Elçibəy komandasının pərən-pərən düşmüş üzvləri - kim HARADADIR..

İxtiyar Şirin: “O dövrdə hakimiyyətdə olan şəxslərin indi bir arada olmalarını mümkün hesab etmirəm...”

1993-cü ilin bu günlərində hakimiyyətlərinin sonunu yaşayan AXC iqtidarı ilə bağlı xatirələr hər ilin bu vaxtları gündəmə daha çox gəlir. Cəmi bir il hakimiyyətdə qalmağı bacaran Əbülfəz Elçibəy komandasının üzvlərinin hazırda nə işlə məşğul olduqları maraq doğurur.

Həmin komanda təmsilçilərindən sözsüz ki, ölkənin siyasi həyatında yaxından iştirak edənlər daim gündəmdə olduqlarından onların fəaliyyətləri cəmiyyətə açıqdır. Amma bununla belə, AXC hökumətinin elə simaları da var ki, ümumiyyətlə, siyasi fəaliyyətlə məşğul olmurlar, gündəmə gəlməyi də sevmirlər. Bunun üçün də ictimaiyyət onların nə işlə məşğul olmasından xəbərsizdir. Hazırda həmin komandanın pərən-pərən düşdüyünü də desək yanılmarıq. Təsadüfi deyil ki, AXC iqtidarında bir yerdə hakimiyyətdə təmsil olunmuş şəxslərin indi çox azını bir siyasi qurumun tərkibində görmək olar. Əksəriyyət ya öz təşkilatını qurub, ya da müstəqil şəkildə fəaliyyət göstərir. İstər siyasi qurumlar, istərsə də müstəqil şəkildə fəaliyyətdə həmin şəxsləri bir arada görmək mümkün deyil. Hətta içərilərində elələri də var ki, bir-birinə düşmən münasibətində olduqları da sirr deyil. Həmin komandanın yenidən - 25 il öncəsində olduğu kimi bir araya gələcəkləri təqdirdə keçmişdəki uğurlarını təkrarlaya bilib-bilməyəcəkləri barədə də fikirlər müxtəlifdir.

Elçibəy iqtidarının yüksək postlarında təmsil olunmuş simaları yenidən yaddaşlara qaytarmaq üçün kiçik bir araşdırma apardıq. Onların bəziləri barədə məlumat veririk.

- İsa Qəmbər-1992-93-cü illərdə parlamentin sədri olub. Postu ilə vidalaşandan sonra indiyə qədər Azərbaycan müxalifətinin əsas liderlərindən biri kimi, hazırda Müsavat Partiyasının lideri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir.

- Pənah Hüseyn-Elçibəy iqtidarında əvvəl dövlət katibi, sonradan isə baş nazir postlarını tutub. Azərbaycan Xalq Partiyasının sədridir.

- Əli Kərimli-AXC hakimiyyətinin son aylarında dövlət katibi olub. Hazırda AXCP sədri və Milli Şuranın təsisçilərindən biri kimi demokratik düşərgənin əsas liderlərindəndir.

- Arif Hacılı-AXC hakimiyyətində dövlət müşaviri olub, Müsavat Partiyasının başqanıdır.

- Tahir Kərimli-Xalq Cəbhəsi hökumətində Ali Məhkəmənin sədri olub. Vəhdət Partiyasının sədri olan T.Kərimli Milli Məclisin deputatıdır.

- Fəxrəddin Təhməzov-Elçibəy hökumətində milli təhlükəsizlik naziri olub. DTX (keçmiş MTN) Akademiyasında müəllim kimi fəaliyyət göstərdiyi deyilir.

- Tofiq Qasımov-AXC hakimiyyətinin xarici işlər naziri. Hazırda İsveçrənin Lüzern şəhərində mühacir həyatı yaşayır.

- Saleh Məmmədov- 1992-93-cü illərdə maliyyə naziri olub. İndi ictimai-siyasi və biznes fəaliyyəti ilə məşğuldur.

- Rəhim Qazıyev - Elçibəy komandasının müdafiə naziri. Siyasətdə aktiv şəkildə görünməsə də, ara-sıra siyasi tədbirlərdə müxalifət camiəsi daxilində görünür.

