20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir.
SSRİ prezidenti Mixail Qorbaçovun rəhbərliyi ilə qəddarcasına həyata keçirilən bu qətliamda yüzlərlə insan –uşaq, qadın, qoca həlak oldu. Azadlıq Hərəkatının mühüm periodu olan 20 yanvar qətliamı özünün siyasi nəticəsini çox gözlətmədi. SSRİ-nin dağılmasının qarşısını belə qanlı cinayətlə saxlamaq cəhdi faydasız oldu: cəmi bir idən sonra müstəqil Azərbacanın üçrəngli bayrağı vətənmizin azadlığının simvolu kimi dalğalanırdı.
O vaxtdan 26 il ötüb. Faciə ilə bağlı çox suallar da açıq qalıb. Müxtəlif siyasi liderlərin 20 yanvarla bağlı çıxışlarını oxuduqca bu prosesin ağrılı izini bir daha hiss edirsən.
Strateq.az mərhum prezident, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin heç vaxt çap olunmamış məhkəmə çıxışını oxuculara təqdim edir.
1990-cı ildə AXC İdarə Heyətinin üzvü Etibar Məmmədovun Mərdəkanda keçirlmiş məhkəmə prosesində şahid qismində ifadə verən Ə. Elçibəy 20 yanvarla bağlı qapalı qalmış maraqlı məqamlara toxunub.
AMİP sədri Etibar Məmmədovun məhkəməsi. 1 noyabr 1990. Bakı, Mərdəkan
Çıxışı zamanı Əbülfəz Elçibəy 1990-cı ildə yaradılmış Milli Müdafiə Şurası ilə bağlı danışır. AXC sədri bildirir ki, Milli Müdafiə Şurası o zamankı Azərbaycan SSR rəhbərliynin dəstəyi ilə yaradılıb və Dağlıq Qarabağda erməni separatçılarının hucumlarının qarşısını almaq üçün nəzərdə tutulubmuş: “Rayonlarda Milli Müdafiə Şurasına katiblər, prokurorlar, milis rəisləri üzv yazılırdılar. Rəhbərlik bizə silah məsələsində kömək etməyə söz vermişdi. Bizə deyilmişdi ki, yaradılması nəzərdə tutulmuş fəhlə drujinları hökümət tərəfindən rəsmiləşdirildikdən sonra silah veriləcəkdi. Bütün bu işlər detallı aparılırdı”.
AXC sədri bu prosesin başında Azərbaycan Kommunist Partiyasını ikinci katibi Viktor Polyaniçkonun durduğunu deyərək onu “yanvar faciəsinin müəllifi” adlandırıb: “Onun da ötürücüsü Yaxın Şərq məsələsini hər cür fırladan Yevgeni Primakovdur. Ondan yuxarını mən tanımıram. Bu iki xəttin işini də ən yaxşı yerinə yetirən Barannikovdur”.
Ə.Elçibəy məhkəmədən 20 yanvar qətlimanın açılmasını tələb edib: “Bu gün bu açılmasa, sabah başqa bəla bu xalqın başına gələr”, – deyir.
Daha sonra Ə. Elçibəy 20 yanvarla bağlı cinayət işini araşdıran vəkil Jinyavski ilə söhbətini açıqlayır. Vəkil Elçibəyə Azərbaycan Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirovdan və Nazilrlər Sovetinin sədri Ayaz Mütəllibovdan ifadə almağa hazırlaşdığını bildirib: “Ona dedim ki, çağıra bilməyəcəksən. Gücün bizə çatacaq”.
“Bizim hərəkatı şiəlik hərəkatı elan etmək istəyirdilər”
AXC sədri daha sonra 20 yanvar faciəsinə aparan siyasi hadisələri açıqlayıb. O çıxışında bildirir ki, Azərbaycanda iki xətt aparılırdı: “Deyirdilər ki, Azərbaycanda islam fundamentalizmi var. Bu da İrandan gəlir. Onlar xristianları və yəhudiləri qırıb qovacaqlar. Bu, psixoloji hazırılq idi. Mixail Qorbaçov özünü itirdi. O saat dünyaya elan etdi ki, biz Bakıya demokratiyanı boğmağa getməmişik, İrandan keçmə islam fundamentlzimini məhv etmək üçün girmişik. Xarici işlər naziri Eduard Şverdnadze xaricdə olarkən ondan Bakıda baş vermiş hadisə barədə soruşdular. Dedi ki, Zaqafqaziyada millətçilik hərəkatı var, millətlər bir-birini qırırlar. Bunun qarşısını almaq üçün ordunu yeritdik.
