Qafqaz oyanır: Yeni müharibələr başlaya BİLƏR
Əgər Çeçenistan Rusiyadan ayrılsa, o zaman Şimali Qafqazda toqquşmalar müşahidə edəcəyik. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Çeçenistan Rusiyanın tərkibindən çıxmaq üçün hərb variantına da əl ata bilər: “Rusiya ilə 3 müharibə aparan Çeçenistan çox mürəkkəb respublikadır. Azadlığı sevən dövlət olaraq Çeçenistan illər boyu müstəqillik uğrunda mübarizə aparıb. Hazırda burada pərdəarxası münaqişələrin getdiyinin şahidi oluruq: mərkəzdənqaçma tendensiyaları kifayət qədər güclüdür. Çeçenistanın iradəsini, şərtlərini Rusiya nəzərə almalıdır. Əks halda bu münaqişələr yenidən alovlana bilər”. Politoloqun sözlərinə görə, Çeçenistanın Rusiya tərkibindən ayrılmaq istəyi 90-cı illərdən bu yana mövcuddur: “Ola bilər ki, Rusiyanın tərkibindən çıxmaq üçün burada müxtəlif üslublardan istifadə olunacaq, hətta biz yeni müharibəni də müşahidə edə bilərik. Əgər Çeçenistan müstəqil olsa, yaxınlığında olan inquşlar, çərkəzlər, kabardinlər və Şimali Qafqazda yaşayan digər xalqlardan da belə addımlar gözlənilir. Bu isə çox mürəkkəb və qanlı nəticələrə səbəb ola bilər. Ona görə də Rusiya əlindən gələni edəcək ki, tabe olan respublikalar baş qaldırmasın”. Qeyd edək ki, son zamanlar Rusiyada müxalifətin Çeçenistan lideri Ramzan Kadırova qarşı tənqidləri artıb. Kadırovla yanaşı, digər Şimali Qafqaz xalqlarına qarşı da münasibət kəskinləşib. Hətta bəzi ekspertlər Rusiyanın öz azadlığını Çeçenistanda itirdiyini bildirirlər. Bu tənqidlərlə yanaşı. Şimali Qafqazın özündə müəyyən konfliktlər yenidən alovlanmaqdadır. Sovet dövründə müəyyən edilən sərhədlər artıq bəzi xalqlar arasında narazılığa səbəb olub. Belə ki, bir müddət əvvəl çeçenlərlə avarlar arasında ərazi uğrunda toqquşmalar yaşanmışdı. AzerTaym.az