Rəhim Qazıyev Elçibəyin kürəkəninə və Sülhəddin Əkbərə HÜCUM ETDİ

Sabiq nazirə qarşı tərəfin reaksiyası sərt oldu; Millətinə, xalqına, torpağına xəyanət edən şərəfsiz ünsürdür”...

Sabiq müdafiə naziri Rəhim Qazıyev olke.az xəbər portalına geniş müsahibəsində keçmiş prezident Əbülfəz Elçibəy hakimiyyəti, Elçibəy hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər, Elçibəyin kürəkəni Aqil Səmədbəyli haqqında və digər məsələlər barədə qalmaqal yaradan açıqlamalar verib.

R.Qazıyev deyib ki, rus qoşunlarının Azərbaycandan çıxarılmasında Elçibəyin rolu olmayıb: “Düz 164 il Azərbaycanı təpiyi altında əzən rus ordusunun ölkəmizdən çıxarılması haqqında rəsmi protokola mən imza atmışam. Bunu Əbülfəz Elçibəy etməyib, mən etmişəm. İndi bunu Əbülfəz Elçibəyin adına çıxartmaq istəyirlər. Eybi yox, Allah canlarını sağ etsin! Amma rus qoşunlarının Azərbaycandan çıxarılmasında Elçibəyin rolu olmayıb. Bunu mən etmişəm. Sadəcə olaraq, həmin vaxtı dövlət başçısı Əbülfəz Elçibəy olduğu üçün onun adına çıxarırlar. Halbuki 14-15 mayda cəbhəçilər hakimiyyətdə olmayıb. Həmin günlərdə Azərbaycanda hərc-mərclik olub. Cəbhəçilər hakimiyyəti mayın 16-da götürüblər. Mən isə mayın 15-də rus qoşunlarının Azərbaycandan çıxarılması barədə sənədə imza atmışam. Əbülfəz Elçibəy hələ hakimiyyətə gəlməmiş mən Ağdərə əməliyyatını aparmışam. Adamın Allahı olar, axı bunlar nəyə görə mənimlə açıq müzakirələrə gəlmək istəmirlər? Arxamca gedib orada-burada səhv fikirlər söyləyirlər. Məgər mən nəyi səhv deyirəm? Əgər səhvəmsə, niyə onlar mənimlə üz-üzə oturmaqdan qaçırlar? Əgər onlara xəyanət etmişdimsə, bəs nə üçün bunu məhkəmədə sübut edə bilməyiblər? Deyirlər, Rəhim Qazıyev torpağı satıb, xəyanət edib və sairə. Adama deyərlər ki, məgər Azərbaycanın ən ağır günlərində Ali Baş Komandan-prezident olaraq ölkəni atıb Kələkiyə mən getmişdim? Həmin dövlətin başında Əbülfəz Elçibəy, sağında İsa Qəmbər, solunda Pənah Hüseyn, Sülhəddin Əkbər dayanmışdı. Bu adamlar nə üçün özlərində günah görmürlər? Adamın abır-həyası olar. Mən nazir olanda da heç kəsin diktəsi ilə oturub-durmamışam. Ona görə də əleyhimə danışırlar”. 
R.Qazıyev sonra bildirib ki, 1993-cü ildə Əbülfəz Elçibəyin ən ağır vaxtında onun kürəkəni olan Aqil Səmədbəyli qaçıb Türkiyədə gizlənirdi: “Əgər Aqil Səmədbəyli yaxşı adam olsaydı, gəlib qayınatasının ağır vaxtlarında yanında olardı. Həmin fərarilər indi qəhrəmanlıqdan danışırlar. Aqil Səmədbəyliyə sual verirəm: Həmin vaxtı mənim 45 yaşım var idi və Qarabağda vuruşurdum. Bəs sən harada idin?”

R.Qazıyev Sülhəddin Əkbəri də ittiham edib: “1993-cü il fevralın 17-də keçirilən Milli Məclisin iclasında Sülhəddin Əkbər dedi ki, bizim əlimizdə telefon danışıqlarının səs yazısı var, Rəhim Qazıyev ruslarla əlaqələr saxlayır. Həmin iclasda Əbülfəz Elçibəy də iştirak edirdi. Mən ayağa qalxıb, Sülhəddinin ittihamlarına cavab verdim. Dedim ki, Sülhəddin Əkbər, mən 11 və ya 12 fevralda Ağdərədə idim, vəziyyət gərginləşmişdi. Həmin vaxt Gəncədən Şerbakla telefonla danışmışam. Şerbaka demişəm ki, vəziyyət ağırdır, mənə kömək elə, Ağdərədə vəziyyəti düzəldim. Şerbak da mənə bildirdi ki, cənab nazir, siz orada döyüşüb can qoyursunuz, ancaq Cəbhə hakimiyyəti sizi məhv etmək istəyir. Mən isə Şerbaka dedim ki, sən mənə indi kömək göndər, Ağdərədə vəziyyəti düzəldim, içimizdəki əclaflarla da danışacam. Əgər bu telefon danışığından əlavə Sülhəddin Əkbərdə nə isə varsa, ortaya çıxartmasa kişi deyil. Əgər onlar düz olsalar, o zaman Sülhəddin kimi şərəfsizdən üzr istəməsəm, mən kişi deyiləm. Həmin Sülhəddin Əkbər Tibb Universitetinin 3-cü kursunda oxuyanda onu Milli Təhlükəsizlik Nazirliyinə cəlb edən adam Fəxrəddin Təhməzov olub. Zaman keçəndən sonra Fəxrəddin Təhməzov Azərbaycanın milli təhlükəsizlik naziri olub, Sülhəddin Əkbər isə onun birinci müavini olub. Ona görə də Sülhəddinin satqınlığını təkcə mən yox, Qurban Məmmədov və bütün tələbə yoldaşları yaxşı bilirlər. Sülhəddin Əkbər ”KQB"nin agenti olub. O, Əbülfəz Elçibəyin də yanında bilərəkdən oturmuşdu. Təsəvvür edin ki, bir adam haqqında gecə-gündüz şikayət və dedi-qodu danışanda necə olur? Axırda beşinə inanmasan da, onuna inanacaqsan. Məni də gözdən bu cür saldılar. Mən ilk istefa ərizəmi 1992-ci ilin sonunda, ikinci ərizəmi isə 1993-cü ilin noyabrında vermişəm. Heç biri qəbul olunmayıb. Səhvim şərəfsizlərin fitnəsinə uyub istefa verməyimdir. Gərək mən istefa verməyəydim. Bəzən cəbhəçilər deyir ki, guya məni istefaya göndəriblər və sairə. Əgər məni istefaya göndəriblərsə, yalançının zatına lənət olsun! Mən istefa ərizəmi 17 fevral 1993-cü ildə yazıb getmişəm. Bunlar isə mənim istefamı 20-də qəbul ediblər.

