“Əgər Xalq Cəbhəsi 1991-ci ilin sentyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı Ayaz Mütəllibova qarşı alternativ namizəd irəli sürsəydi bütün hər şey başqa cür olardı. Bizim o zaman seçkini boykot etmək qərarımız düzgün deyildi. Əgər seçkidə iştirak etsəydik bizim namizəd qalib gələcəkdi”.
Bu sözləri Azərbaycan Milli Məclisinin sabiq sədri İsa Qəmbər Rusiyanın sabiq baş naziri Yeqor Qaydarın adını daşıyan Fondun və Slon.ru-nun “SSRİ necə dağıldı:Tarix birinci şəxslərin dilindən” layihəsi çərçivəsində tanınmış rus jurnalisti Arkadi Dubnova verdiyi verdiyi müsahibəsində deyib.
“Lənkəranda və Naxçıvanda sərhəddin sökülməsinə Berlin divarının yıxılması vüsət verdi”
Milli Məclisin sabiq sədri 1990-cı illərdə baş vermiş bir çox siyasi hadisələr barədə maraqlı məqamları açıqlayıb. İ. Qəmbər 1989-cu ilin dekabrında Azərbaycanda SSRİ-İran sərhəddinin sökülməsini xalqın öz milli hisslərinə qayıdışı ilə əlaqələndirib: “Lənkəranda və Naxçıvanda baş verən sərhəd hadisələrinə Berlin divarının yıxılması vüsət verdi. O zaman xalq arasında vahid Azərbaycan ideyası aktual idi. İnsanlar özlərinə sual verirdilər: Onlara icazə varsa, bizə niyə yoxdur? Sərhədlə bağlı təşəbbüs “aşağılardan”- AXC-nin yerli təşkilatlarından gəlmişdi. AXC rəhbərliyi və Əbülfəz Elçibəy buna öz razılığını verdi. AXC ciddi qarşıdurma baş verməməsi və qurbanların olmaması üçün bu işi təşkil etmyə cəhd edirdi”.
İ.Qəmbərin sözlərinə görə, SSRİ-nin bu məsələdə öz marağının güdməsi istisna olunmur: “Mən hesab etmirəm ki, SSRİ zəif olduğu üçün sərhədlərin sökülməsinə mane olmadı. Çox guman ki, Moskvada bu hərəkəti Azərbaycanda yanvar hadisələrini törətmək üçün zəmin kimi hazırlayırdılar. Çünki hadisələrin ilk günündə Qorbaçov və adamları Azərbaycan xalqını islam fundamentalizmində ittiham edir və Azərbaycanın İrana birləşmək istəməsi barədə danışırdılar. Bu onlar tərəfindən çox axmaq yanaşma idi. Çünki belə bir şey yox idi. Fundamentalizm Azərbaycanda heç vaxt olmayıb, bu gün də yoxdur”.
Bununla yanaşı İsa Qəmbər sərhəddin sökülməsi prosesinin DTK tərəfindən təxribat olmasını subut etməyin indi çox çətin olduğunun deyib: “Bunu subut etmək çox çətindir. Məndə subutlar yoxdur. Amma əminəm ki, biz bu barədə çox az bilirik. Axı heç kim DTK arixvlərini açmayıb”.