- Dadaş Rzayev - O da həmin hökumətin müdafiə naziri olub, R.Qazıyevi əvəzləyib. Azərbaycan Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyanın sədri, general-mayordur.

- İsgəndər Həmidov-Daxili işlər naziri olub. Bozqurdların lideri kimi tanınan İsgəndər bəy müxalifətdə aktiv simalardan biridir.

- Firudin Cəlilov- AXC hakimiyyətinin təhsil naziri, hazırda təqaüddədir.

- Əli Məsimli-1993-cü ildə iki ay baş nazir postunu tutub, bundan əvvəl də AXC hökumətində baş nazirin birinci müavini olub. Hazırda deputatdır.

- Sülhəddin Əkbər-milli təhlükəsizlik nazirinin birinci müavini işləyib. Azad Demokratlar Partiyasının sədri olan Sülhəddin bəy mətbuatda tez-tez təhlükəsizlik üzrə ekspert kimi çıxış edir.

- Kamil Vəli Nərimanoğlu-baş nazirin müavini olub. Türkiyənin İstanbul Aydın Universitetinin professorudur.

- Vurğun Əyyub-Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri postunu tutub. ADR hərəkatında sədr müavini olan Vurğun bəy Xəzər Universitetinin dosentidir.

- İbrahim Vəliyev-Elçibəy iqtidarında Dövlət Gömrük Komitəsinin sədri kimi çalışıb. Hazırda hüquq elmləri namizədi, BDU-nun dosentidir.

- Fazil Mustafa- 1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. Böyük Quruluş Partiyasının sədri olan F.Mustafa parlamentin üzvüdür.

- Vahid Əhmədov-1992-94-cü illərdə müxtəlif vaxtlarda baş nazirin müavini və birinci müavini vəzifələrini icra edib. Milli Məclisin deputatı olan V.Əhmədov iqtisadçı ekspert kimi mətbuatda aktiv şəkildə iştirak edir...

 

Image result for İxtiyar Şirin

Bu siyahını uzatmaq da olar. Araşdırmamıza yekun olaraq, 20-ci şəxs AXC iqtidarında baş prokuror olmuş, Milli Konqres Partiyasının sədri İxtiyar Şirindir. O hazırda siyasi aləmdə aktiv deyil. “Yeni Müsavat”a bunun səbəblərini açıqlayan İxtiyar bəy Elçibəy komandasının pərən-pərən düşməsindən və hazırda bir araya gəlmələrinin mümkünsüz olmasından söz açdı: “Hesab etmirəm ki, rəhmətlik Elçibəyin vahid bir komandası var idi. Onlar bu gün bir yerdə çalışmalı, yaxud mütləq siyasi fəaliyyətlə məşğul olmalıdırlar. O dövrdən artıq 24 il keçib. O zaman siyasətlə məşğul olan, dövlət vəzifələrində təmsil olunan şəxslər artıq müəyyən yaş həddinə çatıblar. Onların 30-40 yaşlarında göstərdikləri fəaliyyətlə indiki arasında müəyyən fərqlərin olması mütləqdir. Açığı, o dövrdəki komandanın yenidən bir arada olacaqları təqdirdə hansı uğurlar əldə edəcəkləri barədə düşünməmişəm. Amma o dövrdə hakimiyyətdə olan şəxslərin indi bir arada olmalarını mümkün hesab etmirəm. Çünki Elçibəy hökumətində təmsil olunan qüvvələr müxtəlif siyasi cərəyanları təmsil edirdilər. Təbii ki, qüvvələri birləşdirmək istəyən həmin dövrün siyasətçiləri, hakimiyyət nümayəndələri əgər birliyə nail olarlarsa, bunun müəyyən nəticələri ola bilər. Özüm barədə deyə bilərəm ki, ölkəmizin müstəqilliyi, demokratikliyi, insan haqlarının müdafiəsi ilə bağlı əvvəlki fikirlərim necədirsə, elə də qalıb. O məsələləri bu gün Azərbaycanın ən vacib məsələləri sayıram. Bu istiqamətdə fəaliyyət də aparıram. Siyasi fəaliyyətlə də məşğulam. Son dövrlərdə səhhətimdə yaranmış müəyyən problemlərlə bağlı səhhətimlə məşğul olduğumdan siyasi gündəmdə deyiləm. Bu da normaldır”.

 






Fikirlər