“ERMƏNİLƏRƏ kütləvi zərbə endirilməlidir!” – Sabiq nazirdən ÇAGIRIŞ
Alxanlıdakı körpənin ölümü faciədir. Bu gün hər birimizin borcu bir daha belə hadisənin təkrarlanmasına yol verməməkdir. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan ordusunun Alxanlı kəndini atəşə tutması və iki mülki şəxsin, o cümlədən 2 yaşlı uşağın ölümü, bir nəfərin yaralanmasına münasibət bildirərkən deyd edib. Diplomat bildirib ki, bu faciəvi hadisəyə iki cür reaksiya vermək olar: 1. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindəki bütün hərbi infrastrukturuna kütləvi zərbə endirməlidir. Bunun hədəfi isə bizim Ermənistan-Azərbaycan sərhədində tam hərbi nəzarətimizi bərpa etmək olmalıdır. 2. Beynəlxalq ictimaiyyətə bu terrorizm və vandalizm aktının qınanması üçün müraciət olunmalıdır. Eks-nazirin sözlərinə görə, həmsədrlərin reaksiyasını proqnozlaşdırmaq kifayət qədər sadədir: “Onlar hətta insidenti pisləyən şərh də verə bilərlər, amma burada da mütləq atəşkəs rejiminin gücləndirilməsi üçün tədbirlərin reallaşdırılması haqqında fikir olacaq. Onların da şərhi erməni tərəfinin şərhinə bənzəyəcək. Onlar deyəcəklər ki, “Biz axı sizə təklif etmişdik. Siz, Azərbaycan, atəşkəs rejiminin gücləndirilməsi tədbirlərindən imtina edirsiniz. Günahın böyük hissəsi Azərbaycan tərəfinin payına düşür”. Diplomat sonda qeyd edib ki, bu münasibətə görə də konfliktin həlli ilə bağlı siyasətimiz dəyişməlidir: “Bu, belə davam edə bilməz”.