“Polyaniçko stolun üstündən “Quran”ı götürüb dedi ki, “Quran-mənim stolüstü kitabımdır”
İsa Qəmbər AXC-ni dini və milli-etnik yöndə təxribatlara çəkmək cəhdlərinin olduğunu qeyd edib. O, bildirib ki, AXC-nin tərkibində talışlar, kürdlər, ləzgilər və digər xalqlar aktiv təmsil olunurdu. Moskva isə bu yöndə təxribat cəhdlərinə əl atmaqdan çəkinməyib: “1988-ci ildə Viktor Polyaniçko Azərbaycan Kommunist Partiyasına ikinci katib təyin olunduqdan sonra AXC rəhbərliyi və ziyalılarla görüşdü. Mən də o görüşə dəvət olunmuşdum. Polyaniçko dedi ki, AXC-nin proqramını oxuyub və hesab edir ki, bu sənəd həddən artıq avropasayağıdır. Polyaniçko daha sonra vurğuladı ki, Azərbaycan bayrağı 3 rənglidir: Mavi-türkçülüyü, yaşıl islamı, qırmızı Avropanı və demokratiyanı təcəssüm etdirir. Sonra Polyaniçko bildirdi ki, “AXC-nin proqramında nədənsə mavi və yaşıl rəng hiss olunmur”. Biz çox təəccübləndik. Bizim ilk görüşümüz idi onunla…Mən Polyaniçkodan soruşdum: “Bu sizi niyə belə narahat edir? Biz çox yaxşı bilirik ki, Azərbaycan xalqına nə lazımdır və buna necə nail olmaq olar”. Polyaniçko stolun üstündən “Quran”ı götürüb dedi: “Quran-mənim stolüstü kitabımdır. Mən hesab edirəm ki, bütün insanlar bu müdrik fikirləri öyrənməlidirlər”. Bax belə sadəlövh metodlarla o bizim mövqeyimizə təsir etmək istəyirdi”.
İsa Qəmbər vurğulayıb ki, istər Polyaniçko, istərsə Qarabağda Xüsusi İdarənin rəhbəri Volskinin bütün işləri Azərbaycan maraqlarına zidd idi. “Daha artığını deyirəm: Bu iki nəfər Azərbaycan və Ermənistan arasında müharibə hazırlayırdılar.
“Qarabağ münaqişəsini lap əvvəl başlanan vaxt çox sadə yolla həll etmək olardı. Amma bu edilmədi. Bunu SSRİ rəhbərliyinin zəifliyi və uzağı görə bilməmələri ilə izah etmək çox çətindir. Sumqayıt hadisələri olan zaman Moskva orada iki günə qayda-qanun yaratdı. Analoji hadisə Sumqayıta qədər Ermənistanda da baş vermişdi. Bəs nə üçün sovet höküməti və möhtəşəm DTK beş-on saqqalı silahlının qarşısını ala bilmədi?”
"Mütəllibova dedim ki, zaman Yeltsinə işləyir, Qorbaçova yox…”
Daha sonra 1991-ci ildəki proseslərlə bağlı sualları cavablandıran İsa Qəmbər qeyd edir ki, avqust qiyamına qədər Azərbaycan höküməti Qorbaçovla hər vəchlə yaxınlaşmağa cəhd edir, onun etimadını qazanmağa çalışrdı: “Onlar bununla şəxsi etimad qazanıb Azərbaycanın probleminin həllinə çalışmaq istəyirdilər. Yadıma gəlir: 1991-ci ildə prezident Ayaz Mütəllibovla söhbtətim zamanı mən onu proseslərin hara getdiyini izah etməyə çalışrdım. Ona məsləhət gördüm ki, Yeltsinin diqqətini özünə çəkməyə, SSRİ xalq deputatlarından ibarət nufuzulu “regionlararsı deputat qrupu” il ümumi dil tapsın. Mütəllibov məni inandırmağa çalışırdı ki, guya Qorbaçov çox güclüdür, ordu və DTK onun tərəfindədir. Mən ona izah etməyə çalışdım ki, ola bilsin ordu Qorbaçovun tərəfindədir, amma zaman Yeltsinə işləyir. Ona görə Azərbaycanın, heç olmasa öz maraqlarına görə, Yeltsin və onun adamları ilə korrdinasiyada işləmək lazımdır. Təəssüf ki, mən onu inandıra bilmədim”.
“Sovet İttifaqı iqtisadi və sosial problemlərə görə dağılmadı. Ona görə dağıldı ki, imperiya idi. İmperiyada isə demokratiya inkişaf edən zaman o artıq öz ərazilərini saxlaya bilmir”- deyə Milli Məclisin sabiq sədri sonda qeyd edib.(strateq.az)