Ancaq əsl həqiqəti hərbçilər dedilər: adətən, hərbi cəhətdən güclü olanlar siyasi cəhətdən çox zəif olurlar. Odur ki, SSRİ müdafiə naziri Yazov birbaşa açıq dedi ki, məqsədləri AXC-nin strukturlarını dağıtmaqdır”.
“Bir həfdən sonra Corc Buş dedi ki, “ABŞ AXC ilə bağlı tələsib və sözünü geri götürür”
Ə.Elçibəy daha sonra Azərbaycanda başlanan xalq hərəkatına dünya ölkələrinin liderlərinin münasibətini açıqlayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Corc Buş və Türkiyə prezidenti Turqut Özal Azərbaycanda gedən proseslər haqqında əvvəlcə səhv məlumatlandırılıb: “Corc Buşun özü də bu məsələdə çaşdı. Bakıya ordu girməsini müdafiə elədi. Bir həfdən sonra Buşa başa saldılar və o dedi ki, “ABŞ tələsib və sözünü geri götürür”. Türkiyənin prezidenti də səhv elədi. ABŞ-da olan Türkiyə prezidenti Azərbaycanda gedən xalq hərəkatını elə izah elədi ki, guya bu islam fundamentalizmi və şiəlik hərəkatıdır. Ona sual verəndə ki, “Azərbaycan məsələsinə necə baxırsınız?” Özal cavabında “Azərbaycandakı hərəkat şiəlik hərəkatıdır. Biz isə sünnüyük. Onları müdaifə edə bilmərik ”,- dedi”.
Daha sonra Elçibəy vurğulayır ki, bu çıxışına görə, öz əlaqələri vasitəsilə Turqut Özala xəbər göndərib: “Mən öz kanalım vasitəsilə Turqut Özala çatdırdım ki, Azərbaycanda demokratik və xalq hərəkatı gedir. Bilmirsə danışmasın. Turqut Türkiyəyə qayıdandan sonra dedi ki, “məni ABŞ-da aldadıblar, Azərbaycandakı hərəkatı başa düşməmişəm”. Corc Buş da dedi ki, “Tələsməyin. AXC məsələsinə bir də baxmaq lazımdır””.
“Vəzirovun yıxılmasını 7-8 nəfər istəyirdi”
Daha sonra AXC sədri öz çıxışında Azərbaycanda hakimiyyət uğrunda gizli şəkildə mübarizə aparan yerli qruplara toxunur: “Ən böyük bədbəxtliyimiz o idi ki, Vəzirovun yıxılmasını 7-8 nəfər istəyirdi. Hamısı da onun yerinə göz dikmişdi. Bakı şəhər partiya komitəsinin rəhbəri Müslüm Məmmədov belə birinci katib olmaq istəyirdi. Bu adam dünən dediyini bu gün başqa cür deyirdi. Bunu ona deyəndə, “sklerozam da, yadımdan çıxıb” cavabını verirdi”.
Məhkəmə hakimi 19-20 yanvarda Milli Müdafiə Şurasının fəaliyyəti haqqında danışmağı xahiş edir.
Əbülfəz Elçibəy bildirir ki, sovet ordusuna qarşı əhali dinc müqavmət göstərib. Əhali yalnız ordunun şəhərə girməsinə etiraz edib: “Bizm yazıq millət tarixi kinolarda görüb ki, adətən, belə olanda bir ağacı yıxıb yolun üstünə qoyurlar, tanklar da dayanır. Bu camaat da belə elədi. Ordu əvvəl bir-iki gün buna qulaq asdı. Sabit bəy, Pənah bəy (Sabit Bağırov və Pənah Hüseyn nəzərdə tutulur-red) gedirdilər və danışırdlar ki, bu aksiya orduya qarşı deyil. Bizim nə döyüşmək gücümüz, nə belə fikirmiz var. Bu, sadəcə, gücə qarşı demokratik etirazdır. Camaat etiraz edir. Biz də bunun üstündə durmalıyıq ki, qarışıqlıq olmasın. Nəzarət edirik ki, qırğın, toqquşma olmasın”.
“Bizi ən çox aldadan Primakov oldu”
Məhkəmədə Əbülfəz Elçibəy SSRİ-nin Bakıda olan rəhbər şəxsləri ilə apardıqları danışıqları açıqlayır. Bu danışıqlar SSRİ İttifaq Sovetinin sədri Yevgeni primakov, Girenko və Kommunist Partiyasının şöbə müdiri Mixaylov ilə aparılıb.
