"Türk axını" TAP və TANAP bəndini uçuracaqmı? — Politoloq rəyi
İstanbulda keçirilən Dünya Energetika Forumunda Rusiya ilə Türkiyə dayandırılmış "Türk axını" layihəsi ilə bağlı razılıq əldə etdilər. Rusiya ilə Türkiyə münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi görünür. Artıq iki dövlət "Türk axını" layihəsi barədə müqavilə imzalayıb və Rusiya Türkiyəyə daha ucuz qaz satacağını bildirib. "Türk axını" layihəsinin həyata keçirilməsi Azərbaycanın TAP və TANAP layihələrinin gələcəyini sual altında qoyur. Belə ki, bu layihələr Rusiyanın "Türk axını" layihəsinə alternativ olaraq qiymətləndirilirdi. "Türk axını"na rəqib olan TAP və TANAP layihələrinə Rusiya tərəfindən problemlər yaradılacağı deyilir. Türkmənistan qazının TAP və TANAP layihələrinə qoşulmaması üçün Rusiya Xəzər dənizinin altından qaz kəmərinin çəkilməsinə qarşı çıxır. "Türk axını" və TAP və TANAP layihəsi barədə politoloq Elşən Manafov Ölkə.Az-da öz fikirlərini bölüşüb: "Azərbaycan prezidenti İlham Əliyev həmin konfransdakı çıxışı zamanı bildirib ki, Azərbaycan və Türkiyənin enerji layihələri Türkiyə və Avropa üçün çox ciddi əhəmiyyət kəsb edir. "Türk axını" Türkiyənin enerji təhlükəsizliyində təxminən 50%-lik göstəriciyə malik kəmərdir. Ərdoğan və Putin arasında keçirilən danışıqlarda Rusiyanın "Türk axını" layihəsi ilə Türkiyəyə nəql edəcəyi qazın qiymətində əhəmiyyətli dəyişikliklər edilib və bu hər iki tərəfi qane edir. Tərəflər bu məsələdən məmnun qaldıqlarını bildiriblər. Rusiya Avropanın enerji təminatında müəyyən mənada Azərbaycanı və Türkmənistanı rəqib dövlətlər kimi görür və bu müəyyən qısqanclıq yarada bilər. Azərbaycanın xarici siyasəti keçmiş postsovet məkanındakı dövlətlərin xarici siyasətindən fərqlidir. Azərbaycan dövləti yürütdüyü xarici siyasətdə Qərbin maraqlarına cavab verən mövqe sərgiləmir. Azərbaycan prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında da qeyd etdi ki, "bizi hara inteqrasiya etməyə dəvət edirlər? O məkana ki, orada iqtisadi və siyasi böhran göz qabağındadır". Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq barədə verdiyi qərardan sonra Avropa İttifaqının da dağıla biləcəyi ilə bağlı məsələ istisna edilmir. Bu mənada Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı anlaşma və qarşılıqlı mənfəət prinsipləri üstündə qurulub. Azərbaycan hakimiyyəti postsovet məkanındakı digər ölkələrdən fərqli olaraq Rusiyada qıcıq yaradacaq kəskin hərəkətlərə yol vermir. Dövlətimiz enerji təhlükəsizliyi ilə bağlı siyasətində də region dövlətlərinin maraqlarını nəzərə alır və çalışır ki, Türkiyənin və eləcə də Avropanın enerji təhlükəsiziliyi sahəsindəki məsələlərin həllində Rusiya və İranda ciddi qıcıq yarada biləcək addımlar atılmasın. Düşünmürəm ki, Rusiya məlum TAP və TANAP layihələrinin həyata keçməsində ciddi problemlər yaratsın. Hər halda problemlərin həlli istiqamətində razılaşdırılmış və balanslaşdırılmış siyasət göz qabağındadır. İstisna deyil ki, Türkmənistan qazının Xəzər dənizinin dibi ilə məlum marşurutlarla Türkiyəyə, oradan da Avropaya çıxarılmasında şimal qonşumuz maraqlı deyil. Buna görə də, Rusiya bu kəmərin Xəzər dənizinin dibi ilə çəkiləcəyi halda, Xəzərdə ekoloji problemlərin ola biləcəyi fikirini qabardır. Aydın məsələdir ki, rəsmi Moskvanı Xəzərin ekoloji problemlərindən daha çox türkmən qazının Avropaya çıxacağı təqdirdə Avropanın Rusiyadan enerji asılılığının minimuma endiriləcəyi barədə məsələlər narahat edir. Rusiyanın Avropa ilə münasibətlərində zaman-zaman rəsmi Moskvanın neft və qaz diplomatiyasının yaratmış olduğu imkanlardan istifadə edərək bəzi Avropa ölkələrini şantaj etməsi də göz qabağındadır. Bir vaxtlar Ukrayna ərazisindən keçən məlum kəmərlərin Baltik dənizindən keçməklə Avropaya çıxması məhz bu səbəbdən Rusiyanın maraq dairəsində idi. "Türk axını" layihəsi ilə Türkiyəyə çatdırılacaq qaz təkcə Türkiyə üçün nəzərdə tutulmayıb. Bildiyimiz kimi, bu qaz kəmərinin Yunanınstana və digər Avropa ölkələrinə ötürülməsi məsələsi də var. Bütün hallarda Azərbaycanın TAP və TANAP layihələri Rusiyanın Avropa ilə enerji layihələrinə müəyyən qədər alternativdir. Bu da Rusiyada müəyyən qıcıq yarada bilər. Gürcüstandan fərqli olaraq Azərbaycanın gündəmində Qərbin təhlükəsizlik sistemi, NATO-ya inteqrasiya etməsi məsələləri aktual deyil. NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanın milli təhlükəsizilik maraqlarına, o cümlədən strateji layihələrə müəyyən təhlükə yaratdığından Azərbaycan Gürcüstandan fərqli olaraq bu addımları atmır. TAP və TANAP layihələrinin həyata keçməsinə Rusiya ciddi problem yaratmayacaq. Ən azı nəzərə almaq lazımdır ki, Avropanın enerji təminatı ilə bağlı məsələlərdə Rusiyanın imkanları TAP və TANAP layihələrinin imkanlarından kifayət qədər böyükdür. Bu layihələr Rusiyanın imkanlarına baxdıqda ciddi alternativ imkanlara malik deyil. Ancaq Avropa və Türkiyə TAP və TANAP layihələrinin həyata keçirilməsində maraqlıdır".