“Korrupsiya, rüşvət uğurlu inkişafımızı əngəlləyir” – İlham Əliyev

ilham eliyev

“Regional əməkdaşlıq məsələlərinin həllində Azərbaycan çox önəmli bir ölkəyə çevrilib. Bizim təşəbbüsümüzlə icra edilən böyük enerji layihələri son illər ərzində daha da geniş miqyasa çıxıb. Artıq bu, qitələrarası enerji layihələridir. Xüsusilə Cənub qaz dəhlizini qeyd etməliyəm”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində prezident İlham Əliyev deyib. O bildirib ki, bu dəhliz 2006-cı ildə və 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır: “Əgər o kəmərlər yaradılmasaydı, Cənub qaz dəhlizi də yaradılmazdı. Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub qaz dəhlizi uğurla icra edilir. Biz “Şahdəniz-2” layihəsinin icrasında son mərhələyə yaxınlaşırıq. Layihənin icrası artıq 83 faiz təşkil edir. TANAP layihəsinin icrası təxminən 40 faizə yaxındır. Biz bu nəhəng enerji, iqtisadi layihəni uğurla icra edirik. Bu, bizə gələcəkdə çox böyük əlavə iqtisadi dividendlər gətirəcək. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlardan biri olan Avropa bazarına çıxarırıq. Bizim enerji siyasətimiz dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatını yaratmışıq və bu formatı genişləndiririk”.

Prezident qeyd edib ki, Cənub qaz dəhlizi tarixi layihədir: “Bu, bizim uğurlu gələcək inkişafımızı müəyyən edəcək. Bununla bərabər, biz iqtisadiyyatımızın digər sektorlarının inkişafı ilə bağlı çox ciddi addımlar atırıq. Xüsusilə son müddət ərzində Azərbaycanda sənayenin, kənd təsərrüfatının inkişafı artır. Baxmayaraq ki, dünyanın iqtisadi böhranı davam edir, biz bu istiqamətdə də çox ciddi addımlar atmışıq. Əminəm ki, yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətlə gedəcək. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Biz indi ixracın şaxələndirilməsi ilə ciddi məşğuluq. Elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin”.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır: “Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN Xidmət” bizim məhsulumuzdur. Artıq bu xidmətə 12 milyon müraciət olub, 4 milyona yaxın insan bu imkanlardan istifadə edir və indi başqa ölkələrdə bu təcrübə öyrənilir. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarımızı təqdim etməliyik. O cümlədən, intellektual məhsulun ixracı xüsusi əhəmiyyət daşıyır”.

Prezident vurğulayıb ki, Azərbaycan bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınır: “Çünki bizim iştirak etdiyimiz bütün layihələr əməkdaşlığa hesablanıb. Biz hesab edirik və həyat göstərir ki, ölkələr arasındakı əməkdaşlıq bəzi problemləri aradan götürə bilər. Enerji siyasətimiz xoşniyyətlidir. Bundan heç vaxt hansısa başqa məqsəd üçün istifadə etməmişik. Bütün digər regional təşəbbüslər də əməkdaşlığa hesablanır, o cümlədən nəqliyyat sahəsində. Biz bu gün “Şərq-Qərb” dəhlizinin yaradılmasında fəal rol oynayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu yaxın aylarda istismara veriləcək. Beləliklə, biz özümüzü daha gözəl imkanlarla təmin etmək üçün Avropanı Asiya ilə birləşdiririk. Çünki bu dəhliz bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Bu dəhlizdən keçən yüklərin həcmi on milyonlarla ton səviyyəsində olacaq. Bununla bərabər, biz “Şimal-Cənub” dəhlizini də yaradırıq. Yenə də təşəbbüs göstərmişik, yenə də regional əməkdaşlıq formatını təqdim etmişik və bu, artıq yaradılıb. Bu da bizə əlavə on milyonlarla ton yük daşımaq imkanları verəcək. Bax, budur neft amilindən asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafı. Coğrafi vəziyyətimizdən istifadə edərək biz bu layihələri ortaya qoyuruq və onları icra edirik”.

 






Fikirlər