“Minsk qrupunun fəaliyyətinin heç bir nəticəsi yoxdur” – ƏLİ HƏSƏNOV
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Elena Silvia Marisa Ajmone Sesseranı və sabiq rəhbər Deniz Duranı qəbul edib. Elena Ajmone Sesseranı bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasındakı əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə həmçinin BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən də danışılıb, bu qurumun həyata keçirdiyi layihələr, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Əli Həsənov qonaqlara Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında da geniş məlumat verib. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib.
Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə məşğul olurlar, ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir”.
Əli Həsənov həmçinin diqqətə çatdırıb ki, bu vəziyyət bütövlükdə region üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdır.
Qəbulda Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdularını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin «məhkəməsinin qərarı ilə» barələrində «hökm» çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bu günkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb, işğalçı ölkənin bu barədə tutduğu mövqe Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıq kimi dəyərləndirilib. Əli Həsənov eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə telefon və skype vasitəsi ilə canlı əlaqənin yaradılmasını bir daha qonaqların diqqətinə çatdırıb, bu məsələnin Cenevrədə təşkilatın prezidenti Peter Maurer ilə müzakirə etdiyini deyib.
Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları da yüksək qiymətləndirib və Azərbaycan hökuməti tərəfindən təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb.