“Demblok” həmsədrindən Ayaz Mütəllibova CAVAB: “Xalq Cəbhəsi hakimiyyətə gəlməkdə tələsib”

“Demblok” həmsədrindən Ayaz Mütəllibova CAVAB: “Xalq Cəbhəsi hakimiyyətə gəlməkdə tələsib”

Müstəqil Azərbaycan Deputat Blokunun (“Demblok”) həmsədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı keçmiş prezident Ayaz Mütəllibovun “Demblok” üzvləri barədə səsləndirdiyi ittihamlara münasibət bildirib.

S.Rüstəmxanlı Publika.az-a açıqlamasında deyib ki, Ayaz Mütəllibovun “Demblok” üzvlərinin Moskvaya teleqramlar göndərməsi barədə fikirləri yanlış və məsuliyyətsiz sözlərdir:

“Çünki 25 nəfərlik üzvü olan “Demblok” heç zaman belə iş görməyib. Yəni, “Demblok” Azərbaycan əleyhinə iş aparmayıb. Adətən, “Demblok” ümumi müzakirə nəticəsində qərar qəbul edirdi. Bu müzakirənin nəticəsində isə hər hansı sənəd qəbul olunurdu. Yaxud da məktub yazılırdı. Ona görə də “Demblok” heç zaman ermənilərin müdafiəsi ilə bağlı Moskvaya teleqram vurmayıb”.S.Rüstəmxanlı “Demblok” içərisindən olan kiminsə Moskvaya teleqram göndərməsini istisna etməyib:“Ola bilsin ki, Milli Məclisin 360 deputatından və ya “Demblok” üzvlərindən kimsə Moskvaya teleqram göndərib. Mən bunu istisna etmirəm. Çünki onların arasında ermənilərlə qohum olanları var idi. O vaxtı ermənilərlə qohumluğu olan və ya Bakıda qarşıdurma yaranmasını istəməyən kimsə Moskvaya teleqram vurubsa, ümumilikdə bunu “Demblok”un adına yazmaq doğru deyil”.S.Rüstəmxanlı qeyd edib ki, həmin dövrdə “Demblok” Azərbaycanın müstəqilliyini istəyirdi və buna görə referenduma qarşı çıxıb:“O dövrdə biz “Demblok” olaraq istəyirdik ki, Azərbaycan tez müstəqillik qazansın. Ola bilər ki, Ayaz Mütəllibov Qarabağla bağlı Moskva ilə danışıqlar aparırdı və “Demblok” bunu bilmirdi. Mən bunu istisna etmirəm və Ayaz Mütəllibovun Qarabağla bağlı gördüyü işləri unutmaq olmaz. O dövrdə Ayaz Mütəllibov Göygöl rayonun boşaldılması ilə uğurlu əməliyyat başlatmışdı. Ayaz Mütəllibovun dövlət başçısı kimi bir sıra müsbət keyfiyyətləri var idi. Bunları heç kəs inkar edə bilməz. Ancaq bir sıra yüksək dövlət xadimlərinin Qarakənd faciəsi zamanı həlak olması görülən işlərin dəyərini itirdi. Bundan sonra xalq arasında Ayaz Mütəllibova qarşı kütləvi etiraz başlamışdı və bunun qarşısını almaq mümkün olmadı. O dövr çox qarışıq illərdir. Bəziləri üçün Qarabağ müharibəsinin önəmi yox idi, rayonlarda çaxnaşma yaranmışdı, soyğunçuluq baş alıb gedirdi və sairə”.

S.Rüstəmxanlı vurğulayıb ki, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlməkdə tələsib:“Ola bilsin ki, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlməkdə tələsdi. Müxalifətdə qalsaydı, bəlkə də daha ciddi işlər görülə bilərdi. Bütün bunların hamısı müzakirə olunacaq məsələlərdir. Hər kəsə gördüyü işlərin haqqı verilməlidir. Ona görə də heç kəs gördüyü müsbət işinə baxmayaraq, gözdən salınmamlıdır. Bu mürəkkəb dövr idi və yaxından izlənilib, bütün sənədlərə yenidən baxılmalıdır. Çünki elə məsələlər var ki, onu ancaq Ayaz Mütəllibov görüb, bilib. Bu gün Ayaz Mütəllibov həyatda ikən bütün bunları tarix üçün rəsmiləşdirmək lazımdır. Rəhmətlik Elçibəyin də bildiyi elə məsələlər olub ki, bizim ondan xəbərimiz olmayıb və sairə. Bütün bu cür məsələləri, yəni guya “Ayaz Mütəllibov Qarabağı azad edəcəkdi, ona “Demblok” mane oldu” kimi fikirləri ümumiləşdirib “Demblok”un ayağına yazmaq tamamilə yanlışdır və bunu heç bir sənədlə də sübut etmək mümkün deyil”.






Fikirlər