"Ermənistan artıq DÜNYADA ikinci İŞİD kimi QATİLDİR"

 
  İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.
2 yaşlı Zəhranın qətl edilməsi bütün dünyada erməni vəhşiliyi kimi qəbul olunur.
Amma qardaş Türkiyədə bu məsələyə həssaslıq nümayiş etdirilmədi. Halbuki, Azərbaycan cəmiyyəti, xüsusi olaraq da mediamız Türkiyədəki belə məqamlara daim çox isti yanaşıb.
Türkiyə mediası və cəmiyyətinin belə qandonduran olaylara kəskin reaksiyası olub. 2 il əvvəl Aralıq dənizində qanunsuz yolla miqrantları daşıyan qayığın aşması nəticəsində 3 yaşlı suriyalı qız Aylan Kürdinin şəkilləri Türkiyənin tanınmış qəzetlərində manşet olmuşdu. Sosial şəbəkələrdə əksəriyyət 3 yaşlı körpənin ölümünü müzakirə edirdi. Hətta əksər sosial şəbəkə istifadəçiləri onun şəklini öz profillərinə yerləşdirmişdilər.
Bəs 2 yaşlı azərbaycanlı Zəhranın Ermənistan silahlı qüvvələri tərəfindən qətl edilməsi olayına Türkiyədə niyə eyni həssasiyyət göstərilmədi? Görəsən bunun səbəbi nədir? 
 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, Türkiyə Qəzetçilər Federasiyasının (TGF) rəhbəri Mehmet Ali Dim məsələ ilə bağlı silahsız insanların, xüsusən də uşaqların öldürülməsini kəskin şəkildə pisləyib.
"Təəssüf ki, Türkiyə mediasında həssaslıq gedərək azalır. 3 gün əvvəl də Şimali İraqda - Telaferdə  türkmən əsilli insanlarımız, yaşlı, qadın, uşaqlar İŞİD tərəfindən qətl edildi. Bu mövzu da bizim mediamızda işıqlandırılmadı, heç gündəmə belə, gəlmədi. Orada 200 silahsız vətəndaş öldürüldü.
Təbii ki, biz bütün məsələlərdə Azərbaycanın yanındayıq. Biz "Bir millət, iki dövlət” ifadəsinə önəm verən cəmiyyətik. Təəssüf ki, Türkiyədə medianın gündəmi çox fərqlidir. Media daha çox siyasəti, iqtisadiyyatı ön plana çıxarır. Sizin yanaşdığınız mövzularda medianın həssasiyyətində çox ciddi azalma var. Bunu da siyasi, iqtisadi narahatlıqlarla əsaslandırıram. Ümid edirəm ki, həssasiyyətə yenidən sahib olacağıq. Amma azərbaycanlı jurnalistlər də bu məsələdə fəal olmalıdırlar. Yalnız Azərbaycan Parlament Jurnalistləri Birliyinin rəhbəri, dostumuz Elşad Eyvazlı belə məqamlarda bizə müraciət edir. Ötən gün də o, Türkiyədən olan bir neçə deputata, jurnalistlərə, eyni zamanda mənə 2 yaşlı yavrunun qana qəltan edilməsi ilə bağlı məktub göndərmişdi.
2 yaşlı Zəhranın erməni vandalları tərəfindən qətl edilməsi insanlıq adına ləkədir. Bu qətli törədənləri pisləyirik. Ermənistan artıq dünyada ikinci İŞİD kimi qatildir.  Biz çalışacağıq ki, bu mövzu geniş şəkildə Türkiyə mediasında yer alsın. Rəhbəri olduğum TGF belə məsələlərdə hər zaman azərbaycanlı qardaşlarımızın yanındadır”.






Fikirlər