Prezidentin Belçika səfəri - Avropa İttifaqı ilə görüşlər ölkəmizə nə VERƏCƏK?

"Belçikada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin bu gün Avropa İttifaqı rəhbərliyi ilə görüşlər keçirməsi ölkəmiz üçün uğurlu olacaq”.

Bunu BakiPost.az-a politoloq Qabil Hüseynli Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri şərh edərkən deyib.

 Onun sözlərinə görə, görüşlərdən sonra mütləq iki tərəfli müsbət dəyişikliklər olacaq: "Çünki bu istiqamətdə uzunmüddətli hazırlıq işləri görülürdü. Öncə Avropa nümayəndə heyəti Azərbaycana gəldi, ölkə prezidenti ilə görüşdü. O zaman qarşılıqlı əməkdaşlığın istiqamətləri haqda məsələlər müzakirə edildi. Hətta Avropa İttifaqının Azərbaycanda bağlanmış nümayəndəliyinin yenidən açılması barədə razılığa gəlindi.

 İndi isə daha dərin və geniş əməkdaşlığa getmək haqda məsələlər müzakirə olunacaq. Güman edirəm ki, prezidentin bu səfəri uğurlu olacaq. Avropa İttifaqı və Azərbaycan arasında münasibətləri Gürcüstan kimi olmayacaq. Çünki vizasız gediş və gəliş haqda biz hələ düşünməliyik. Həmçinin Avropa Birliyi ilə yaxın qonşuluq siyasətinin prinsiplərinə əməl edirik. Bundan sonra da əməl edəcəyik”.

 

 

 Qabil Hüseynli bildirib ki, Azərbaycan Avropa Birliyi ilə ikitərəfli münasibətlərin inkişafına tərəfdardır: "Bütün iki tərəfli münasibətlər yalnız əvvəlcədən razılaşdırılma və imzalanma şərti ilə həyata keçiriləcək. Bu görüşlər zamanı müsbətə doğru dəyişikliklər olacaq. Ola bilər ki, vizasız gediş və gəliş məsələsi olmasa da, ən azından vizaların verilməsi prosedurunun sadələşdirilməsi məsələsi qərara alınsın. Gələcəkdə Avropa Birliyi ilə ticarət əlaqələrinin daha da genişlənməsi və yaxud da Avropa Birliyinin Azərbaycanda həyata keçirəcəyi müəyyən layihələr ola bilər. Həmçinin TANAP və dəmir yol layihələri üçün investisiya almaq olar.

 Amma hazırda Bakının əsas fikri qeyri-neft sektoru üçün investisiyaların gətirilməsi, kənd təsərrüfatını inkişaf etdirməkdir. Bu istiqamətdə də ölkə prezidenti səylər göstərəcək”.

 

 Qeyd edək ki, Belçikada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı rəhbərliyi ilə görüşlər keçirir.

 Azərbaycan prezidenti artıq Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşüb. İlham Əliyev həmçinin Aİ Şurasının prezidenti Donald Tuskla da görüşəcək.

Daha sonra Azərbaycan prezidenti Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə bir araya gələcək.






Fikirlər