Səfir: "Azərbaycan Aİ ilə münasibətlər üçün möhkəm zəmin yaradılmasında maraqlıdır"

Şərq Tərəfdaşlığına daxil olan bir ölkənin başqa ölkənin ərazisini işğal etməsi qəbuledilməzdir

"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlər üçün möhkəm zəmin yaradılmasında maraqlıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Aİ yanındakı nümayəndə heyətinin rəhbəri, Azərbaycanın Belçikadakı səfir Fuad İsgəndərov "Euractiv" portalına müsahibəsində deyib.

O, Azərbaycanın Avropa İttifaqı tarixində tərəfdaş ölkə kimi yeni saziş layihəsini özü təqdim edən ilk ölkə olduğunu bildirib: "Buna qədər Avropa İttifaqında belə hal heç vaxt baş verməyib. Çünki, adətən, Aİ layihəni təqdim edir, ardından tərəflər onun üzərində işləməyə başlayırlar".

"Azərbaycan Aİ ilə real tərəfdaş kimi əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı çərçivəsində enerji sahəsində, təhlükəsizlik, miqrasiyanın idarə olunması, müxtəlif sahələrdə əməkdaşlıq edirik. Bu əməkdaşlıqdan heç bir möcüzə gözləmirik, buna çox praqmatik baxışımız var. Bu siyasi dialoqun bütün elementləri çox möhkəm bazaya əsaslanmalıdır. Məsələn, Cənub Qaz dəhlizi həm indi, həm də gələcəkdə əməkdaşlıq üçün yaxşı iqtisadi əsasdır. Bundan əlavə, təbii ki, rabitə və nəqliyyat da vacibdir" - səfir diqqətə çatdırıb.

F.İsgəndərov strateji tərəfdaşlıq müqaviləsi üzrə Azərbaycanla danışıqlara başlamaq üçün Aİ-nin mandat verməsini alqışlayıb: "Danışıqların tezliklə başlayacağına ümid edirəm. Onlar çətin ola bilər, amma nəticələrin yaxın aylarda məlum olacağına əminəm."

Dağlıq Qarabağ münaqişəsinin həlli və bu məsələdə Aİ-nin rolu barədə danışan səfir deyib: "Şərq Tərəfdaşlığına daxil olan bir ölkənin başqa ölkənin ərazisini işğal etməsi qəbuledilməzdir. Bütün ölkələr bu məsələdə status-kvonun qəbuledilməz olduğunu bildirərək onu dəyişməyə çalışsa da, Ermənistan status-kvonu saxlamağa çalışır. Fikrimcə, bu məsələyə Aİ-ni də fəal şəkildə cəlb etmək lazımdır ki, onun da səsi eşidilsin".






Fikirlər