Sonra deyirlər ki, guya fevralın 17-də keçirilən Milli Məclisin qapalı iclasında mənim xəyanətlərim açılıb. Ay şərəfsizlər, siz məni nə qədər çox istəyirsiniz ki, indiyədək o xəyanətləri açıb ortaya çıxara bilmirsiniz?!"

Image result for Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Rəhim Qazıyevin cavaba layiq adam olmadığını bildirdi: “O bilir ki, ona heç bir ciddi adam cavab verməyəcək. Ona görə də böhtan və təhqir yağdırmaqla düşünür ki, bəlkə ona reaksiya verilsin. Çünki ona reaksiya verilməsi ona lazımdır. Bir şəxsə ən ağır cavab ona cavab verməməkdir. Onun ağzına gələni danışması bizim ona münasibətimizin düzgün olduğunu bir daha göstərir. Bugünlərdə mən saytlardan birinə geniş açıqlamalar vermişdim. Ermənistan-Azərbaycan münaqişəsinin əslində Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsi olduğunu demişdim, Ermənistanın kiçik düşmən olduğunu, Azərbaycanın böyük düşməninin Rusiya olduğunu açıqlamışdım. Mən gözləyirdim ki, bu açıqlamalara cavab gələcək. Mən böyük bir kitab yazmışam və bugünlərdə, inşallah, nəşr olunacaq. Rus kəşfiyyatının ”Dövlət siyasətinin əsasları" adlı bu kitabın içindən artıq məlumatı şübhəsiz ki, var.

Azərbaycandakı nəşriyyatlarda Rusiyanın agentura şəbəkəsinin olduğunu bilirəm. Kitabda Rusiya-Azərbaycan münasibətlərinin tarixi köklərindən tutmuş bu günə qədərki, dövr imkanlarım çərçivəsində obyektiv qiymətləndirilib. Mən buna görə də Rusiyadan assmetrik cavab gözləyirdim. Maraqla gözləyirdim ki, cavab hansı ünvandan gələcək. Görünür, onlar yeni üsul, yeni mənbə, yeni adam tapa bilməyiblər. Ona görə də köhnə üsulla köhnə adamlarına qayıdıblar. Adını çəkdiyiniz şəxsə mən 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəyin də iştirak etdiyi qapalı iclasda sözümü demişdim. O adam məhz mənim həmin qapalı iclasdakı çıxışımdan sonra istefa vermişdi. Ona görə də yəqin ki, heç vaxt məni unutmayacaq. O vaxt onun əlində Azərbaycanın silahlı qüvvələri var idi, arxasında da Rusiya kimi böyük dövlət dururdu. Mən o adama sözümü onda demişəm. İndi o kimdir ki, mən ona cavab verim?! Mən ona o zaman faktlarla sözümü demişəm. Maraqlıdır ki, üstündən 24 ildən artıq vaxt keçdikdən sonra niyə danışmağa başlayıb. Düşünürəm ki, onu danışdırırlar. Hesab edirəm ki, anonsunu verdiyim kitabım nəşr olunandan sonra mənə hücumlar daha da çoxalacaq. Narahat deyiləm, belə şeylərə öyrəşmişik".

Image result for Aqil Səmədbəyli

Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli isə “Yeni Müsavat”a bildirdi ki, Rəhim Qazıyevin əsassız danışdığını cəmi bir neçə fakt sübut edir: “Mən Türkiyəyə Elçibəyin milli kadr hazırlamaq üçün Türkiyəyə 1991-ci ildə göndərdiyi 50 nəfərlə bərabər getmişəm. 1993-cü ildə Kəlbəcər rayonu işğal ediləndə tələbə yoldaşlarımla bərabər təhsili buraxıb savaşa getmək üçün Bakıya gəlmişik. Məhz prezident Elçibəy tərəfindən geriyə-Türkiyəyə təhsilimizi davam etdirməyə qaytarılmışıq. Mən 1999-cu ildə ailə qurmuşam. Gördüyünüz kimi, Qazıyevin iddiaları əsassızdır”.

Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev isə sosial şəbəkədə Rəhim Qazıyevin Əbülfəz Elçibəy barədə dediklərinə sərt reaksiya verərək sabiq müdafiə nazirini “millətinə, xalqına, torpağına xəyanət edən şərəfsiz ünsür” adlandırıb. O qeyd edib ki, Elçibəy bu cür münasibətdə, baxışda olan kəsləri Tanrı hər zaman rəzil edib və edəcək.






Fikirlər