Əli Həsənov britaniyalı səfirlə görüşdə iradlarını BİLDİRDİ
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov yanvarın 11-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Kroftsla görüşüb. Səfir Kerol Meri Krofts ölkəsinin Azərbaycan ilə 20 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyini, BP-nin ölkəmizə ən böyük sərmayə yatıran şirkət olduğunu bildirib. Azərbaycanda olduğu müddətdə respublikamızın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən səfir Kerol Meri Krofts xalqımızın qonaqpərvərliyinin onda dərin təəssürat yaratdığını, son illər Azərbaycanın sürətli inkişafını, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb. Azərbaycan ilə Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Əli Həsənov bu əlaqələri daha da inkişaf etdirməyin, qarşlıqlı əməkdaşlğın möhkəmləndirilməsinin vacibliyini qeyd edib və səfir Kerol Meri Kroftsun diplomatik fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Əli Həsənov Böyük Britaniyadan olan 150-yə yaxın şirkətin qeyri neft sektorunda, o cümlədən neft sektorunda BP-nin fəaliyyət göstərdiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirib. Baş nazirin müavini eyni zamanda Böyük Britaniya vətəndaşları və şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri və fəaliyyətinin, ölkəmizin işğal edilmiş ərazilərindəki filiz mədənindən qanunsuz çıxarılmış qızıl Ermənistanda emal olunaraq bir çox Avropa ölkələrində, o cümlədən London Fond Birjasında satışa çıxarılmasının yol verilməz olduğunu Səfirin diqqətinə çatdırıb və bu cür xoşagəlməz halların qarşısının alınmasının vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı mötəbər beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir. Məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi ildən artıq müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ortaya heç bir səmərəli nəticə qoymayıb. Azərbaycan bölgədə sabitliyin, əmin-amanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında maraqlıdır. Bunun üçün ilk növbədə, beynəlxalq qurumların qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Ermənistan intensiv olaraq danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir, havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır və qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Dünya birliyi isə işğalçı ölkəyə heç bir təzyiq göstərmir. Son 20 ildə Ermənistanın heç bir nailiyyət əldə etmədiyini bildirən Baş nazirin müavini Əli Həsənov vurğulayıb ki, ötən dövrdə bu ölkənin iqtisadi vəziyyəti olduqca pisləşib, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq və regional layihələrdən kənarda qalıb. Bir sözlə, ötən 20 ildə erməni xalqı bu münaqişədən heç nə qazanmayıb, Bu ölkədə vəziyyət gündən-günə gərginləşir, əhali xarici ölkələrə üz tutur. Dünyada cərəyan edən ictimai-siyasi proseslərin gərginliyinə, hökm sürən iqtisadi böhrana baxmayaraq Prezident İlham Əliyevin uğurla həyata keçirdi balanslaşırılmış siyasət nəticəsində son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan Səfirə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır, şəffaflığln təmin edilməsində, insan hüquqlarının qorunmasında mühüm nailiyyətlər əldə olunub. Bu gün bizə demokratiyadan, korrupsiyadan, insan hüquqlarının qorunmasından irad tutan ölkələrə baxın. Avropada görün qaçqınlara nə zülmlər edirlər.Bütün bunlar göz qabağındadır. Ancaq BMT-nin baş katibi, Qaçqınlar üzrə sabiq Ali Komissarı Antonio Quterreş Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlər üçün yaratdığı şəraitə görə ölkəmizi bütün dünyaya nümunə göstərir. Əli Həsənov bildirib ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faiz idisə, görülən tədbirlər nəticəsində bu gün bu rəqəm 5 faizə endirilib. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Ölkəmiz sürətlə inkişaf edən ölkələr sırasındadır. 2020-ci ilədək iqtisadiyyatın neftdən asılılığının, yoxsulluğun aradan qaldırılacağı nəzərdə tutulur. Ölkəmizdə beynəlxalq humanitar təşkilatlar üçün rahat və şəffaf şərait yaradılıb. AŞPA sədri olmuş britaniyalı parlament üzvü Lord Rassel Conston və digər parlament üzvlərinin ölkəmizə səfərləri və məcburi köçkünlərlə görüşlərini xatırladan Əli Həsənov eyni zamanda bu ölkənin bir çox beynəlxalq humanitar təşkilatlarının ölkəmizdə olan məcburi köçkünlərə humanitar yardımlar etdiyinə görə təşəkkürünü bildirib. Qəbula görə minnətdarlığını bildirən britaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan qarşılıqlı əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib. O, həmçini iki ölkə arasında müxtəlif sahələrdə bir sıra layihələr üzərində iş aparıldığını qeyd edib. Ermənistanın hazırkı status-kvonun davam etdirməsindən təəssüfləndiyini bildirən Səfir Kerol Meri Krofts qeyd edib ki, dünya ictimaiyyəti bu münaqişənin həllinə kömək etməlidir və Böyük Britaniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Görüşdə həmçinin Səfirlik tərəfindən məcburi köçkün şagirdlərə müvafiq məktəb ləvazimatının verilməsi məsələsi də müzakirə olunub.
AzerTaym.az