Elçibəy bu danışıqlarda aldadıldıqlarını etiraf edib: “Bizi ən çox aldadan Girenko ilə Primakov oldu. AXC İdarə Heyətinindən müəyyən edilmiş bir qrup onlarla söhbət apardı. Onlara sual verdik. Dəqiq yadımdadı. Primakovdan soruşduq ki, “Siz İttifaq Sovetinin sədri kimi, deyin görək, Bakıda hərbi vəziyyət elan ediləcək ya yox? O dedi “yox”. Mən İttifaq Sovetinin sədri kimi sizə söz verirəm ki, Bakıda hərbi vəziyyət elan edilməyəcək.”
Bundan sonra görüşdə iştirak edən yoldaşlar tələb elədi ki, bunu xalq bilmir. Bizi kabinetdə aldada bilərisiniz. Çıxın televizyaya və bunu xalqa elan edin”. Dedilər lap yaxşı. Mixaylova tapşırdılar ki, sən çıxarsan TV-yə. O da razılaşdı. Yanvarın 17-də Azərbaycan Kommunist Partiyasının ideoloji işlər şöbəsinin müdiri Əfrand Daşdəmirovla Mixaylov efirə çıxdılar və dedilər ki, Bakıda heç bir hərbi vəziyyət elan edilməyəcək”.
Elçibəy məhkəmədə bildirir ki, AXC bu bəyanata da inanmır. Qərara gəlinir ki, Elmlər Akademiyasında böyük toplantı keçirlisin: “AXC-dəki yoldaşlar dedilər ki, “onlara inanmaq olmaz”. Nə edək? Qərara gəldik ki, sabah Elmlər Akademiyasında yığıncaq keçirək və akademikləri Mərkəzi Komitəyə göndərək. Biz Elmlər Akademiyasında iclas çağırdıq. Akademiklərin çoxu orda idi. Mən çıxış edib onlara dedim ki, “siz elə indicə Mərkəzi Komitəyə gedin. Moskva ilə əlqə yaratmasanız, balalarımız tankın altında qalacaq. 250 nəfərin imzası ilə 17 nəfər nümayəndə seçildi. Göndərdilər Mərkəzi Komitəyə. Mərkəzi Komitədə onları əmin etdilər ki heç bir şey olmayacaq, şaiyələr inanmayın. Budur cinayətkarlar. Onlar cavab verməlidirlər. 19 yanvar axşamı xəbər gəldi ki, televziya blokunu partladıbar. Mən dedim, hər şey qurtardı. Başlandı. Hökmən qan olacaq”.
“Yoxsa həlak olanlar lap çox olardı”
Ə.Elçibəy məhkəmədə 19 yanvar gecəsi AXC rəhbərliyinin fəaliyyətinə də toxunub. AXC sədri bildirib ki, küçələrə dağılıb camaatı etiraz yerlərindən çıxarmaq qərara alındı: “Qərargahda İdarə Heyətindən 3-4 nəfər qaldı: Vurğun bəy və Sabit bəyin adını çəkə bilərəm. Sabit bəy sonra qərargahdan çıxıb bir yedə camaatı dağıtmışdı da. Mənim dəqiq bildiymə görə, həmin günün gunorta çağı Etibar bəy, Rəhim bəy etirazçıların yanında olub və camaatın dağılmasını xahiş ediblər. Görüblər camaat çıxmır, deyiblər heç olmasa qadınlar və uşaqlar olmasın… Ondan sonra qadın və uşaqları həmin yerdən çıxartdılar. Yoxsa, həlak olanlar lap çox olardı”.
“Mərkəzi Komitədə birinin qeyrəti çatmadı bunu eləməyə?”
Əbülfəz Elçibəy çıxışında Azərbaycan hakimiyyətinin o zamankı laqeydliyini kəskin tənqid edib. O bildirib ki, yerli hakimiyyətin əlində hər cür imkan olsa da, heç bir hərəkət etməyib: “Məni düşündürən bu idi. Hökümətin hər şeyi vardı. Niyə baş nazir, daxili işlər naziri maşına oturub küçələrə düşüb camaata səslənmədilər? Bir nəfər belə. Yəni o boyda Mərkəzi Komitənin Aparatında bu xalqın varı, pulu ilə yaşayan birinin qeyrəti çatmadı bunu eləməyə? Moskva elan etmir, hökümət elan etmir. Hamı girib bir-biri ilə sövdələşib. Ortada camaat qırılır. Sonra deyirlər ki, “Xalq Cəbhəsi xalqı tankın qabağına verdi”. Cinayəti özləri törədib xalqın üstünə qoymaq istəyirlər. AXC deməklə xalqı xalqın əli ilə vurmaq istəyirlər. AXC biziksə, qoy bizi tutsunlar. Biz bilirk ki, bu gün həbsxnalarda olan insanların 3-5 ildən sonra haqqı veriləcək. Xalq biləcək ki, biz haqlıyıq”.
