Əli Həsənov: Azərbaycan regionun lider dövlətidir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dekabrın 7-də “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. AzerTaym.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda iştirak edib. ABŞ-ın aparıcı ali məktəblərinin 45 tələbə və doktorantının, Amerika-İsrail akademik təşkilatının – KIVUNIM-ın nümayəndələrinin iştirakı ilə keçirilən konfransı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi təşkil edib. Konfransı açan Dövlət İdarəçilik Akademiyasının dosenti, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Elçin Əhmədov tədbirin önəmi, rəhbərlik etdiyi mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. Sonra Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxışında akademiyanın fəaliyyəti, həmçinin Azərbaycanın ötən illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs edib. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransda çıxış edərək ölkə haqqında məlumat verib. O, Azərbaycanın siyasi, iqtisadi, humanitar göstəricilərə görə regionun lider dövləti olduğunu söyləyib. Azərbaycandakı multikultural və tolerant mühit barədə danışan Prezidentin köməkçisi ölkədə müsəlmanlarla yanaşı, digər dinlərin və millətlərin nümayəndələrinin mehriban şəkildə yaşadığını, onların öz ibadətlərini sərbəst şəkildə yerinə yetirmələri üçün hər cür şərait yaradıldığını deyib. Əli Həsənov vurğulayıb ki, bu gün Azərbaycan multikulturalizmi bütün dünyada nümunə göstərilir. Azərbaycanda digər dinlərə ibadət edənlərə hörmətlə yanaşılır. Bu da Azərbaycan cəmiyyətindəki multikultural ənənələrə söykənir. Ə.Həsənov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklərdən söhbət açıb. O qeyd edib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində bütün müsəlman abidələrini, mədəni, sosial obyektləri dağıdıblar.