendumla bağlı ayrıca müzakirə olmayacaq''

Səməd Seyidov: ''AŞPA-da Azərbaycanda keçirilən referendumla bağlı ayrıca müzakirə olmayacaq''

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda keçirilən referendum ayrılıqda müzakirə olunmayacaq.

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S. Seyidov deyib ki, AŞPA-nın hər bir sessiyası başlayanda Avropa Şurasının yarım il ərzində gördüyü işlər haqqında ümumi məlumat verilir: “Ola bilər ki, bu kontekstdə Azərbaycanda keçirilən referenduma toxunulsun  Ancaq ayrılıqda Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda keçirilən referendumla bağlı müzakirə nəzərdə tutulmayıb”. 
Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına təklif olunan dəyişiklik və əlavələrlə bağlı rəyinə də toxunan S. Seyidov qeyd edib ki, Venesiya Komissiyası Avropa Şurası nəzdində konsultativ bir orqandır: “Venesiya Komissiyasına Avropa Şurası ilə bərabər 70-dən çox ölkə üzvdür. Venesiya Komissiyası hansısa ölkədə nə isə baş verəndə, öz fikrini bildirir. Ancaq  Venesiya Komissiyasının fikri, o cümlədən Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələrlə bağlı fikri Avropa Şurasının, yaxud hansısa qurumun mütləq, həqiqət olan bir fikri deyil. Bu, münasibətdir. Referenduma münasibəti Venesiya Komissiyası da, Azərbaycana referendumu müşahidə etməyə gələn müşahidəçilər də, digər beynəlxalq təşkilatlar da bildirə bilər. Bu rəylərdən biri də Venesiya Komissiyasının rəyidir. Ona görə də Venesiya Komissiyasının rəyini əsas bir rəy kimi təqdim etmək qətiyyən düzgün deyil. Müxtəlif rəylər ola bilər. Məsələn, müxalifətin, Venesiya Komissiyasının, Azərbaycana gəlmiş müşahidə missiyalarının hər birinin öz rəyi var”.
 
S. Seyidov qeyd edib ki, başqa rəyləri bir kənara qoyaraq hansısa məsləhətçi bir qurumun rəyini əsas rəy kimi təqdim etmək  düzgün deyil.






Fikirlər