“Ziyalı millətin zirehdir. O zireh isə bizdə yoxdur”
Əbülfəz Elçibəy ziyalıların Azərbaycandakı demokratik hərəkatında iştirakdan imtina etməsini kəskin pisləyib: “Xalqımızn taleyinin ağırlığı odur ki, bizim ziyalılar hələ özlərinin layiq olduğu mövqeləri tutmayıblar. Ziyalı millətin zirehdir. O zireh yoxdur. Bütün respublikaların ziyalıları öndədir, bizimkilər hələ gözləmə mövqeyindədirlər. Ziyalının bu cür susması və gözləmə mövqeyi tutması xəyanətdir.
Ölkədə ortalama 50 min ziyalı var. Bunlardan heç 10 nəfəri belə bu seçkidə deputat seçilə bilməyiblər. (1990-cı ilin sentyabrnda Azərbaycan Ali Sovetinə keçirlmiş seçkilər nəzərdə tutulur-red) AXC zor-güc, dava-dalaşla 30 nəfəri keçirə bildi. Kim ki, AXC-nin dəstəyini alıb onlar seçilib. Müstəqil seçilən ziyalı yoxdur. Faciəni görürüsünzmü? Filan rayonun katibi yarım milyon qoyub katib olub, bu gün də yarım milyon verib olub deputat… Öz haqqını müdafiə edə bilməyən ziyalı millətin haqqını necə müdafiə edəcək?”
“Azərbaycandakı satqın dəstələrinin cinayətləri açılmalıdır”
Daha sonra öz çıxışında Əbülfəz Elçibəy SSRİ rəhbərliyinin 20 yanvarda törətdikləri cinayətə görə cavab verməsini tələb edib: “AXC-nin nə günahları var? Bu məsələyə cinayət törədənlər aşkar edildikdən sonra qayıdarıq. İlk növbədə Moskvanın cinayəti, erməni lobbisinin cinayətkarlığı açılmalıdır. Azərbaycandakı satqın dəstələrinin cinayətləri açılmalıdır, ziyalılar susduqlarını etiraf etməlidirlər. O zaman AXC günahı nədirsə onu ortaya qoyacaq. Biz istəyirik ki birinci cinayətkar tapılsın sonra günahkar müzakrə edilsin”.
Hakim Ə.Elçibəydən kütləvi aksiyaları təşkil edərkən hakimiyyət orqanlarına məlumat verib-vermədikləri barədə sual verir.
Elçibəy bildirir ki, Bakıda keçirlən aksiyaların vaxtı barədə hakimiyyətə həmişə xəbər verilib. Bu məsələdə AXC-ni ittiham etmək yersizdir.
Hakim Elçibəydən AXC-nin sovet ordusuna qarşı manelərin təşkil edilməsində rolu barədə sual verir.
Elçibəy cavabında deyir ki, bu maneləri əhali özü yaradırdı: “Biz deyirdik ki, bu, demokratik formada etirazdır. Amma mübarizə vasitəsi ola bilməz. O boyda sovet hökmətinin ordusunun qarşısında Amerika, İngiltərə tir-tir əsir. Azərbaycan xalq nə ilə çıxacaq? Biz ordu ilə əhali arasında toqquşma olmasın deyə, prosesi nəzarətsiz qoya bilməzdik. Bir vətəndaş kimi iştirak etməliyidk”.
“Mənim ən böyük səhvim o oldu”
Əbülfəz Elçibəy daha sonra qeyd edir ki, 1989-cu ildə sovet ordusunun Tbilisdə törətdiyi qanlı hadisədən sonra SSRİ rəhbərliyinin bir daha buna əl atmayacağına inanırmış: “Qorbaçov çox böyük günah edib. Tiflisdən sonra biz dedik ki, ordu daha heç kimin üstünə yeriməyəcək. Azərbaycanda da hamı elə bildi ki, Tiflisdən sonra daha belə olmayacaq. Mən də buna inandım. Mənim ən böyük səhvim o oldu. Mən heç vaxt bu imperiyaya inanmamışdım. Amma ona inandım. Dedim, yəqin atmazlar. 20-ci əsrdə necə belə vəhşilik edə bilərlər?”