Xədicə İsmayılla Qubad İbadoğlu arasında QALMAQAL

Bəzi media orqanlarında jurnalist Xədicə İsmayılla İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının əlaqələndiricisi, iqtisadçı Qubad İbadoğlu arasında qalmaqal yaranması barədə xəbərlər yayılıb. 

Bunu “Xədicə İsmayıl yalançı, saxtakardır” - Müxalifətdə yeni qalmaqal" başlığı ilə təqdim edən həmkarlarımız hər iki şəxsin yazdıqları facebook statuslarını bir-biri ilə əlaqələndirib, virtual qalmaqal yarada biliblər.

“Yeni Müsavat” isə xəbər verir ki, baş vermiş mənzərənin başlanğıc nöqtəsi  X.İsmayılın aşağıdakı statusu olub: “Bugünlərdə bir tədbirdə Qubad İbadoğlu ilə görüşdüm. Ayaqüstü söhbət elədik. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı mövqeyi barədə soruşdum. Sual etdim ki, ölkədə azad mətbuat olmaya  - olmaya, vətəndaş cəmiyyətinə münasibətdə müsbətə doğru dəyişikliklər haqda necə danışıla bilər. Son müxalif qəzet də çapını dayandırıb, televiziya haqqında artıq heç xəyal da qurmuruq. Dedi ki, mənim dediklərimi olduğu kimi çap edən media qurumları varsa, ”müstəqil mətbuat yoxdur" fikrini söyləyə bilmərəm. "Turan", Meydan TV və AzadlıqRadiosu var. Onlar mənim fikirlərimi çatdırırlar. İzah etməyə cəhd elədim ki, "Turan" agentlikdir, çox məhdud sayda adama çıxışı var, Meydan və AzadlıqRadiosu da xaricdədirlər və yenə də yalnız online olduğu üçün dairəsi məhduddur, razılaşmadı.  İndi düşünürəm, bu adamların reallığı anlaması üçün nə etmək lazımdır? Həmkarlarım nəticə çıxarsınlar.

Aydın olsun deyə, yazım. MSŞT üzrə vətəndaş cəmiyyəti koalisiyasının rəyi çox vacibdir ki, hökumət investisiya və kredit ala bilsin böyük layihələrə. Bu pullara o qədər böyük ehtiyacı var ki, rejimin, hətta müəyyən islahatlar da edə bilər. Tələb olunsa, əlbəttə ki. Amma asan yolunu tapıblar. Hökumət də indi həmin koalisiyada üzv olan ayrı-ayrı adamların kiçik problemlərini həll etməklə müsbət rəy almağa çalışır. Biri üçün bircə saatın içində təşkilat qeydə alırlar, o birinin yoxlamasını ləğv edirlər və s. Bu hələ masa üzərində olan sövdələşmələrdir. Masanın altındakılar nədir, onu da zaman göstərər.

Bəs müsbət rəyi belə asanlıqla almasalar nə olar? Onda məcbur olar hökumət real addımlar atmağa - qanunları dəyişməyə, həbsdə olanları azad etməyə, təşkilatların qeydiyyatını tam asanlaşdırmağa, mətbuata basqıları azaltmağa. Yox amma, prosesin ölkə üçün çıxarları ilişib bir qrup qht-çinin şəxsi maraqlarına.

Biz qınamırıq deyə, onlar da özünü çox rahat hiss edir, deyəsən". 

Bu statusun yazılmasından saatlar sonra Q.İbadoğlu da aşağıdakıları yazıb və ilkin ehtimallar buradakı sözlərin X.İsmayıla ünvanlandığı barədədir. Statusa diqqət edək: “Siz ey Vətən, millət, dövlət anlayışlarına gizli nifrətini zaman-zaman büruzə verən, əlacsız qalanda son çarə kimi ”Çamur at, izi qalsın" prinsipi ilə mövcudluğunu sürdürən prinsipsizlər - yalançı müxaliflər, saxta vətənpərvərlər, iqtidara yarınanlar! Qulaqlarınızı açın və eşidin: Mən təmsil olunduğum istənilən beynəlxalq və yerli platformada əsaslandırılmış müstəqil mövqedən çıxış edirəm, mövqeyim həmişə Azərbaycan dövlətinin və müstəqil vətəndaş cəmiyyətinin maraqlarının müdafiəsi üzərində qurulub. Şəxsiyyətimə və beynəlxalq arenadakı uğurlu fəaliyyətimə qarşı qərəzinizi boğub içinizdə gömün, əvvəlcə MSŞT-nin açılışının nə olduğunu öyrənin, sonra bu platformanın fəaliyyəti barədə fikir bildirin! 

Bilin ki, kirli təfəkkürünüzün məhsulu olan böhtan, hədyan və uydurma ssenarilər məni ali prinsiplərimdən geri döndərə bilməz və bundan sonrakı fəaliyyətimdə də müstəqil vətəndaş cəmiyyətinin maraqlarından çıxış edərək, həm təmsil olunduğum düşərgənin haqlı mövqeyini, həm də Azərbaycan dövlətinin mənafeyini müdafiə edəcəyəm!

Sözümün sonunda üzümü bütün sağlam müzakirə imkanlarına malik insanlara tutur və onları 17 noyabr 2016-cı il tarixində saat 13-14 aralığında Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək MSŞT ilə bağlı açıq müzakirəyə dəvət edirəm".

 “Yeni Müsavat” isə Q.İbadoğlunun bu statusunun konkret  X.İsmayıla həsr olunub-olunmaması ilə maraqlanıb. Q.İbadoğlu statusu xanım jurnalistə həsr etmədiyini söyləyib: “Xədicə İsmayılın nəsə haqqı var danışmağa. Amma elə şəxslər, status yazanlar var ki, heç bilmirlər, bu qurum nədir, onun funksiyası nədir. Xədicə İsmayıl araşdırmaçı jurnalistdir, tədqiqatları olub. Xədicə və digərləri ilə polemikaya girmək niyyətim yoxdur. Sadəcə, bu  status ətrafında yanlış təqdimatın əleyhinəyəm”.

 






Fikirlər