Mehriban Əliyeva səhiyyə sistemi ilə bağlı planları açıqladı – “ƏSAS VƏZİFƏ…”
Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko ilə görüşüb. APA-nın məlumatına görə, M. Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə qurulan əməkdaşlıqdan, bu təhsil ocağının Bakıdakı filialının fəaliyyətindən danışıb, filialın yaradılması ilə bağlı layihənin çox uğurlu olduğunu deyib. Son illərdə ölkəmizin səhiyyə sistemində mühüm işlərin görüldüyünü, bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Azərbaycanın birinci vitse-prezidenti bildirib ki, indi əsas vəzifə səhiyyə sistemində çalışanların peşəkarlığını daha da artırmaqdır. M. Əliyeva bu baxımdan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinin əhəmiyyətinə toxunub və burada təhsil alan tələbələrin gələcəkdə Azərbaycanın səhiyyə sisteminə töhfələr verəcəyinə əminliyini ifadə edib. “Təhsil və səhiyyə bütün ölkələrdə prioritet sahələrdir” deyən Azərbaycanın birinci vitse-prezidenti ölkəmizdə bu sahələrə göstərilən dövlət qayğısını vurğulayıb. Bu gün Azərbaycanda dünyanın aparıcı ali təhsil ocaqlarının filiallarının fəaliyyət göstərdiyini qeyd edən M. Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə əməkdaşlığı genişləndirmək üçün yaxşı perspektivlərin olduğunu bildirib. P. Qlıboçko Azərbaycanın birinci vitse-prezidenti ilə görüşməkdən məmnun olduğunu vurğulayıb, bu ali təhsil ocağının Bakı filialının fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirib. Universitetin nüfuzlu professor və müəllim heyətinin Bakıdakı filialda tələbələrə dərs keçdiyini deyən P. Qlıboçko filialda olduğunu, tələbələrlə görüşdüyünü və onların burada təhsil almaqdan məmnun qaldıqlarını diqqətə çatdırıb. Rektor bildirib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının çox müasir maddi-texniki bazası var. P. Qlıboçko filialda III kursdan VI kursadək təhsil alan tələbələrin universitetdə strukturlaşmış imtahan verəcəklərini və bunun tələbələrin peşəkarlığının artırılması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Sonda qonaq M. Əliyevaya xatirə hədiyyəsi təqdim edib.