Eks-prezidentdən İlham Əliyevin Qarabağ açıqlamasına - DƏSTƏK...

"Qərb ölkələri bizə "sağ ol" desinlər ki, hələ hövsələdən çıxmamışıq..."

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, Azərbaycana  Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməsi üçün təzyiqlər göstərilir: 

 

“Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”.

Moderator.az prezidentin səsləndirdiyi fikirlərlə bağlı Azərbaycanın eks - prezidenti Ayaz Mütəllibovun fikirlərini öyrənib.

 

A. Mütəllibov deyib ki, Azərbaycana Dağlıq Qarabağın müstəqilliyinə razılıq vermək üçün hər zaman təzyiq olub: 

 

“Ancaq burda əsas məqam odur ki, Azərbaycan prezidenti İlham Əliyev mövqeyini birmənalı şəkildə ortaya qoyub. Vurğulayıb ki, Dağlıq Qarabağın müstəqilliyi heç vaxt olmayacaq. Prezident bir daha Azərbaycanın mövqeyini ortaya qoyub ki, biz seçdiyimiz yolla gedirik və gedəcəyik də. Mən inanmıram ki, kimlərsə bizi Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyə vadar edə bilsin. 25 ildir ki, biz öz yolumuzla gedirik. Şükür etsinlər ki, biz irəli sürülən təkliflər əsasında danışıqlar prosesini davam etdiririk. Ona da şükür etsinlər ki, biz Qarabağa Azərbaycanın tərkibində avtonomiya veririk. BMT, başqa beynəlxalq təşkilatlar da bu fikirə şərik olduqlarını dəfələrlə bəyan ediblər. Biz səbrlə prosesin sülh yolu ilə tənzimlənməsini gözləyirik, buna görə bizə təşəkkür bildirməli və buna şükür etməlidirlər. Qərb ölkələri bizə sağ ol desinlər ki, hələ hövsələdən çıxmamışıq, siyasi yolla bu məsələni həll etmək istəyirik”.

 

 






Fikirlər